Azərbaycanda buğda istehsalında ilk
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda buğda istehsalında ilk

Azərbaycanda ilk dəfə olaraq 80 növ sentetik buğda sortları əkiləcək. Təxminən üç ildən sonra həmin buğda sortlarında yüksək məhsuldarlıq əldə edilməsi üçün istifadə ediləcək. Bu barədə Publika.az-a Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutundan məlumat verilib.

İnstitutun doktorantı Güllər Qədiməliyeva Beynəlxalq Qarğıdalı və Buğdanın Yaxşılaşdırılması üzrə Beynəlxalq Təşkilatın (CIMMYT) Türkiyənin Ankara şəhərində yerləşən tədqiqat mərkəzində 2 aylıq təlim kursu keçib.

Gənc alim təlim çərçivəsində buğda bitkisinin vegetasiya müddətində müxtəlif göstəricilərinin qiymətləndirilməsi, buğdada geniş yayılmış xəstəliklərin tarla və laboratoriya şəraitində tədqiqi, seleksiyada istifadə olunan seçmə metodlarını mənimsəyib. O, bu müddət ərzində beynəlxalq genbanklardan götürülmüş sintetik payızlıq buğda nümunələrini Türkiyənin müxtəlif torpaq-iqlim şəraitlərində qiymətləndirərək, onların içərisindən abiotik və biotik stress amillərinə davamlı olan 80 nümunə seçib. Həmin nümunələr 3 il müddətində Azərbaycanın müxtəlif torpaq-iqlim şəraitlərində də qiymətləndiriləcək.

Ölkənin müxtəlif rayonlarında həmin sentetik buğda sortları əkiləcək. Onların məhsuldarlığı, müxtəlif iqlim şəraitinə davamlılığı öyrənildikdən sonra daha geniş ərazilərdə əkininə imkan yaradılacaq. Bu cür buğda sortlarının artırılması gələcəkdə ölkənin taxıl ehtiyatının yalnız daxili istehsal hesabına ödənilməsinə xidmət edir. Əvvəllər də sentetik buğda sortları yetişdirilsə də, bu qədər geniş çeşiddə tətbiq edilməsi ilk dəfədir.

Qeyd edək ki, G.Qədiməliyeva təlimi Ankarada Tarla Bitkiləri Mərkəzi, Konyada Bahri Dağdaş Beynəlxalq Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu, Eskişehir Tarla Bitkiləri Elmi-Tədqiqat İnstitutunda tədqiqat işləri üzərində aparıb.

G.Qədiməliyeva təcrübə müddəti ərzində Fiziologiya kursunda da iştirak edib. Kursu çərçivəsində bitkilərdə su nəqli xüsusiyyətləri, xlorofil miqdarı, müxtəlif vegetasiya göstəricilərinin normallaşdırılması, bitkilərdə əsas inkişaf mərhələlərinin müəyyənləşdirilməsi, dən məhsuldarlığı və məhsul komponentləri, mövsümi zərərin morfoloji xüsusiyyətlərinin nəzəri və praktikası mövzusunda biliklərə yiyələnib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm