İşə dönmək zamanı
Bizi izləyin

Qırmızı.az

İşə dönmək zamanı

Sentyabrın başlaması dolayısı ilə normal iş qrafikinə keçməyimizə işarədir. Bir çox iş yerlərində işçilər məzuniyyətlərini başa vurub, bəzilərində isə məzuniyyətlərin bitməsinə az qalıb. Lakin heç də hər kəs işə başlayan kimi adaptasiya ola bilmir. İnsanların əksəriyyəti işə uyğunlaşa bilməməkdən şikayətlənirlər.

Məzuniyyəti başa vuranlar işə necə adaptasiya ola bilərlər?

Psixoloq Elnur Rüstəmov bununla bağlı həm işçilərə, həm də rəhbərlərə bəzi məsləhətlər verdi.

Psixoloq deyir ki, məzuniyyətdən sonra işə çətinliklə uyğunlaşmaq normaldır. Bu problem əsasən istirahəti düzgün təşkil etməyən insanlarda daha çox müşahidə edilir.

“Problemi daha çox istədiyi kimi dincələ bilməyən insanlar yaşayır. İstirahətini səmərəli quranların işə adaptasiya olması asan olur. Əks halda, onlarda tətili doğru istifadə edə bilməmələri, növbəti məzuniyyətə çıxacağı ilə bağlı düşüncələr formalaşır ki, bu da aqressiyaya səbəb olur. Bundan qaynaqlanan konfliktlər şəxsin işə adaptasiyasına, kollektivlə münasibətinə təsir göstərə bilər. Ona görə də istirahəti əvvəldən planlaşdırmaq lazımdır”.

Psixoloqun sözlərinə görə, işə daha yaxşı adaptasiya olmaq üçün istirahətin son günləri iş barədə düşünməlisiz:

“İstirahətin son günlərini işə hazırlaşmaq lazımdır. Şəxs məzuniyyətdən sonra hansı işlər görəcəyini düşünməlidir. Bundan başqa, məzuniyyətin son günlərində yuxu sistemini tənzimləməlidirlər. Çünki məzuniyyət günlərində insanlar yuxudan gec qalxırlar. İş prosesinə başlamamışdan əvvəl yeni ideyalar, layihələr haqqında düşünmək lazımdır. Bu da həmin insanı motivasiya edər, işə daha tez adaptasiya olar”.

E.Rüstəmov işçiləri işə cəlb etmək üçün böyük müəssisə rəhbərlərinə də bəzi məsləhətlər verdi:

“Böyük korporasiyalarda işçilərin çoxu məzuniyyətə getdiyindən yay məzuniyyəti başa çatandan sonra hiss ediləcək dəyişiklik edirlər. Bu dəyişikliyin əsasında işçini daha çox işə cəlb etmək, işçinin yeni ideyalar barədə düşünməsi məqsədi durur. Bu da işçilərin işə bağlanmasına kömək edir. Hər bir iri şirkət bu qaydanı tətbiq edib uğurlu nəticə əldə edə bilər”.

Psixoloq yeni tədris ilinin başlanmasına görə şagird və tələbələrin tədrisə adaptasiyasına da toxundu. Onların yeni ideyalar, təhsillərində yeniliklər barədə düşünmələrini məsləhət gördü. Bu deyilənlərə əməl edilsə, həm işə daha tez adaptasiya olacaqlar, həm də səmərəli dincəlmənin nəticəsini görəcəklər.

E.Rüstəmov bildirdi ki, istirahətin uzunmüddətli olması insanı iş həyatından uzaqlaşdırır, tənbəlləşdirir. Istirahəti müddəti 10-15 gün arasında məhdudlaşsa, daha yaxşı olar. Bir ay və daha çox müddətə məzuniyyət götürülməsi məqsədəuyğun hesab edilmir. Məhz bu səbəbdən bir çox iş yerləri uzunmüddətli məzuniyyəti hissələrə bölərək verirlər. Müşahidələr göstərir ki, iş adamları da məzuniyyəti bir neçə dəfəyə götürürlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm