Hadı Rəcəbli: "Şadlıq evlərinin fəaliyyətinə ciddi nəzarət olunmalıdır"
Bizi izləyin

Qırmızı.az

Hadı Rəcəbli: "Şadlıq evlərinin fəaliyyətinə ciddi nəzarət olunmalıdır"

“Yas və toy mərasimlərimizdə israfçılığın olması çox ciddi məsələdir. Əksər hallarda şadlıq evləri toydakı yeməkləri toy sahibinə diktə edirlər”.

Bu fikirləri Publika.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. Onun sözlərinə görə, belə halların qarşısı alınmalıdır: “Qanunlar qəbul etməzdən əvvəl ictimai qınaq olmalıdır. Örnək hesab edilən insanlar özləri nümunə göstərməlidirlər. Bunları qaydalara salmaq düz deyil. Bu, bir çox hallarda bəzi adamların öz var-dövlətini nümayiş etdirməsilə bağlı məsələdir”.

Millət vəkili hesab edir ki, şadlıq evlərinin fəaliyyətinə ciddi nəzarət olunmalıdır: “Elə dövlət qurumları var ki, onlara ciddi nəzarət olunmalıdır. Toy sahiblərindən çox şadlıq evləri yeməkləri diktə edirlər. Soruşanda deyirlər ki, mənim imicim budur, bu yeməyi də verməliyəm. Əslində isə bunun qaydası başqa cür olmalıdır. Şadlıq evlərinin rəhbərlərini çağırıb başa salmaq lazımdır ki, bu şadlıq evlərini kirayə verirsən, ver və de ki, mənim kirayə haqqım bu qədərdir. Ondan sonra toy sahibi gəlsin desin ki, borş istəyir, ya sup istəyir. Lakin əksər şadlıq evlərində deyirlər ki, yalnız bunları yeməlisən. Əgər desən ki, onu yemirəm, deyir yeməsən, sənə burada yer yoxdur”.

Millət vəkili hesab edir ki, mətbuat bu cür camaatı bezdirən şadlıq saraylarının adlarını işıqlandırmalıdır: “Toylara gedirik, səsin əlindən oturmaq olmur. Yemək də ki, tökülür qalır orada. Mətbuat bu cür camaatı bezdirən şadlıq saraylarının adlarını işıqlandırmalıdır. Utanmırlar, pulu da alırlar, şadlıq evi də götürür üç gündən sonra yenə o xörəyi qaytarır adamlara. Adamlar yorulub sizdən, bəsdirin. Şadlıq evləri ilə ciddi məşğul olmaq lazımdır. Bununla məşğul olan qurumlar var ki, bunlar lisenziya alırlar, sanitar-epidemioloji xidmətlərdən nəsə alırlar, səsə nəzarət edən qurumlar var, bunlar hamısı işləməlidir”.

Hadı Rəcəblinin bildirdiyinə görə, qanunla bunun qarşısını almaq mümkün deyil: “Adam deyirsə ki, mən belə toy etmək istəyirəm, ona nə demək olar? Xoşagəlməyən haldır və cəmiyyət buna qarşı artıq ayağa qalxıb. Bizim möhtərəm Prezidentimiz də bununla bağlı həmişə nümunə göstərir, daim bunlarla bağlı irad tutur. Vəzifəli adamlara deyir ki, xeyir işlərini təmtəraqsız etsinlər. Burada daha çox ictimai qınaq olmalıdır, örnək insanlar buna nümunə olmalıdırlar. Bu sahədə xarici ölkələrdən nümunə götürmək olar, Türkiyə, Rusiya, İran toylarından. Gedib baxmaq lazımdır, onlar necə toy keçirirlər, dünyanın heç yerində belə israfçılıqla toy keçirmirlər”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm