Nəsil qəbiristanlığı, qəbir şəhərciyi və ya kütləvi qəbiristanlıq
Bizi izləyin

Qırmızı.az

Nəsil qəbiristanlığı, qəbir şəhərciyi və ya kütləvi qəbiristanlıq

Bir çox ölkələrdə qəbiristanlıqlar, onların qorunması ilə bağlı qanunlar olsa da, Azərbaycanda bu sahədəki münasibətləri tənzimləyəcək qanunvericilik bazası yoxdur. Milli Məclisin payız sessiyasında “Dəfn işi və qəbiristanlıqlar haqqında” layihə müzakirə olunacaq. Bu barədə Publika.az-a Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Onun sözlərinə görə, bizdə bu sahədəki münasibətlər Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir.

Qanun layihəsi qəbiristanlıqların yeri, qəbir daşları ilə bağlı standartlar, dini ayinlərin icrası və s. məsələləri tənzimləyir.

“Azərbaycanda bir çox hallarda qəbiristanlıqları muzeyə çevirmək istəyənlərin yarışmasının şahidi oluruq. Əslində, İslam adət-ənənəsi ilə müsəlmanın qəbri müəyyən vaxtdan sonra itib getməlidir. Amma orada kimin dəfn olunmasına hörmət əlaməti olaraq müəyyən standartlar işlənib hazırlanmalıdır. Məsələn, Türkiyədə qəbiristanlıqda olan bütün qəbirlər eyni ölçüdədir, hətta yazıları da eyni olur. Bu, bizdə də olsa, daha yaxşı olar. Xüsusən dünyadan köçmüş insanların bir-birindən fərqləndirilməməsi üçün kasıbın da, varlının da məzarı eyni olmalıdır. Ona görə də imkanlı adam gedib ölüsünün məzarı üzərində bir sərdabə düzəldəndə, mərmərdən heykəl qoyanda onun yanında dəfn olunan imkansız bir adamın yaxını özünü necə hiss edəcək? Əgər hamımız Allah qarşısında bərabəriksə, ruhumuz bərabərdirsə, cismimiz niyə bərabər olmasın? Bu mənada həm də belə bir qanunun qəbul olunması bir görkdür. Bu qanunda həm də dini mərasimlərin keçirilməsinin tənzimlənmə elementlərini də qoymaq olar”.

Millət vəkilinin sözlərinə görə, qanun layihəsində özəl qəbiristanlıqlarla bağlı məsələ də əksini tapacaq.

“Özəl qəbiristanlıqlar nəyə görə lazımdır? Əgər kimsə istəyirsə, dünyasını dəyişmiş yaxınına heykəl qoysun, bunu gedib özəl qəbiristanlıqda qoya bilər. Kim istəsə, onun yanında keşikçi qoysun, qoya bilər. Özəl qəbiristanlıq ona görə lazımdır ki, ictimai qəbiristanlıqdan fərqli olaraq, bunlar bəzi xidmətləri göstərə biləcəklər. Oranın yaşıllığı, abadlığı, qorunması da başqa cür ola bilər. Dəfn işini də onlar ayrı cür təşkil edə bilərlər. Bu seçim imkanını da insanlara vermək lazımdır”.

Musa Quliyevin sözlərinə görə, heç bir halda özəl qəbiristanlıqlar bələdiyyə və dövlət qəbiristanlıqlarından böyük olmamalıdır. Özəl qəbiristanlıqlara tətbiq olunan normaları bələdiyyə və dövlət qəbiristanlıqlarına aid etmək olmaz:

“Bələdiyyə və dövlət qəbiristanlıqlarında bütün xidmətlər pulsuz olmalıdır, dövlət vəsaiti hesabına həyata keçirilməlidir. Vətəndaş öləndə dövlət onun ailəsinə dəfn pulu verir, dövlət bu məbləği bir qədər artıraraq qəbristalıqla bağlı bütün xərcləri öz üzərinə götürə bilər. Bu da sosial müdafiənin çox güclü bir elementi ola bilər.

Özəl qəbiristanlıqda isə vətəndaş müəyyən məbləğ ödəməklə müqavilə bağlamalıdır. Qiytmətlərin necə tənzimlənməsinə gəlincə, bunu dövlət tənzimləyə bilər. Beləliklə, ailə-nəsil qəbiristanlığının yaradılması da mümkündür”.

Millət vəkilinin sözlərinə görə, bəzən qəbiristanlıq salınır, müəyyən müddətdən sonra orada sürüşmə hadisəsi baş verir və qəbirlər dağılır. Yeni layihədə bu kimi halların qarşısının alındığını deyən komitə rəsmisi həmçinin bildirib ki, qəbiristanlıqların qorunması, qəbir daşlarının müəyyən standart üzrə hazırlanması da yeni sənəddə əksini tapıb.

M. Quliyev qəbiristanlıqlarla bağlı Rusiyanın çox müfəssəl qanunvericiliyinin olduğunu və Azərbaycanın da bu ölkənin modelindən istifadə etməsini mümkün sayır. Onun sözlərinə görə, bəzi İslam ölkələrinin bu sahədəki də təcrübəsindən yararlanmaq olar.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm