Yas mərasimlərində “vahid pəncərə” sistemi - LAYİHƏ
Bizi izləyin

Qırmızı.az

Yas mərasimlərində “vahid pəncərə” sistemi - LAYİHƏ

Mollaların fəaliyyətinin lisenziyalaşdırılması Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətinə verilməlidir. Bunu Publika.az-a Milli məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev deyib.

“Mollaların fəaliyyətinin lisenziyalaşdırılması vacibdir. Bunu dövlət edə bilməz. Çünki din dövlətdən ayrıdır. Bu, QMİ-nin fəaliyyət sahəsinə aiddir. Amma burada bir nəzarət mexanizmi, ümumi standartlar olmalıdır. Mollanın geyimi, yas mərasimini necə aparma qaydası, fəaliyyətinin maliyyə tərəfləri sivil qaydada həll olunmalıdır”, M. Quliyev bildirib.

Milli Məclisin payız sessiyasında “Dəfn işi və qəbiristanlıqlar haqqında” qanun layihəsinin nüzakirəyə çıxarılacağını vurğulayan Komitə rəsmisi bildirib ki, qanun layihəsində dəfn ayinlərinin, yas mərasimlərinin aparılması, bu sahədə tələb olunan xərclər və s. kimi məsələlər qanunla tənzimlənməlidir.

“Əslində, bizdə adət-ənənələr qanunla tənzimlənməsə də, mərasimlərin tənzimlənmə məsələsini müzakirə edə bilərik. “Dini mərasimi, yas mərasimini kim idarə etməlidir? Molla kimdir? Doğrudur, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) onları attestasiyadan keçirir, sertifikat verir, amma çox adamlar, xüsusən də kənd yerlərində yas mərasimlərini aparanlar QMİ-nin nəzarəti altında deyillər. Onların danışığı, davranışı, əxlaqı, dini bilikləri, geyim forması tələbə cavab verirmi? Bütün bunlar qanunla tənzimlənməlidir”.

Millət vəkilinin sözlərinə görə, dini ayinlərin, xüsusən də dəfn ayinlərinin yerinə yetirilməsilə bağlı xərclər də qanunda öz əksini tapacaq:

“Bəzi mollalar toya gedən müğənnilər kimi gəlir deyir ki, mənim qiymətim budur, mənə bu qədər haqq verin. Bu, doğru deyil. Yaxşı olardı ki, bu münasibətlər sivil bir müstəvidə qurulsun - vətəndaşla məscid arasında müqavilə bağlansın”.

Musa Quliyevin sözlərinə görə, yas mərasimini yola vermək üçün məscid nümayəndəsi yasa gəlməlidir. O zaman məscid də, həmin nümayəndə də məsuliyyət daşıyacaq:

“Bu nümayəndə də QMİ tərəfindən tanınmış bir adam olamlıdır, onun fəaliyyətinə razılıq verilməlidir. QMİ tərəfindən ona sertifikat verilməlidir, o zaman bu adam öz danışığını da, davranışını da biləcək. Müqavilə əsasında yas sahibi məscidə müəyyən qədər vəsait keçirəcək, bu vəsait onun dəfn işini də həll etsin, ayin xərclərini də görsün. Həmin məbləğdən də məscid həmin mollaya maaş versin. Bu da mollaların gələcək sosial müdafiə tədbirlərinin həyata keçirilməsi üçün lazımdır, yəni gələcəkdə mollalar pensiya ala bilsinlər”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm