Ramil Usubov ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşdü
Bizi izləyin

Qırmızı.az

Ramil Usubov ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşdü

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Aleksis Şaxtaxtinskini qəbul edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qonağa fəaliyyətində uğurlar arzulayan daxili işlər naziri ATƏT-lə rəhbərlik etdiyi qurum arasında əlaqələrin inkişafından məmnun olduğunu bildirib. Qeyd olunub ki, respublikamızda təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha səmərəli aparılması məqsədilə həmin qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Bakı Ofisi və bir sıra ölkələrdə yerləşən missiyaları ilə sıx əməkdaşlıq əlaqələri yaranıb və bunun nəticəsi olaraq polis fəaliyyətinin təkmilləşdirilməsi sahəsində bir çox əhəmiyyətli tədbirlər və layihələr həyata keçirilib.

ATƏT-in təşkilatçılığı ilə respublikada və xarici dövlətlərdə keçirilən müxtəlif təlim və seminarlarda nazirliyin 2 min nəfərdən çox əməkdaşının iştirak etdiyi, əldə olunmuş təcrübənin praktiki fəaliyyətdə tətbiqi istiqamətində mühüm işlər görüldüyü vurğulanıb.

Daha sonra daxili işlər naziri kriminogen durumla bağlı qısa məlumat verib, ümummilli liderimizin və ölkə Prezidentinin rəhbərliyi ilə yaradılmış sabitlik və təhlükəsizlik şəraitində Azərbaycanın keçdiyi inkişaf yolundan, eyni zamanda, polis fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə bir sıra mötəbər beynəlxalq təşkilatların, o cümlədən ATƏT ekspertlərinin rəyləri nəzərə alınmaqla hazırlanmış zəruri normiativ-hüquqi bazadan, həyata keçirilmiş islahatlardan danışıb.

Qəbul edilmiş yeni qanunların, həmçinin ATƏT-in dəstəyi ilə keçirilən çoxsaylı seminar və treninqlərin şəxsi heyətin peşəkarlığının, dünyagörüşünün artırılmasında, xidməti fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılmasında böyük rolu olduğunu bir daha vurğulayan R.Usubov DİN rəhbərliyi tərəfindən qanunçuluğa, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına ciddi nəzarət edildiyini də diqqətə çatdırıb.

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi A.Şaxtaxtinski səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirib, təmsil etdiyi qurumla Daxili İşlər Nazirliyi arasında faydalı əməkdaşlığın bütün sahələrdə praktik nəticə və səmərə verdiyini, bu əməkdaşlığın daha da inkişaf etməsi, polis fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran müxtəlif layihələrin həyata keçirilməsində bundan sonra da yardımçı olacaqlarını vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm