“Odnoklassniki”dən başlayan xəyanət qətllə bitdi - TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

“Odnoklassniki”dən başlayan xəyanət qətllə bitdi - TƏFƏRRÜAT

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə ittiham olunan Dilavər Əhmədovun cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, Dilavər Əhmədov 2 may 2014-cü il tarixdə, saat 12.00-da ailə üzvləri ilə birlikdə kirayəşin yaşadığı Yasamal rayonu, H.B.Zərdabi küçəsindəki evdə həyat yoldaşı Gövhər Əhmədova ilə mübahisə edib.

Gövhər özünə və uşaqlarına məxsus paltarlarını yığaraq atası evinə getmək istəyib. Buna görə də ər-arvad arasında mübahisə yaranıb. Dilavər onun getməsinin qarşısını almağa çalışıb. Lakin Gövhər Əhmədova təkidlə evdən gedəcəyini və uşaqları da özü ilə apracağını bildirib.

Gövhər Əhmədova həmin vaxt ərini nalayiq sözlərlə təhqir edib. Bu zaman Dilavər həyat yoldaşını öldürmək qərarına gəlib. O, Gövhər Əhmədovanı evin qonaq otağındakı kreslonun ustündə otuzduraraq hər iki əli ilə boğazından tutaraq boğub. Həmin vaxt Gövhər boğulma nəticəsində ölüb. İlkin istintaq araşdırması zamanı məlum olub ki, üç uşaq anası olan Gövhər Əhmədova bir müddət əvvəl “Odnoklassniki”də bir kişi ilə tanış olub. Həmin kişi Gövhərin keçmiş sevgilisi olub. Sosial şəbəkədə yenidən sevgilisini tapan kişi Gövhərlə münasibət qurub. Bir müddət sonra Dilavər Əhmədov bu məsələdən xəbər tutub. Əvvəllər ər-arvad arasında mübahisə olmayıb. Sonradan da mübahisə bunun üstündə düşüb. Dilavər arvadını xəyanət üstündə boğaraq öldürüb.

Arvadını öldürən polis kimdir?

Dilavər Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Dilavər Əhmədov ifadə verib. O, deyib ki, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Böyükdüz kəndində anadan olub. Onun sözlərinə görə, 1995-ci ildə həmin kənddə yerləşən orta məktəbi bitirib və 1997- 1999-cu ilərdə hərbi xidmətdə olub: “2001-ci ildə iş axtarmaq üçün Bakı şəhərinə gəlmişəm. 2002-ci ilə kimi müxtəlif tikinti obyeklərində fəhlə işləmişəm. 2003-cü il noyabr ayında Səbail rayonu polis bölməsində polis vəzifəsinə işə düzəlmişəm. 2004-cü ildə isə köçürmə yolu ilə Binəqədi rayon polis idarəsinə polis nəfəri vəzifəsinə keçirilmişəm. 2011-ci ildə daxili çanaq pozqunluğu ilə təqaüdə çıxmışam. Həmin vaxtdan etibarən heç yerdə işləməmişəm. 2006-cı il aprel ayında Gövhər Əhmədova ilə birgə ailə qurmuşam. Birgə nikahımızdan 2007-ci ildə qızım Fatimə, 2008-ci ildə qızım Xanım, 2011-ci ildə isə oğlum Əli doğulub”.

“Qayınanam ailə işlərimizə çox qarışıb”

Təqsirləndirilən şəxsin sözlərinə görə, ailə qurandan arvadı Gövhər Əhmədova ilə münasibətləri yaxşı olub: “Lakin son iki ayda münasibətlərimiz pisləşdi. Aramızda tez-tez mübahisələr yarandı. Hər dəfə arvadım özünün və uşaqların paltarlarını yığaraq atasıgilə getmək istəyib. Mən isə hər dəfə "uşaqlarımız böyüyür, onların gələcəyi var" deyərək, onu sakitləşdirməyə çalışmışam. Son günlər aramızda olan münaqişə pik həddinə çatdı və artıq evdə dözülməz vəziyyət yarandı. Gövhər Əhmədovaya uşaqların yeməyini və dərmanlarını vaxtı-vaxtında verməməsinə görə irad tutarkən aramızda münaqişə yarandı. Qayınanam Natəvan ailə işlərimizə çox qarışıb. Buna görə mübahisələrimiz daha çox olub. Qaynanam mənə irad tutub. O, deyib ki, evi satıb müalicənə xərcləmisən, təzə ev almırsan, uşaqları gəzdirmirsən, onlarla vaxt keçirtmirsən, uşaqlar ata qayğısı görmür. Qayınanam bunların hamısını qızı Gövhər Əhmədovanın yanında mənə deyib. Gövhər Əhmədova isə bu söhbətə müdaxilə edəndə anası onun tərəfini saxlayıb”.

“Gövhər dilimə gətirə bilmədiyim təhqiramiz ifadə işlətdi”

Dilavər Əhmədovun sözlərinə görə, mayın 2-də Gövhər Əhmədova ilə birgə yaşadıqları evdə olarkən, kiçik qızı Xanım qardaşı Elsevərgildə, böyük qızı və oğlu nənəsi Natəvangildə olublar: “Səhər yuxudan durandan sonra Gövhər Əhmədova deyinərək, "sənlə yaşamaq istəmirəm, artıq həyatdan bezmişəm, fikrim var səninlə ayrılım" sözlərini dedi. Sakitcə Gövhər Əhmədovanı başa salmaq istədim ki, ailənin yaxşı günləri ilə bərabər çətin günləri də var, ona görə səbirli olmaq lazımdır. Buna baxmayaraq, Gövhər ucadan qışqıra-qışqıra dediklərini təkrar etdi. O, "məni axrıncı dəfə görürsən, birdəfəlik gedirəm anamgilə" dedi. Sonra özünün və uşaqların paltarlarını yığmağa başladı. Onu sakitləşdirməyə çalışdım. Sonra Gövhərə dedim ki, evin kişisi mənəm və mən qoymaram sən evdən gedəsən. Gövhər isə mənə dilimə gətirə blmədiyim təhqiramiz ifadə işlətdi. Bu vaxta qədər Gövhər mənə qarşı bu cür ifadə işlətməmişdi. Əsəbləşdiyimdən halım tamam dəyişmişdi. Onun boğazından tutaraq boğmağa başladım. Bir neçə saniyə sonra qəflətən bədəninin boşaldığını hiss etdim. Bu zaman sanki qorxudan ayıldım. Sonra onu yerə uzatdım. Gövhərin özünü ölmüşlüyə qoyduğunu düşünərək bir neçə dəfə “Gövhər, Gövhər” deyərək onu səslədim. Lakin ondan səs gəlmədiyinə görə su gətirdim və üstünə su çilədim. Yenə də onu səslədim. Lakin ondan yenə səs gəlmədi. Sonra Gövhərə "dur ayağa, belə zarafat eləmə" dedim. Lakin ondan səs gəlmədi. Gövhərin öldüyünü biləndən sonra polis idarəsinə gələrək təslim oldum”.

Lakin nə istintaq zamanı, nə də məhkəmə zamanı Dilavər Əhmədov həyat yoldaşının ona xəyanət etməsindən danışmayıb. Hazırda cinayət işi üzrə məhkəmə davam edir.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm