100 yaşlı kişidən etiraf: “Ömrü boyu bir arvadı öpmüşəm” - REPORTAJ
Bizi izləyin

Qırmızı.az

100 yaşlı kişidən etiraf: “Ömrü boyu bir arvadı öpmüşəm” - REPORTAJ

Gözləri məndən də yaxşı görür, qulaqları məndən də yaxşı eşidir, yaddaşlarına da ki, söz ola bilməz. Yüz dəfə “Maşallah olsun” deyirəm! Əsrin o tayından bu tayına adlayan, “hər kəs yüz il yaşamasa, günah onun özündədir” deyib də ölümə meydan oxuyan uzunömürlülərin qonağıydım. Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Lerik rayonunda təşkil olunan Uzunömürlülərin festivalında gördüklərimdən, eşitdiklərimdən danışacağam ki, sizlər də agah olasınız.

Həmin gün, yəni sentyabrın 8-də Lerikin yaşı 80-i ötmüş 1000-dən artıq ahılı, ağbirçəyi bir məkanda cəm olmuşdu. Elə bil canlı eksponatlardan ibarət bir muzeyə düşmüşdüm. Burada da hər kəs çox-çox qədim, qədim olduğu qədər də dəyərli və misilsiz idi. Hətta yaxınlaşıb onlara əllə toxunanlar var idi ki, görəsən, həqiqətənmi, canlı insanlardır, yoxsa mumiyalanmış varlıqlar?..

Amma bunu mütləq qeyd etməliyəm, bu ahıl insanların cəmləndiyi məkanda elə xoş bir aura var idi ki, insan özünü büsbütün xoşbəxt hiss edirdi. Əlbəttə, yaşı 100-ü ötən ağbirçək və ağsaqqalların üz-gözündən tökülən nurun işığı idi ki, onların sorağına gələn hər kəsə pozitiv hisslər bəxş edirdi. Bu ahıl insanların içərisində ən yaşlısına yaxınlaşdım. Öyrəndim ki, Söhbət Fərziyev “109”un kürəyini yaxın vaxtlarda yerə vurub. Elə zamanın da kürəyini yerə vuran ən uzunömürlü Lerik kişisi Böyük Vətən Müharibəsi veteranıdır, hətta igidliyə görə döşünə medal da taxıblar. Nə az, nə çox, düz 16 uşaq, 48 nəvə və 32 nəticə sahibidir. “Onların hamısını tanıyırsanmı” sualımdan heç xoşlanmadı: “Kişi də öz ailə-uşağını tanımazmı? Mən onlarla nəfəs alıram”.

Söhbət kişi cavanlıq sirlərini bizimlə bölüşdü: ”Nemes”lərin müharibəsinə qədər kolxozda işləmişəm, at sürmüşəm, yer əkmişəm. İş insanın cövhəridir, məni saxlayan çöl-bayır işləri olub. Gecə-gündüz yorulmamışam. Bu saat da işsiz dura bilmərəm. Həyət-baca işlərini özüm görürəm. Hərdən nəvələr-nəticələr deyəndə ki, qocalmısan, indi sənə dincəlmək lazımdır, xətrimə dəyir. Deyirəm ki, yəqin mənim ölməyimi istəyirsiniz, hansı gün iş görməsəm, həmin gün canımı tapşıraram”.

Ağsaqqalın bu sözünə gülüşən nəvələri Söhbət kişinin həm də zarafatcıllığından danışdılar, yumor hissinin güclü olduğunu dedilər.

Nəvələrindən biri onu da qulağıma pıcıldadı ki, bu yaşında babası cavanlardan da çox pul qazanır. Bəli, dövlət ona 800 manata yaxın təqaüd verir. Bütün pullarını ailəsinə, nəvə-nəticələrinə xərcləyən baba cibxərcliyi verməkdən məmnunluq hissi duyur. Hər halda, nəvələri belə deyir...

Ağasaleh Salayevin şəxsiyyət vəsiqəsində yaşı 95 yazılsa da, dediyinə görə, “100”ü adlamağa yaxındır: “A qızım, bizim pasportdakı yaşımız düz yazılmayıb. Çünki o vaxt kağız, sənəd yox idi. Elə təxmini üzümüzə baxıb yazırdılar. Ata-babamın dediyinə inansam, indi yaşım çox olmalıdır”.

Ağasaleh kişi çox yaşamasının sirrini yaxşı və düzgün qidalanması, sürdüyü həyat tərzi ilə əlaqələndirdi: “Əti az yemişəm, amma bolluca süd içmişəm. Bu yaşıma qədər qarınqulu olmamışam, yeməyə acanda əl uzatmışam. Heç vaxt yatarqarına dilimə yemək dəyməyib. Elə nəsə xoşuma gəldi, meylim çəkdi, yemək xatirinə yeyim, yox. Çox yemək insana ziyan gətirər”.

Ömründə dilinə içki və siqaret dəymədiyini deyən ağsaqqal ta uşaqlıqdan oruc tutub, namaz qıldığını deyir: “Həddi-buluğa çatdığım vaxtdan ta bu günə qədər, bir dəfə də olsun, namazımın vaxtını keçirməmişəm. İbadət insanı cavan saxlayar. Bax sən özün ibadət etsən, namaz qılıb, oruc tutsan, yüz yaşa qədər yaşaya bilərsən. Mən özüm yüzdən çox yaşayacağam. Bunu dəqiq bilirəm. Allah-təala deyir ki, yüz il yaşamasan, günah sənin özündədir. Kim az yaşayıbsa, deməli, ömrünü çox mənasız yerə xərcləyib və həyatına son qoyub”.

Həmsöhbətim onu da bildirdi ki, bu çağa qədər heç bir xəstəlikdən müalicə almayıb. Elə ara-sıra naxoşlayanda da Lerikin otlarından-çiçəklərindən çay dəmləyib veriblər, bununla da sağalıb.

Ağasaleh kişinin uzunömürlü qalmaq üçün üç məsləhətini sizə təqdim edirik: “Çox yaşamaq istəyən adam gec-gec çimməlidir. Həftədə bir dəfədən artıq çimmək ziyandır. Səhərlər inək südünü balla qarışdırıb için, günorta güclü qidalanın, axşama isə çalışın yemək yeməyin. Bir də, namaz qılın. Çünki namaz qılan adamda əsəb, gərginlik olmaz. İmanı olanın hər şeyi var, imanı olmayanın heç nəyi olmaz”.

Əvəz İbadov 40 ildən artıq müəllim işlədiyini deyir. Ömrünün uzun olmasının səbəbini isə yaxşılıq etməklə bağlayır: “İnsan yaxşı qazana bilər, amma baxır onu necə xərcləyir. Əgər qazancını tək yeməyib, bir acın qarnını doyursan, Allah o bir qazancını min edər”.

Ağsaqqal indiki cavanlardan da danışdı. Sən demə, onun indiki cavanların geyimindən heç xoşu gəlmirmiş: “Qızlar Avropaya baxıb şalvar geyinir, düzgün deyil. Nəvələrim də şalvar geyinir, amma qadın geyiminə fikir verməlidir”.

Ağsaqqal mənim də cins şalvarıma baxıb məsləhətini əsirgəmədi: “A qızım, sənə uzun paltar bilirsən nə yaraşar. Peyğəmbərimiz deyib ki, isti və soyuqdan libasla qorun. Demirəm e, çarşaba bürünsün qızlar, amma ismətlərini geyimlə qorusunlar. Onda ərləri də onları çox istəyəcək”.

95 yaşlı Narıngi Qubadova uzunömürlülüyünün səbəbini belə izah etdi: “Həyat yoldaşım mənə çox yaxşı baxıb. 30 ildir ki, rəhmətə gedib. Ölməsəydi, daha yaxşı qalardım. Bir dəfə mənə əl qaldırmayıb. Bir dəfə də olsun, sözündən çıxmamışam. Can deyib, can eşitmişik. Mehribançılıq ömrümü uzadıb. Kolxozda işləmişəm, onda canım dəmir kimi idi, indi nəyim qalıb? Yaxşı yemişəm, kərə yağını əridib içirdim e. Çöldə işləmək üçün yaxşı da yeyirdik”.

İndiki qadınların tənbəl olduğunu deyən Narıngi nənə texnikanı qınayır: “Hamısı əllərinin altındadır, paltarı da əlləri ilə yumurlar. Amma bizim vaxtımızda qadınların bir dəqiqə boş vaxtı qalmırdı. Pis şeylər boşluqdan yaranır, a qızım”.

Soruşuram: “Təqaüdünü kimə xərcləyirsən?” Bayaqdan söhbətimizi dinləyən Ağasaleh kişi zarafatından qalmır: “Pensiyası olmasa, onu çoxdan öldürmüşdülər”. Hamı gülüşür.

Adının açıqlanmasını istəməyən bir ağsaqqal isə şok etirafı məni o ki var güldürdü: “Kişinin həyatında bir qadın olar. Ömrü boyu bir arvadı öpmüşəm”.

... Ahıl insanlarla söhbətləşmək doğrudan da insanı saflaşdırır, duruldur. Üz-gözlərindən nur tökülən bu gözəl insanlardan ayrılmaq istəməsəm də, getmək zorundayam. Amma yüzə yüz əminəm ki, bu təəssüratlar məni hələ uzun, daha uzun müddət tərk etməyəcək. Hər kəsə yüz il yaşamaq, ən əsası, sağlam yaşamağı arzu edirəm.

Cəvahir Səlimqızı

Bakı-Lerik-Bakı

Fotolar: Müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm