"Yasdan sonra da toylara keçmək lazımdır..."
Bizi izləyin

Qırmızı.az

"Yasdan sonra da toylara keçmək lazımdır..."

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzovun müsahibəsi

- Azərbaycanda yas mərasimlərinin sadə formada keçirilməsinə nail olmaq üçün tədbirlər görülür. Sizcə, bu, doğru addımdır, yoxsa insanların hüquqlarını məhdudlaşdırır?

- Bizdə yas məclisləri ifrat dərəcədə israfçılıqla keçirilir. Nə Quranda, nə digər müqəddəs yazılarda, nə də şəriətdə belə buyurulub. İslamın meydana çıxdığı ərəb ölkələrində də bu cür təmtəraq yoxdur. Digər müsəlman ölkələrində də bu formatda məclis verilmir.

Azərbaycanda yas mərasimlərinin sadələşdirilməsi yönündə atılan addımlar bəzi iş adamlarının narazılığına səbəb ola bilər, amma ümumilikdə islahatlar bütün xalqın istəyi, arzusu, tələbi idi. Bu islahatlara “Naxçıvan modeli” də deyirlər, çünki ilk dəfə Naxçıvan Muxtar Respublikasında ənənə halını alıb. Naxçıvan Ali Məclisinin sədri öz yaxınının mərasimində sadə ehsan verməklə hamıya nümunə göstərib. Bu nümunəni görən camaat da qərara gəlib ki, o, sadə ehsan süfrəsi verirsə, mən niyə belə etməyim? Beləliklə, ənənə formalaşıb.

Amma Bakıda hüzr verən adama məclisin bir iştirakçısı üçün 8 manatdan 48 manata qədər qiymət təklif edirlər. Hüzr mərasimində 500 nəfər iştirak edəcəksə, yiyəsi 20 min manata qədər xərc çəkməlidir. Bu pulu mərhumun sağlığında xərcləsəydi, bəlkə də onun ömrünü 10 il uzadardı və ya yaşayış şəraitini yaxşılaşdırardı. İnsanlar məcburiyyət qarşısında bir-birindən geri qalmır. Nəticədə onların acınacaqlı vəziyyəti hesabına müftəxorlar varlanır. Adamlar var kredit götürüb hüzr mərasimi keçirir, illərlə banklara, ayrı-ayrı insanlara borclu qalır. Bütün bunların qarşısı alınmalı idi. Hələ bir qədər gecikdirilib. Bundan sonra toylara keçmək lazımdır. Belə ifrat dərəcədə toy da ola bilməz. Toy mərasimləri də ailə xoşbəxtliyinə deyil, restoran müdirlərinə işləyir.

- Sizcə, toyları necə tənzimləmək olar?

- Dünya təcrübəsi var. Toy və yas mərasimləri ilə bağlı Tacikistan prezidentinin sərəncamı var. Məclisə nə qədər adam çağırıla, ən yüksək məbləğ neçə manat təşkil edə bilər və digər məqamlar müəyyənləşdirilib. Mən Böyük Britaniyada, Şotlandiyada mərasimlərdə iştirak etmişəm. Evlənənlərə hədiyyə almaq üçün xüsusi mağazalar var. Burada 20 funt-sterlinqdən 3 min funt-sterlinqə qədər dəyərdə hədiyyələr qoyulub, qonaq cibinə uyğun hədiyyə seçir, qəbzi evlənənlərə təqdim edirlər.

İkincisi, kim nə yeyəcəksə, onu sifariş edir, daha bizdəki kimi 30 cür salat, 50 cür isti-soyuq yemək verilmir. Bu yeməklərin çoxuna heç toxunulmur, restoranı işlədənlər onu süfrədən yığıb növbəti gün başqa bir toy yiyəsinə satırlar. Belə hallarda isə bəzən zəhərlənmə baş verir. Bizdə də misal çəkdiyim qaydada mərasim təşkil edilməli, kim nə yemək istəyirsə, sifariş verməli, ona uyğun hədiyyəsi ilə birlikdə ödəniş etməlidir.

- Azərbaycan toylarında menyuların qiymətində də şişirtmələr varmı?

- Təbii ki, toy mərasimlərində də tənzimlənən qiymətlər qoyulmalıdır. Hər kəs fərqli qaydada qidalanır, biri pəhriz saxlayır, digəri ət yemir. Hər kəsə istəyi ilə təklif edilsə, qiymətlərdə tənzimləmə prosesi gedəcək.

- Azərbaycanda əslən Naxçıvandan nazirlər, komitə sədrləri, başqa vəzifələri tutan məmurlar var. Onlar yaxınlarının yas məclislərini hansı formada keçirir? Naxçıvandakı sadə yas qaydasına etiraz edən, müxtəlif təamların verildiyi ehsan süfrələri açmaq istəyənlər olurmu?

- Bakıda yaşayıb işləyənlər də çalışırlar ki, Naxçıvandakı kimi sadə ehsan məclisi versinlər. Bir çox məmurlar buna cəhd edirlər. Amma bəzən ətrafda olan adamların qızışdırması, kənar təsirlər onlara imkan vermir.

Artıq üç və yeddi mərasimləri birləşdirilir, cümə axşamları yığışdırılır, yavaş-yavaş proses gedir. Qəbiristanlıqları heykəltəraşlıq muzeyinə döndəriblər. Hesab edirəm ki, gələcəkdə bu problemlərə də nəzər salmaq lazımdır. Camaat qəbir üstü götürmək məsələsində də əziyyət çəkir. Bu məsələlərdə xalqın tələbi və istəyi nəzərə alınmalıdır.

- Bir müddət əvvəl bacınız rəhmətə gedib. Yas mərasimi Naxçıvanda idi. Necə keçirildi yas məclisi?

- Naxçıvanda maddi durumundan asılı olmayaraq bütün yas mərasimləri eyni formada keçirilir. Bir nüansda da dəyişiklik ola bilməz. Qonşum necə, mən də elə. Süfrəyə artıq nəsə qoyula bilməz. Birincisi, əhali qəbul etmir, ikincisi, insan kimliyindən asılı olmayaraq qoyulmuş ənənəyə uyğunlaşmalıdır.

- Sizcə, bu məsələlərlə bağlı qanunvericilikdə dəyişikliyə ehtiyac varmı?

- Hesab edirəm ki, qaydaları ənənə şəklində formalaşdırmalıyıq. Ziyalılar, elm adamları ictimaiyyət qarşısında çıxış etməlidir, şəxsi nümunə göstərməlidir, televiziya, digər media orqanları vasitəsilə təbliğata qoşulmalıdırlar. Camaat yas mərasimlərinin sadə formada keçirilməsinə hazırdır, buna ikiəlli səs verəcək, bunu çoxdan gözləyirlər.(mediaforum)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm