“Ərim mənimlə fahişə kimi davranırdı” - ŞOK TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

“Ərim mənimlə fahişə kimi davranırdı” - ŞOK TƏFƏRRÜAT

Mingəçevir şəhər sakini, 1977-ci il təvəllüdlü İradə Həsənova həyat yoldaşı İlqar Həsənovu öldürüb.

Teleqraf.com-un xəbərinə görə, hadisə 18 mаrt 2013-cü il tarixdə baş verib. İradə Həsənova cinayəti törədənə kimi şаhmаt məktəbində məşqçi müəllimə işləyib.

O, hadisə baş verən gün saat 14.00-da yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 70, mənzil 16 ünvanında əri İlqar Həsənov tərəfindən döyülüb. İlqar həmin vaxt sərxoş olub. Sərxoş əri tərəfindən döyülən İradə bıçağa əl atıb.

İradə bıçaqla ərinə çoxsaylı zərbərlər vurub. Zərbələrin təsirindən İlqar Həsənov hadisə yerində dünyasını dəyişib. İstintaq orqanı İradənin cinayəti özünü müdafiə olunması üçün törətməsi nəticəsinə gəlib.

İradə Həsənovaya Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib. Cinayət işi baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilib. Cinayət işini hakim Rasim Kazımovun sədrliyi ilə araşdırılıb.

“Sərxoş olanda məni nalayiq sözlərlə söyüb”

İradə Həsənovа onа elаn olunmuş ittihаmlа özünü təqsirli bilib. O, deyib ki, 2007-ci ilin noyabrın 26-da İlqar Həsənov ilə ailə qurub. Onun sözlərinə görə, 2009-cu ildə İldırım adlı bir oğlu olub: “İlqarla evləndikdən sonra təxminən 2 ay müddətində İlqar spirtli içkilər qəbul edib. O, çox sərxoş olmayıb və münasibətlərimiz yaxşı olub. Təxminən 2008-ci ilin yanvar ayından etibarən başa düşdüm ki, İlqar artıq spirtli içki qəbul etmədən yaşaya bilmir. İlqar mütamadi olaraq spirtli içki qəbul edib. O, sərxoş olanda məni nalayiq sözlərlə söyüb”.

“Bəzən gecə saat 3-ə qədər küçədə gözləmişəm”

Təqsirləndirilən şəxs daha sonra qeyd edib: “İlqara cavab verməməyə çalışаrdım. Buna görə də tez-tez evdən çıxıb getmişəm. Bəzən gecə saat 3-ə qədər küçədə gözləmişəm ki, İlqar özünə gəlsin, məni təhqir etməsin və evə girə bilim. İlqar bazarda işləyib. Bazarda satmaq üçün nisyə aldığı malları satdıqdan sonra həmin pulla spirtli içki alıb. Sonra isə həmin malların pullarını ödəmək lazım gələndə məni döyüb və pul tapmağı tələb edib. Sonralar isə İlqar məni mütamadi olaraq səbəbsiz yerə döyməyə başlayıb. İlk dəfə İlqar 2008-ci ilin aprel ayında qaynım Vüqarın İbrahim adlı oğlunun sünnət toyunda camaatın içərisində sillə ilə möhkəm vurub. Evləndikdən sonra çoxlu borcumuz yaranıb. Sonradan mənə məlum olub ki, toyun keçirilməsinə sərf edilmiş pulu İlqar və Vüqar borc götürüblər. Hətta nişan vaxtı gətirilən xonça, mənə alınan paltarlar da nisyə olub. Onların pulunun hamısını sonradan özüm ödəmişəm. Çünki İlqar 10 gündən artıq heç bir yerdə işləməyib. Hər yerdə də borcla işdən çıxıb”.

“İçkili olanda məni təhqir edib pul istəyirdi”

İradə Həsənovanın sözlərinə görə, 2007-ci ilin sonlarında bir ay Müəllimlər İnstitutunun yataqxanasında yaşayıblar. O, deyib ki, İlqarın anasının adına olan Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 70, mənzil 16-da yerləşən evi isə kirayə vermək istəyib: “Buna səbəb borclarımızı ödəmək olub. Lakin İlqarın qardaşı Vüqar tez-tez bizə qonaq gəlib. Vüqar anasının evinin kirayəyə verildiyini eşidib və buna görə də aralarında narazılıq yaranıb. Buna görə də həmin ilin dekabrın 15-də kirayə verilməsi nəzərdə tutulan evə köçdük. Həmin evə köçdükdən sonra bir müddət münasibətimiz yaxşı olub. İlqar spirtli içki qəbul etsə də, məndən gizlədib. Lakin 2008-ci ilin yanvar ayında İlqarın bazarda olan mallarını - meyvələri don vurdu. Bu hadisədən sonra İlqar artıq hər gün spirtli içki qəbul etdi. İlqar içkili olanda məni təhqir edib, döyüb və pul tələb edib. Həmin vaxt bir neçə həftəlik hamilə olmuşam. İlqar məni döydükdən sonra isə hamiləliyim pozulub. Lakin pul olmadığına görə həkimə getməmişəm. Hamiləliyimin İlqarın döyməsinə görə pozulması barədə heç kimə heç nə deməmişəm”.

“Ümid etmişəm ki, İlqar spirtli içkini atacaq”

İradə Həsənova bildirib ki, içkili olmayanda İlqarın xasiyyəti yaxşı olub. Onun sözlərinə görə, İlqar onu mütamadi olaraq döysə də, o, İlqardan boşanmayıb: "Çünki ümid etmişəm ki, İlqar spirtli içkini atacaq. Onun atası da əvvəllər spirtli içki qəbul edib. Sonradan isə spirtli içkini atıb. İnanmışam ki, İlqar da içkini atacaq. Düzdür, bir neçə dəfə boşanmaq istəmişəm. Bunun üçün sənədləri toplayandan sonra məhkəmənin qarşısına getsəm də, sonradan yenə fikrimdən əl çəkmişəm. Bu barədə heç vaxt hüquq-mühafizə orqanlarına şikayət etməmişəm”.

“İlqar uşağımızın başını kəsəcəyi ilə məni hədələyib”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2012-ci ilin dekabrın 29-da tələbə yoldaşı Nuranənin toyunda İlqar 2-3 butulka spirtli içki qəbul edib və toydan sonra restorandan çıxıblar. O, deyib ki, İlqar yolda və evdə onu çox nalayiq söyüşlərlə söyüb: “Bundan sonra biz faktiki olaraq ayrılmışıq. İlqar qardaşı Vüqarın çayxanasında yaşamağa başlayıb. O, çayxanada yaşadığı vaxtlarda da yenə də iş yerinə gəlib. İlqar məndən üzr istəyib. İlqara üz vermədiyimə görə, məni söyüb, hədə-qorxu gəlməyə başlayıb. İlqar birgə nikahımızdan olan uşağımızın başını kəsəcəyi ilə məni hədələyib. Ailə üzvlərim İlqardan ayrılmağımın tərəfdarı olublar. Lakin İlqarın bacısı Rəsmiyyə və Gültəkin evimə gələrək barışmağımızı xahiş ediblər. Onlar İlqarın bir daha spirtli içki içməyəcəyini və işləyəcəyini deyiblər”.

Onun ifadəsinə görə, dekabrın 31-də əvvəlcə İlqar evə gəlib və uşağı aparıb: "Sonra isə İlqar, Rəsmiyyənin oğlu Rəşad və Rəşadın dostu Şaxta Baba paltarında bizə gəliblər. İlqar məndən üzr istəyərək onunla barışmağımı xahiş edib. Bundan sonra İlqarla birlikdə Vüqarın yataqxanadakı evinə getdik və bayramı birlikdə keçirdik. İlqarın qarşısına şərt qoydum və onunla barışdım”.

“İlqar yataq otağında məni təhqir edib”

O, deyib ki, bayramdan iki ay sonra İlqarla barışıb: “İlqarla yaşamaq üçün kirayə ev axtarırdıq. Bu barədə qardaşım Valeri ilə məsləhətləşdim. Valeri özünün yaşadığı Gülşən bağ massivində yerləşən evində yaşaya biləcəyimizi bildirdi. 2013-cü il fevralın 3-də İlqarla birlikdə qardaşımın yaşadığı Gülşən bağ massivində yerləşən evə köçdüK və orada yaşamağa başladıq. Fevralın 10-dan isə İlqar Kür çayının sahilində bir tikintidə fəhlə işləyib. İlqar işlədiyi müddətdə içkili olduğunu görməmişəm. Təxminən bir həftə işlədikdən sonra işdən çıxıb. İlqar yenə də içkili vəziyyətdə evə gəlib və məni söyməyə başlayıb. Qardaşım ona özünü yığışdırmaq barədə xəbərdarlıq edib. Bundan sonra İlqar yataq otağına gedib. Lakin yataq otağında yenə də məni təhqir etməyə davam edib. Buna görə də İlqara boşanacağımı bildirmişəm. İlqar içkili vaxtı boşanmağa razı olub. Lakin ayıldıqdan sonra yenə də yalvararaq boşanmamağı xahiş edib”.

“Mən sənin yoldaşından qorxuram, gecə məni öldürər”

Onun sözlərinə görə, işə getdiyi üçün azyaşlı övladı İldırımı bağçaya qoyub. O, deyib ki, İlraq dəfələrlə uşağın olduğu baxçanın qarşısına gedib və orada dava salaraq müəllimələri təhqir edib: “Hətta İldırımın bağçadakı müəlliməsi Rima məndən xahiş etdi ki, uşağı onun qrupundan çıxarım. Dedi ki, mən sənin yoldaşından qorxuram, gecə məni öldürər, xahiş edirəm, İlqar bir də bura gəlməsin. Mən isə Rima müəllimədən xahiş etdim ki, uşaq onun qrupunda qalsın. Söz verdim ki, İlqar artıq bağçaya getməyəcək”.

İradə Həsənova həmçinin ifadəsində ərinin ona verdiyi işgəncələrindən də danışıb. O, deyib ki, işsiz qalan əri evə daima içkili gəlib, onu söyüb, döyüb, təhqir edib. Onun sözlərinə görə, hamilə olduğu üçün əsəbləşməyib, ərinə əsəbi cavab verməyib. Buna baxmayaraq, əri onu söyüb, döyməkdə davam edib.

“Mən xoşuna gəlmirəm, çıx get başqası ilə yaşa”

İradə Həsənova bildirib ki, İlqar onu əxlaqsız ifadələrlə təhqir edib. Onun sözlərinə görə, əri onunla fahişə kimi davranıb. İradə Həsənova qeyd edib ki, ərinin “Unibank”a xeyli miqdarda borcu yaranıb, həmin borcu qaytarmağa imkanı olmayıb. Onun sözlərinə görə, sonuncu dəfə əri tərəfindən yenə də təhqir olunub: “Ərim məni döyəndən sonra təhqir etməyə başladı. O, “mən xoşuna gəlmirəm, çıx get başqası ilə yaşa” derdi. Atamın gorunu, nəslimi, ailəmi söydü. Bu zaman yataq otağına keçdim ki, gödəkcəsini geyinib işə getsin. Lakin İlqar yenə də məni yataq otağında döyməyə başladı. Üstümə gəldi və dedi ki, səni tikə-tikə edəcəm, ətini çölə tökəcəm, heç kim tapa bilməyəcək. Həmin vaxt yanımızda olan azyaşlı oğlumu kənara itələdim ki, oradan uzaqlaşsın, özüm tez mətbəxə - eyvana çıxdim ki, camaatı köməyə çağırım. Mən qaçmaq istəyəndə İlqar yenə də saçımdan tutdu və məni yenə də vurmağa başladı. Həmin vaxt başımda güclü ağrı hiss etdim. Hamilə olduğum və İlqar da qarnımdan vurduğu üçün halım pisləşdi. Həmin vaxt özümdə olmadığım üçün olanları dəqiq xatırlamıram”.

“Zərbələrin təsiri altında İlqarı vurmuşam”

İradə Həsənovanın sözlərinə görə, həmin an əlinə bıçaq alanda İlqarı öldürmək və ya ona xəsarət yetirmək kimi konkret məqsədi olmayıb: “Həmin vaxt vəziyyəti dərk edə bilməmişəm. Bıçağı götürdükdən sonra İlqar məni qonaq otağına dartdı və orada yenidən məni vurmağa başladı. Başımda güclü ağrı olduğundan iki əlim ilə başımı tutmuşam ki, zərbələr başıma dəyməsin. Başımı tutduqda İlqar qarnıma vurub. Həmin zərbələrin təsiri altında İlqarı vurmuşam”.

O, ifadəsinin sonunda ərinə heç vaxt xəyanət etmədiyini bildirib. Əməlindən peşiman olduğunu deyən İradə Həsənova məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edib.

İradə Həsənova 1 il müddətinə azadlıqdan məhrum edilib. Ona təyin edilmiş cəza dustaqlıqda saxlanıldığı 1 il müddətlə əvəz edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm