Siyasi partiyaların maliyyələşdirilməsinə yenidən baxıla bilər
Bizi izləyin

Qırmızı.az

Siyasi partiyaların maliyyələşdirilməsinə yenidən baxıla bilər

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi meyarlarının dəyişdirilməsi ilə bağlı Milli Məclisin payız sessiyasında qanunvericilik təşəbbüsü irəli sürüləcək. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov deyib ki, "Siyasi partiyalar haqqında" mövcud qanunda qeyd olunur ki, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür: "Lakin bu gün 3 faizlik səddi aşa bilən partiyalar olmadığına görə bir boşluq yaranıb. Parlamentdə təmsil olunan siyasi partiyalar təklif edirlər ki, əgər 3 faizlik səddi aşan partiya yoxdursa, qalan 10 faiz vəsait proporsional şəkildə parlamentdə təmsil olunan partiyalar arasında bölünsün. Bunun üçün isə qanuna mütləq düzəliş edilməlidir".

S.Novruzov vurğulayıb ki, həmin vəsait büdcədə qalıb və onun qanuni olmadığına görə, hansı formada xərclənməsinə sərəncam verilə bilmir.

Qeyd edək ki, "Siyasi partiyalar haqqında" mövcud qanunda göstərilir ki, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm