Şadlıq evlərindən israfla bağlı qərara CAVAB
Bizi izləyin

Qırmızı.az

Şadlıq evlərindən israfla bağlı qərara CAVAB

Şadlıq evlərində keçirilən toy mərasimlərində israfçılığın qarşısını almaqla bağlı tədbirlərə start veriləcək. Yeni qaydalara əsasən, süfrəyə düzülən yeməklərin çeşidi və qiymətlərdə azalma olacaq. Restoranlarda menyu 15-25 manat civarında müəyyənləşəcək. Bu barədə axar.az saytı məlumat yayıb. Sayt sentyabrın 15-dən etibarən qərarın qüvvəyə minəcəyini yazıb.

Qaydanın tətbiq olunmasına az qalıb. Bəs restoranlara bu barədə tapşırıq, təlimat verilibmi?

Bunun üçün paytaxtın bəzi restoranlarında olub, məsələni yerində araşdırdıq.

“Cıdır düzü” şadlıq evinin administratoru Şakir bəy bununla bağlı onlara hər hansı göstəriş verilmədiyini bildirdi.

“Bunu gərək yuxarıdan desinlər. Amma qiymətin bir olması mümkün deyil. Bu, yalnız qiyməti 80-100 manat olan yerlərdə tətbiq edilə bilər. Biz isə endirimi özümüz edirik. Məsələn, yer 50 manatdırsa, qonaqlar çox olanda qiyməti bir az aşağı salırıq. Amma çox da endirim edə bilmirik, çünki burda işçiləri çalışır, onlara da maaş vermək lazımdır.

Bu məsələ yaslardakı kimi kompleks olmalıdır. Qiymət həm də müştərilərdən asılıdır. Bəzi müştərilər stolda öz istədiklərinin olmasını tələb edir. İndi toylar yeməkxananı xatırladır. Əslində toy ziyafətdir, bu mərasimin başlanma və bitmə saatı olmalıdır. Bəzən toya saat 8-də qonaq gəlir və yenidən hər şeyin təzələnməsini istəyir, bu isə problemdir. Ən yaxşısı, Avropadakı kimi furşet stolları olsun”.

“Ramin” restoranının administratoru Aida xanım da onlara bu barədə hər hansı tapşırığın verilmədiyini dedi:

“İndi restoran sahibi burda yoxdur, amma mənə heç nə deyilməyib. Onsuz da bizdə qiymətlər çox yüksək deyil. Çalışırıq ki, müştərini razı salaq. Bütün restoranlara vahid qaydanın, qiymətin tətbiqi mümkün deyil. Hər restoranın öz stili, müştərisi var. Kim bahalı yer istəmir, getsin ucuz restoranda toy eləsin. Süfrədə də az yemək olsun. Amma bəzən elə müştəri olur ki, menyuya əlavələr etdirir. Yəni hər şey müştəridən asılıdır. Onsuz da restoranlar iki yerə bölünür, bahalıların qiyməti məlumdur. Ucuzlarda da qiymət 25-35 manat arası dəyişir. Bizdə təxmini belədir, müştəri cibinə uyğun menyunu seçir”.

“Kəmalə-Nərmin” restoranın administratoru İlham bəy də qiymətlərinin münasib olduğunu və endirimlə bağlı hər hansı tapşırıq verilmədiyini dedi:

“Onsuz da bizdə qiymətlər təxminən 25-28 manatdır. Qiyməti bundan aşağı sala bilmərik. İçki vermirik, toy sahibi istəsə özü alıb gətirir. Bəzən bir-iki manat endirim edirik, amma ondan aşağı mümkün deyil. Hesab edirəm ki, bütün restoranlara eyni qiymət qoyulması mümkün deyil. Çünki hər restoranın öz qaydası var. Bu vaxta qədər belə işləmişik. Bahalı restoranların yemək və içki çeşidləri çox olur. Əlavə xidmətləri olur, hər restoranın bazarda öz yeri var”.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, komitə restoran sahibi ilə sifarişçi arasında müqavilə imzalamağı təklif edir. Məqsəd isə mövcud problemin həllinə nail olmaqdır:

“Restoranlarla bağlı əsas tənzimlənmə predmetinə qida məhsullarının keyfiyyəti, köhnə yeməklərin yeni kimi təqdim olunması daxildir. Restoran sahibi ilə istifadəçi arasında müqavilə imzalansa, bu məsələlər həllini tapa bilər. Düzdür, elə sifarişçi ola bilər ki, övladının toyunda bolluğun olmasını istəyir, eləsi də var ki, menyudan seçilmiş yeməklər tələb edir. Hər iki halda müqavilə imzalanmalıdır”.

Baş çəkdiyimiz bütün restoranlarda toy sahibi ilə müqavilə bağladıqlarını bildirdilər. Lakin məlum oldu ki, müştərinin problem yarada biləcəyini hiss edəndə bu yola gedirlər, onunla müqavilə bağlayırlar.

Administratorlar deyir ki, bəzən müştəri ilə menyunu danışırıq, lakin toyun yarısında gəlib fərqli tələblər irəli sürür. İstədiyi olmayanda isə pulu az verəcəyini deyir. Biz də problem yaşamamaq üçün əvvəldən müqavilə bağlamağı üstün tuturuq. Onlar etiraz edəndə isə müqaviləni qarşılarına qoyuruq.

Restoran administratorları hələ ki, onlara israfçılıqla bağlı xəbərdarlıq edilmədiyini dedilər. Görünən odur ki, bu məsələdə heç maraqlı da deyillər. Məlumata görə, vahid menyu və qiymətə əməl etməyən restoranları ağır cəzalar gözləyir. Tövsiyəyə əməl etməyən restoran sahiblərinə isə 4-5 min manat cərimə olunacaqları barədə xəbərdarlıq edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm