Bakının sərhədi dəyişdirilir?
Bizi izləyin

Qırmızı.az

Bakının sərhədi dəyişdirilir?

Azərbaycanda Bakı şəhərinin və Abşeron rayonunun sərhədlərinin yenidən müəyyənləşdirilməsi, buradakı yaşayış məntəqələrinin statusuna yenidən baxılması təklif edilir.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycan əhalisi və sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Zakir Eminov Trend-ə bildirib ki, Bakının sərhədləri yenidən müəyyən olunsa, onda şəhərin 2-3 inzibati rayonu ola bilər.

Onun sözlərinə görə, Bakıya bilavasitə birləşmiş olmayan, 15-20 min əhalisi olan Sahil qəsəbəsi şəhər olmalıdır. Həm Bakıdan ayrı olduğu, həm də əhalisinin sayı çoxaldığı üçün Mərdəkan, Şüvəlan da şəhər olmalıdır.

Bakının Zabrat və Pirşağı qəsəbələri arasında yerləşən Abşeron rayonunun Məhəmmədi kəndi xeyli genişləndiyi üçün bura artıq kənd deyil, qəsəbə adlandırılmalıdır. Eyni zamanda, Məhəmmədi Abşerona deyil, Bakıya tabe olmalıdır.

Əhalisi artmış Biləcəri, Bakıxanov, Qaracuxur qəsəbələri də şəhərin bir mikrorayonu, yaxud yaşayış massivi olmalıdır. Bununla yanaşı, Əhmədli və Keşlə də yaşayış massivi olmalıdır: "Əhmədli qəsəbəsi Bakı şəhərinin mərkəzində yerləşir, xüsusi yaşayış məntəqəsi kimi götürülür. Artıq bu məsələ ləğv olunmalıdır. Biləcərinin də qəsəbə adlandırılması düzgün deyil. Bura da yaşayış massivi olmalıdır".

Bakıxanov, Biləcəri, Qaraçuxur, Rəsulzadə artıq şəhərin icində yerləşdikləri üçün qəsəbə adlandırılmalı deyil, onlar artıq Bakının yaşayış massivi olmalıdırlar.

Alim hesab edir ki, yaşayış məntəqələrinin statusuna yenidən baxılarsa, şəhərin genişləndirilməsinin də qarşısı alınar.

Onun sözlərinə görə, hazırda respublika əhalisinin təxminən 30 faizi Bakıda yaşayır. Əhalinin Bakıya gəlməsi, yəni miqrasiya prosesi hələ də davam edir. Dünyanın hər yerində isə əhalinin bir mərkəzdə toplanmasının qarşısı alınır. Əhalinin Bakıya gəlməsinə ehtiyac qalmaması üçün Azərbaycanın böyük sənaye mərkəzlərinin, rayonlarının, şəhərlərinin inkişafını sürətləndirmək lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm