Gecə klubunda başı dumanlanan gənclərin cinayəti - TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

Gecə klubunda başı dumanlanan gənclərin cinayəti - TƏFƏRRÜAT

Bakının Nizami rayonunda baş verən quldurluq cinayətinin təfərrüatları məlum olub.

Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakinləri Əlisahib Dünyamalıyev və Şamil Quliyev naməlum şəxslərin hücumuna məruz qalıblar. Onların 64 manat pulu və mobil telefonları quldurluq yolu ilə talanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Orxan Məmmədov, Ucar rayon sakini İsmayıl Hüseynov və Astara rayon sakini Şamxal Şahverdiyev tutulublar.

İstintaq araşdırması zamanı cinayətin bəzi təfərrüatları məlum olub. Əlisahib Dünyamalıyev və Şamil Quliyev Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət edərək bildiriblər ki, ofisiant işlədikləri şadlıq sarayından gecə çıxıb evlərinə gedərkən quldurluqla üzləşiblər.

Belə ki, Neftçilər metrostansiyasının yaxınlığındakı parkda tanımadıqları şəxslər onların qarşılarını kəsərək pullarını və mobil telefonlarını əllərindən alıblar. Şamil və Əlisahibin qarşısını kəsən dəstə üzvləri onları bıçaqla öldürəcəkləri ilə hədələyiblər.

Zərərçəkən Şamil Quliyev istintaqa verdiyi ifadəsində hadisəni belə danışıb: “Tanımadığımız şəxslər iş yoldaşım Əlisahibin banka ödəməli olduğu pulunu əlindən alıdlar. Bununla bağlı 24-cü polis bölməsinə şikayət etdik”.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Cəlilabad rayon sakini Orxan Məmmədov, Ucar rayon sakini İsmayıl Hüseynov və Astara rayon sakini Şamxal Şahverdiyev saxlanılaraq istintaqa təhvil veriliblər. Bir-birini 8-ci kilometr bazarında işləyən zaman tanıdıqlarını deyən İsmayıl Hüseynov cinayəti törədən zaman içkili olduqlarını bildirib. Bazarda arabaçı işləyən İsmayıl işdən çıxdıqdan sonra tanışları Orxan Məmmədov və Şamxal Şahverldiyevlə birlikdə gecə klubunda əylənməyə gedib. Klubda spirtli içki qəbul edən gənclər oradan çıxdıqdan sonra Neftçilər metrostansiyasının yaxınlığındakı parka gediblər. Parkda Əlisahib və Şamilin qabaqlarını kəsdiklərini deyən İsmayıl Hüseynovun sözlərinə görə, sadəcə, çörəkpulu istəyiblər.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm