“Dillə bağlı həyəcan təbili çalmağın vaxtı çatıb”
Bizi izləyin

Qırmızı.az

“Dillə bağlı həyəcan təbili çalmağın vaxtı çatıb”

“Biz dil məsələsini inzibati müstəvidə həll eləsək, bu, dilə qarşı hörmətsizlik olar”.

Bu sözləri Axar.az-a AMEA-nın Dilçilik İnstitutunun nümayəndəsi Şahlar Göytürk mediada dil normalarının qorunub saxlanılması ilə bağlı məsələni şərh edərkən söyləyib.

Akademik Tofiq Hacıyevin gəlişindən sonra Dilçilik İnstitutunda köklü dəyişikliyin baş verdiyini deyən Şahlar Göytürk mətbuat və televiziya ilə bağlı yeni işlərə start verildiyini də qeyd edib:

“İşin strukturunda, məzmununda, görüləsi işlərin ictimailləşdirilməsində, mətbuata açıq olmasında və digər məsələlərdə şəffaf işlər görülüb. Bunlardan biri də yeni açılmış şöbələrin plan işləri ilə bağlıdır. Məsələn, onların biri Qulu Məhərrəmlinin rəhbərlik etdiyi monitorinq şöbəsidir. Bununla bağlı xeyli işlər görülüb. Həm mətbuatın, həm də televiziyanın dili ilə bağlı yeni işlərə start veriləcək. Bundan başqa, dialektologiya və dil tarixi şöbəsi var idi ki, onların hər ikisi birləşdirilib”.

Dilçi həllini tapmamış normalarla əlaqədar hələlik çevik media qrupunun yaradıldığını bildirib:

“Monitorinq şöbəsində dil qanunlarını pozanlara qarşı tədbirlərin görülməsi nəzərdə tutulub. Bu yaxınlarda sayt rəhbərləri ilə görüşdə də bu müzakirə olundu. Bu məsələlər öz həllini tapana qədər çevik media orqanının olması məsələsinin vacibliyi vurğulandı. Həllini tapmamış normalarla bağlı çevik media qrupu yaradılması qərara alındı ki, o da bu məsələlərə öz münasibətini bildirəcək və mətbuatdakı bəzi mübahisəli məsələləri həmin prinsiplərə uyğunlaşdırılması işlər görəcək. Biz bu çevik media qrupunun üzvləri ilə artıq görüş keçirməliyik”.

Şahlar Göytürk dillə bağlı məsələnin inzibati müstəvidə həll edilməsinin doğru olmadığını vurğulayıb:

“Bu məsələdə əsas sevgi lazımdır. Əgər sevgi olmasa, burada cəzaların heç bir əhəmiyyəti ola bilməz. Biz dil məsələsini inzibati müstəvidə həll eləsək, bu, dilə qarşı hörmətsizlik olar. Hesab edirəm ki, belə olan halda ictimai qınaq və sevgi olmalıdır. Dildə kifayət qədər, narahatedici problemlər var. Artıq həyəcan təbili çalınmalıdır. Axı son 20 ildə bizim mətbuatımız inkişaf edib. Lakin bəzi xəbər başlıqlarına baxanda dəhşətə gəlirəm. Cəmiyyəti nə qədər aldatmaq olar?! Bu qədər aldatmağınız bəsdir! Kim necə istəyir, xəbəri o formada da təqdim edir. Faciə ondan ibarətdir ki, yerli danışıq dili, dialektlər, şivələri ədəbi dilə, məişət dilini isə publisistik üsluba gətirdilər. İndi bunun qarşısını almaq olmur. Ona görə də hesab edirəm ki, bu problemlərin qarşısını almaq üçün müəyyən qədər xəbərdaredici, bir qədər də inzibati resurslardan istifadə olunmalıdır . Jurnalistikaya gələnlərin əksəriyyəti jurnalistikanı bitirməyənlərdir. Dili də düşünən yoxdur. Dil təkcə Dilçilik İnstitutunun problemi deyil, dil bütöv cəmiyyətin, millətin, xalqın problemidir. Ona görə düşünürəm ki, Dilçilik İnstitutunun strukturuna yenidən baxılmalıdır. İndiki halda bu məsələləri ancaq bizim institutumuzun ümidinə buraxsaq, uğurlu nəticə əldə edə bilməyəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm