• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qənirə Paşayeva: “Mübariz Qurbanlıya təşəkkür edirəm”

Qənirə Paşayeva: “Mübariz Qurbanlıya təşəkkür edirəm”

"İnsanın əzizini ağladığı mərasimdə insanların iştahla yemək yeməsi kimi üzücü mənzərədən xilas olacağımız üçün hamımız sevinməli və bu addımları dəstəkləməliyik”.

Bu fikirləri millət vəkili Qənirə Paşayeva şəxsi facebook səhifəsində bölüşüb. Deputat son günlər Tovuzda kəndləri ziyarət etdiyini və bir neçə hüzr yerinə baş çəkdiyini bildirib:

“Çoxlu sayda insanlar hüzr yerləri ilə bağlı yeni qaydalarla bağlı suallar verirdilər və bunun önəmi barədə xeyli müzakirələr aparırdıq və hər dəfə də vurğulayırdım ki, əslində biz hamımız bundan məmun olmalıyıq. Heç bir müsəlman ölkəsində hüzr yerlərində belə yemək mərasimləri olmur və bu dinimizə görə də əslində günahdır. Millət vəkili olduğum bu 9 il ərzində neçə müraciətlər oldu seçicilərim tərəfindən ki, yaxınlarının hüzr yerində hamı kimi yemək verə bilmək üçün borc alıblar və qaytara bilmirlər. Çətinliklə üzləşiblər. Nə üçün yemək verə bilmək üçün borc alırdınız sualına isə hər zaman eyni cavabı alırdım. Elin qınağından qorxduq ki,sonra deyəcəklər əzizinə normal bir ehsan da vermədi. Vəziyyət belə idi və öz adımdan da, seçicilərim əksəriyyəti adından da Dini Qurumlar üzrə Dövlət Komitəsinə, xüsusilə də Mübariz Qurbanlıya təşəkkür edirəm ki, neçə illərdir nə qədər danışılsa da həllini tapa bilməyən bu məsələnin həlli istiqamətində ciddi addımlar atılmağa başlanıldı”.

Qənirə Paşayeva yas mərasimləri ilə bağlı mövqeyini şəxsi təcrübəsindən çıxış edərək də ifadə edib:

“Qəfil vəfat edən əmimin yasını heç unutmuram. Mən gözüyaşlı idim,ağlayırdım. İnsanlar isə yemək yeyirdilər. Mənə çox ağrıdıcı gəlmişdi və bilirəm ki, bu cür özünü hiss edən insanların sayı çox olub. İnsanların əksəriyyəti hüzr yerləri ilə bağlı son qərarları dəstəkləyir və bəzi insanlarımız da onun önəmini tam anladığı zaman dəstəkləyəcəyinə inanıram. Çünki əslində yas sahiblərininin bir çoxu ciddi çətinliklərdən xilas olub. Nə qədər insanlar vardı ki, onlar hüzrlərində yemək verə bilmək üçün əziyyətlər çəkirdilər. Və onların sayı az deyildi. İndi onlar bundan sonra hüzürə gələnlərin qarnını doyurmaq, bəziləri hətta bunun üçün haradan, kimdən borc alacağı, onu sonra necə qaytaracağı barədə deyil, vəfat etmiş yaxınını son yolçuluğa yola salmaq və himayəsində qalanların taleyini düşünəcəklər. Biz hamımız cəmiyyətin ziyalıları bu addımları dəstəkləməklə bərabər bölgələrdə, kəndlərdə onun tam həyata keçə bilməsi üçün əlimizdən gələni etməliyik”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR