Medianı tənzimləyən orqanların məsuliyyəti artır
Bizi izləyin

Qırmızı.az

Medianı tənzimləyən orqanların məsuliyyəti artır

"İndiki dövrdə medianın rolu getdikcə daha da artır. Həm cəmiyyətin, həm də dövlətin qarşısında medianın məsuliyyəti artdıqca, medianı tənzimləyən orqanların da məsuliyyəti artır". Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakıda keçirilən Qara Dəniz Yayım Tənzimləyici Orqanların Forumunun (Black Sea Regulatory Authorities Forum - BRAF) 5-ci illik iclasında çıxışı zamanı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.


Forumda "Yeni media" mövzusuna yenidən baxış keçirilib və "Media maarifləndirilməsi" mövzusunda fikir mübadiləsi aparılıb.


N.Məhərrəmli bildirib ki, bu ildən Azərbaycan bu quruma rəhbərlik edəcək: "Forumda əsas məsələ media maarifləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi olacaq. Bizim həm ikitərəfli, həm çoxtərəfli, həm də beynəlxalq formatda görüşlərə ehtiyacımız var. Bir-birimizdən öyrəniləsi çox şeylər var. Buna görə də biz bu cür görüşləri mütəmadi olaraq keçiririk. Hesab edirəm ki, bu görüşdə medianın maarifləndirilməsi ilə bağlı aparılan müzakirələr gələcək işlərimizdə bizə kömək edəcək".


Şura sədri əlavə edib ki, Forumun əsas məqsədi ölkələr arasında təcrübə mübadiləsi aparmaq, mövcud problemləri dialoq şəklində həll etməkdən ibarətdir: "Hər hansı ölkənin başqa ölkələr qarşısında öhdəliyi yoxdur. Sadəcə, biz əlaqələrimizi koordinasiya edir və fikir mübadiləsi aparırıq, mövcud problemləri həll etməyə çalışırıq".


Daha sonra çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev də Forumun əhəmiyyətindən danışıb.


O bildirib ki, Azərbaycan son illərdə müxtəlif sahələrdə, o cümlədən elektron media sahəsində xeyli irəliləyiş əldə edib: "Bu sahədə yeni dünya təcrübəsinin müxtəlif nailiyyətləri tətbiq olunur. Yeni texnologiyalardan istifadə edilir, təcrübə mübadiləsi aparılır. Təbii ki, bugünkü toplantıda da fikir mübadiləsinin aparılması həm elektron medianın inkişafına öz töhfəsini verəcək, həm də ölkələrimiz arasında ümumi münasibətlərin inkişafına təkan göstərəcək".


Daha sonra BRAF-ın baş katibi doktor Hamit Ersoy, BSEC (Black Sea Economic Cooperation) baş katibinin müavini Trayan Çebeleu çıxış edib.


Forum öz işini bu gün yekunlaşdırır.


Qeyd edək ki, BSEC (Black Sea Economic Cooperation) üzvü olan dövlətlərin yayım tənzimləyici orqanları 2008-ci ildə BSEC-in İstanbuldakı Baş qərargahında toplanıb və Qara Dəniz Yayım Tənzimləyici Orqanların Forumunun (Black Sea Regulatory Authorities Forum - BRAF) yaradılmasını elan edən Birgə Deklarasiya qəbul ediblər. Üzv dövlətlərin nümayəndələri gələcək əməkdaşlıq və yayım sektorunda əsas məsələlərin müzakirəsi məqsədilə BRAF-ın hər il bir üzvünün dəvəti ilə İllik İclasını keçirir. BRAF-ın Daimi Katibliyi Türkiyənin Ankara şəhərində RTÜK-ün binasında yerləşir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm