QMİ-dən mollaların lisenziyalaşdırılmasına münasibət
Bizi izləyin

Qırmızı.az

QMİ-dən mollaların lisenziyalaşdırılmasına münasibət

Dini mərkəzin nəzarətində fəaliyyət göstərən, QMİ tərəfindən vəsiqə ilə təmin olunan, təyinat alan, attestasiyadan keçən din xadimlərinin lisenziyalaşdırılmasına ehtiyac yoxdur. Çünki onlar bizim qeydiyyatımızdadır, bütün təminatlarına biz nəzarət edirik.

Bunu Publika.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova millət vəkili Musa Quliyevin mollaların fəaliyyətinin lisenziyalaşdırılması məsələsinə münasibət bildirərkən deyib.

R.Dadaşova bildirib ki, millət vəkilinin açıqlamasında söhbət qeyri-qanuni fəaliyyət göstərən mollaların fəaliyyətinin lisenziyalaşdırılmasından gedir.

“Qafqaz Müsəlmanları İdarəsinin təyinatı ilə işləyən və dini təhsil alan bütün mollalar qeydiyyatdadırlar. Onların fəaliyyəti tənzimlənir. Həmin mollalar QMİ-nin qeydiyyatındadırlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də bu barədə lazımı məlumatlar verilir.Bizim qurumda qeydiyyatda olan mollalar təkmilləşdirmə kurslarına cəlb edilir, sertifikatlaşdırılır”.

QMİ tərəfindən qeydiyyata alınmış mollaların DSMF-yə sosial sığorta haqqı ödəmələri, gəlir verigisi ödəmələrinə gəldikdə, R.Dadaşova bu sahədə işlər görüldüyünü deyib.

Xatırladaq ki, millət vəkili Musa Quliyev Trend-ə açıqlamasında mollalıq fəaliyyətinin lisenziyalaşdırılmasını təklif edib. Millət vəkili bildirib ki, lisenziyalaşma olduqda mollanın gəlirinin necə olacağı, bu gəlirdən vergi ödəyib-ödəməyəcəyi kimi məsələlər də aydınlaşar. Mollalıqla məşğul olanlar bu işdən pul qazanırsa, bunun əvəzində vergi ödəməli, Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta haqqı ödəməklə gələcək pensiyalarını təmin etməlidirlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm