Azərbaycanda doğulan Ərdoğanlar, Səddamlar, Hüsnü-Mübarəklər və Ayətullah - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda doğulan Ərdoğanlar, Səddamlar, Hüsnü-Mübarəklər və Ayətullah - ARAŞDIRMA

Azərbaycan cəmiyyətində məşhur insanların adlarına həmişə böyük maraq olub. Bu baxımdan bəzi valideynlərin yeni doğulan övladlarına məşhur siyasi liderlərin, müğənnilərin, aktyorların, teleserial qəhrəmanlarının adlarını verməsi təsadüfi deyil. Hətta onlar əcnəbi olsalar belə…

İraqın keçmiş lideri Səddam Hüseynin məşhur vaxtlarında bu ölkədən çox-çox uzaqda yerləşən Azərbaycanda uşaqlarına Səddam adı qoyanlar vardı. Elə indi də belə valideynlər az deyilmiş.


Modern.az saytı son illər Azərbaycanda yeni doğulan uşaqlara məşhur şəxslərin şərəfinə verilən adlarla bağlı araşdırmasını təqdim edir.


Beləliklə, Azərbaycanda körpələrə hansı məşhur əcnəbilərin şərəfinə yeni adlar veriblər?

Modern.az-ın Ədliyyə Nazirliyindən əldə etdiyi məlumatlar çox maraqlıdır. Bu məlumatlardan məlum olur ki, Türkiyənin məşhur siyasi xadimi, keçmiş baş nazir – yeni prezident Rəsəb Tayyib Ərdoğana Azərbaycandakı simpatiya o həddəymiş ki, son 5 ildə 7 körpəyə onun şərəfinə Ərdoğan adı verilib. Bir valideyn isə yeni dünyaya gəlmiş oğlunun adını doğum haqqında şəhadətnamədə Rəcəbtaib yazdırıb.


Hələ bu harasıdır... Ədliyyə Nazirliyinin məlumatına görə, 2010-2014-cü illər ərzində Azərbaycanda doğulan 384 oğlan uşağına Abdullah adı verilib. Güman etmək olar ki, bu, Türkiyənin eks-prezidenti Abdullah Gülün ismi ilə əlaqəlidir. Son 5 ildə dünyaya gələn 30 qız uşağı da Gül adlandırılıb.


Yeri gəlmişkən, Türkiyənin “Kurtlar vadisi pusu” teleserialının Azərbaycanda populyar olduğunu hamı bilir. Bu serialın baş qəhrəmanlarının adları uşaqdan-böyüyə hər kəsin dilində gəzir. Yəqin elə bu səbəbdəndir ki, son 5 ildə ölkəmizdə doğulan 81 körpəyə Ələmdar adı verilib ki, bu da “Kurtlar vadisi pusu”nin əsas qəhrəmanı Polad Ələmdarın təsiri ilə baş verib.


Türk seriallarından söz düşmüşkən, Azərbaycanda maraqla izlənilən “Möhtəşəm Yüzil” adlı ekran əsərinin nümayişi bu yaxınlarda başa çatsa da, onunla bağlı müzakirələr bitmək bilmir. Bu serialnın qəhrəmanları, xüsusilə Hürəm sultanın adı çoxlarının qəlbinə necə yol tapıbsa, 2011-2014-də 17 körpə azərbaycanlı qız övladına Hürrəm adı verilib.

Sultan Süleymanın şahzadələrindən bəhs edən “Möhtəşəm Yüzil” serilanının təsirindən Azərbaycanda anadan olmuş 62 körpə qızın və 4 oğlanın doğum haqqında şəhadətnaməsinə isə Şahzadə adı yazılıb.


Bir neçə il öncə Azərbaycanda böyük tamaşaçı kütləsi qazanan və hər kəsin müzakirə etdiyi İran istehsalı “Həzrəti Yusif” teleserialı yaddaşlardan silinməyib. Ədliyyə Nazirliyindən əldə etdiyimiz məlumata görə, 2010-2014-cü illər ərzində 258 oğlan uşağına Həzrət, 2 körpəyə isə Həzrətiyusif adı verilib.


İrandan bəhs etmişkən, bu ölkədə din xadimlərinin Ayətullah adlı titul daşıdığını bilməmiş deyilsiniz. Azərbaycanda valideynlərinin Ayətullah adı verdiyi bir oğlanın hazırda 4 yaşı var.


Yazının əvvəlində İraqın eks-diktatoru Saddam Hüseynin adını qeyd etmişdik. Ədliyyə Nazirliyinin məlumatına görə, son 5 ildə Azərbaycanda 5 oğlan uşağına Səddam adı qoyulub.


2010-2014-cü illərdə ölkəmizdə dünyaya gəlmiş 5 oğlana və 5 qıza Hüsnü, 3 körpəyə (2 qız, 1 oğlan) isə Mübarək adı verilib. Bu körpələrə Misirin eks-prezidenti Hüsnü Mübarəkin şərəfində belə adlar verildiyini ehtimal etmək olar.


Azərbaycanda Suriyanı qan gölünə döndərən prezident Bəşər Əsədin də yeni doğulan adaşları az deyil. Son 5 ildə ölkəmizdə 2 oğlana Bəşər, 165 oğlana isə Əsəd adı verilib. Ən təəcüblüsü bu il doğulmuş bir körpə qız uşağına da Əsəd adının qoyulmasıdır.


Modern.az saytı Ədliyyə Nazirliyindən daha bir maraqlı məlumat əldə edib. Bu, son 5 ildə Azərbaycanda doğulan 11 oğlana Artur adının verilməsiylə bağlıdır. Bu ad çəkilərkən ağlımıza ilk gələn şəxs ölkəmizin hazırki baş naziri Artur Rasizadə olur.


Ədliyyə Nazirliyinin rəsmi məlumatında 2014-cü ildə yeni doğulan bir oğlan uşağına Marks adının verildiyini görmək bir qədər təəccüblü də olsa, bu, faktdır.

Yazının sonluğu daha maraqlı məlumatdan ibarətdir. Belə ki, Bakıda Qəddafi adlı uşaq da yaşayırmış. Həm də o, başqa millətdən deyil, azərbaycanlıdır. Doğum haqqında şəhadətnaməsinə də belə yazılıb: Qəddafi.
12 yaşlı Qəddafi Bakı şəhəri Nərimanov rayonundakı 73 nömrəli orta məktəbdə oxuyur. Balaca Qəddafinin özü adının mənasını, mənşəyini bilir, ya bilmir, bunu deyə bilmərik. Qəddafinin valideynləri siyasi prosesləri izləməyən sadə adamlardır. Onlar bu adı 12 il öncə telekanalların birindən eşidiblər. Həmin vaxt kanallardan biri Liviyanın məşhur eks-lideri Müəmmər Qəddafinin hansısa ölkəyə səfərindən reportaj verirmiş. Ad valideynlərin xoşuna gəldiyindən o ərəfədə ailədə doğulan oğlan uşağına Qəddafi adını verməyi qərara alıblar. Elə şəhadətnaməsinə də beləcə yazdırıblar – Qəddafi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm