Nazir AŞ Nazirlər Komitəsinin nümayəndəsi ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Nazir AŞ Nazirlər Komitəsinin nümayəndəsi ilə görüşüb

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakıda keçirilən Avropa Şurasının (AŞ) üzv dövlətlərində Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrası üzrə konfrans çərçivəsində AŞ Nazirlər Komitəsinin sosial və səhiyyə məsələləri üzrə məruzəçi qrupunun sədri xanım Ana Vukadinovic ilə görüşüb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, görüşdə AŞ Baş Katibliyinin nümayəndəsi, İnsan ləyaqəti və bərabərlik direktoratlığının ayrı-seçkiliklə mübarizə və sosial birlik departamentinin rəhbəri xanım Mariya Oçoa-Llido və AŞ Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç də iştirak ediblər.

Ölkəmizin sosial-iqtisadi inkişaf dinamikası barədə konkret göstəricilər əsasında məlumat verən S.Müslümov mötəbər beynəlxalq qurumlarla, o cümlədən AŞ ilə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasət kursunun əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Nazir bildirib ki, Azərbaycanla AŞ arasında intensiv xarakter alan əməkdaşlıq ölkəmizin bu Təşkilatın insan hüquqları, həmçinin sosial hüquqlarla bağlı mütərəqqi dəyərlər sisteminə aktiv şəkildə qoşulması ilə müşahidə olunur. Bu vaxta qədər AŞ-nin Azərbaycan tərəfindən ratifikasiya olunmuş 59 konvensiyasından 52-si məhz sosial hüquqlarla bağlıdır. Sosial dövlət statusunu daim gücləndirən Azərbaycan AŞ-nin sosial firavanlığın təminatına yönələn bütün təşəbbüslərini qəbul etməkdə maraqlıdır. Eyni zamanda, ölkəmiz sosial-iqtisadi inkişafın əsas meyarı olan sosial birlik prinsiplərinin təşviqi və təbliği, üzv ölkələr arasında bununla bağlı səmərəli əməkdaşlığın qurulması sahəsində AŞ-nın səylərinə öz töhfəsini verməyə çalışır.

Xanım A.Vukadinovic Azərbaycanın qlobal əhəmiyyətli mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək ənənəsinin sosial birlik məsələləri üzrə də davam etdirməsindən məmnunluğunu ifadə edib.

Qeyd olunub ki, AŞ-na üzv dövlətlərdə Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrası üzrə Bakıda keçirilən konfrans bu mövzu ilə bağlı 2014-cü il ərzində Avropa məkanında ilk geniş tərkibli tədbirdir. Konfrans sosial birlik modelinin tətbiqi sahəsində əldə olunan uğurlu təcrübələrin üzv ölkələrdə mübadiləsi, eləcə də sosial birlik üçün bu və ya digər arzuolunmaz situasiyalardan çıxış yollarının birgə müzakirələrlə müəyyən olunması baxımından xüsusi önəm kəsb edir.

Görüşdə Sosial Birlik üzrə Strategiyanın 2015-ci ildə nəzərdə tutulan icmalı və yenidən işlənməsi, habelə qarşılıqlı əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm