Ərim telefondakı nömrəni göstərib, gözümün içinə tüpürdü
Bizi izləyin

Qırmızı.az

Ərim telefondakı nömrəni göstərib, gözümün içinə tüpürdü

“İnsan taleyi” layihəsində

Fotoreportyor İsmi Şahzadə ilə paytaxtdakı peşə liseylərindən birinin həyətindəki zibillikləri çəkib reportaj hazırlamaq niyyətimizin alt-üst olmasına səbəb qəfil gələn qadın səsi oldu:

- Siz burda nə edirsiz, bu məktəbdə işləyirsiz?

Salamsız müdaxilə, özü də ərkdən çox, amiranə səs heç də xoşuma gəlmədi. Eyni tonda da cavab verdim:

Adımdan xoşun gəlmədi?

- Siz kimsiz belə?

Qısa, rənglənmiş saçları geriyə daranıb. Dodaqları boyalıdır. Dar qara rəngli reytuz şalvar ona heç yaraşmır da. Ümumiyyətlə, bu qadında nə isə adamı özündən kənar edən görünüş var.

- Mən kiməm? Adım Qənimətdir.

Deyəsən söhbətimizin belə uğursuz alınmasında özünün günahkar olmasını hiss etdi, səsinə şuxluq qatdı:

- Nədir, adımdan xoşun gəlmədi? Yoxsa özümü bəyənmədin? – Güldü. Dodağının rəngi kimi gülüşü də süni idi.

- Mən sizə o barədə elə bir söz demədim axı? – bu mənim onun əlindən yaxamı qurtarmaq cəhdim idi.

- Nə deyəcəksən axı? Baxışların qəribə oldu, adama yanpörtü baxırsan, - deyib gülümsədi və yenə də bizimlə maraqlandı: - Bəs siz kimsiz?

Düz danışmadım, deyəsən

Bu dəfə İsmi tərəfə də göz gəzdirdi. Yersiz müdaxilədən yaxa qurtarmaq istədim və İsmiyə göz vuraraq qadına tərəf saymazyana:

- Mən Hindistandan gəlmiş rejissoram, bu isə operatordur. Burada film çəkəcəyik.

Deyəsən, zarafatımı anladı. Söz güləşdirdi:

- Filminizin adı nə olacaq?

- “Sənin taleyin”...

Və doğurdan da bu yazıda onun taleyini oxumuş olacaqsız... Əslində, talesiz bir insandır. İki oğul anasıdır. “Böyük oğlum avaradır”, - deyən Qənimət, ikinci oğlunun təhsil almasını, sənət sahibi olmasını istəyir:

- Uşağımı bu məktəbə qoymaq istəyirəm ki, oxusun, sənət yiyəsi olsun. Elə bildim burada işləyənsiz... Amma düz danışmadım deyəsən, xətrinizə dəydim.

Kimin adı-sanı var, onlardan yazırsız

Beləliklə, söhbətimiz alındı. Qadına jurnalist olduğumuzu deyib İsmidən onun şəklini çəkməyi xahiş etdim. Etiraz etmədi, sifətindəki vulqar ifadə əriyib yox oldu. Əvəzində gözlərinin dərinliyindən qüssə boylandı, kədər boy verdi.

- Siz də yəqin kimin adı-sanı var, onlardan yazırsız?

“Sən”dən “siz”ə keçməyinin fərqinə vardım. Gülümsədim:

- Yox, Qənimət xanım, mən kimsəsizlərdən, atılmışlardan, talehsizlərdən yazıram. Amma siz heç də kimsəsizə, atılmışa oxşamırsız. Əksinə, deyəsən, sizin kimsə deyiləndən heç də korluğunuz olmaz.

- Onda məndən də yaz. Mən bəlkə də ən talesiz adamam. Kiçik oğlumu oxutmaq istəyirəm. Ona görə bu peşə liseyinə gəlmişəm. Öyrənim görüm hansı ixtisaslar var. Amma deyirlər, burada pul lazımdır.

- İnanmıram peşə məktəbinə pul gərək ola. Deyilənlər yanlış ola bilər. Siz bir direktora müraciət edin. Elə biz də xahiş edərik.

Sevindi. Ancaq direktor yerində deyildi. Məktəbdə yeganə adam olan Fəridə adlı müəllimə direktorun elə indicə getdiyini, sabah saat 8-dən işdə olacağını dedi. “Qənimət xanım sabah gəlsə yaxşı olar”, deyən müəllimə məktəbləri və məktəbin usta və müəllim heyəti, eləcə də direktorları Vidadi Quliyev haqda da xoş sözlər dedi.

Burada məcburi köçkünlər yaşayır

Bəs həyətdəki bu tullantılar, zibillər nədir? – sualımıza Fəridə müəllimə:

- Burada məcburi köçkünlər yaşayır. O ərazidə nə varsa, onlara aiddir, - dedi.

Qənimət xanımla isə söhbətimizi yenidən məktəbin həyətində davam etdirdik. Əslində o özü də bunu istəyirdi. O, taleyindən, yaşayışın çətin olmasından gileyləndi. İşinin çox olması, məktəbə qaçaraq gəlməsi, burada isə kimsənin olmamasına da heyfsləndi.

Ərim şəhid oldu – indi həm kişiyəm, həm arvad

- İşiniz vardısa, siz niyə gəlirdiniz ki? Kişiyə deyəydiz gələydi də.

- Nə kişi? Kişi yoxdur. Özüm həm kişiyəm, həm arvad. Ərim davada şəhid oldu. Öldü, bizi də öldürdü.

Demək, şəhid xanımıdır. Demək, doğurdan da talesizdir. Demək, bunun iztirabları daha çoxdur. Amansız tale, iki oğulla tək qalmaq, onları böyütmək və... Və indi oxuyacağınız acı həyat hekayəti.

- Əriniz nə vaxt şəhid oldu?

- 1993-cü ilin yayında. Füzulinin hansısa kəndində, Alxanlıda, - səhv etmirəmsə, - şəhid oldu, – deyir, sonra yenə də balasının sabahı üçün nigaran olduğunu ifadə edir. - Kiçik oğlum 9-cu sinfi bitirdi. Siz nə məsləhət görürsüz, hansı peşəyə qoyum onu?

300 manat pul istədilər

- Siz oğlunuzla danışın, özü nəyə üstünlük versə, onu da seçin.

Qadının sifətinə yazıqlıq yayılır. Onun köməyə ehtiyacı var. Uşağını sənət sahibi etmək istəyir:

- Xalqlar dostluğu metrosuna yaxın olan 4 saylı peşə liseyində oldum. Direktor Emin müəllimdir. Qoymadılar görüşəm. Kompüter kursu üzrə, yaxud başqa sahə üzrə istəyirdim. 300 manat pul istədilər. Məndə o pul yoxdur axı. Ona görə bura gəldim ki, Vidadi müəllimlə görüşüm.

- İnanmıram burada pul söhbəti olsun - gərək direktorun özü ilə görüşəydiz. Həm də şəhid ailəsisiniz. İnşallah, oğlunuz böyüyər, əsgər gedər, toyunu edərsiz.

Qənimət dodaqlarını büzüb başını buladı:

Onun namusu qapılardadır

- Yox, oğlumu qoymaram əsgər getsin. Kimə görə getsin?

- Onun atası şəhid olub, heç olmasa atasının qisasını alar.

- Onun atası axırıncı dəfə evə gələndə dedim ki, xəstəlik kağızı düzəlt, getmə. Sözümə baxmadı. Dedim, uşaqlar xəstədir, qal. Dedi, mən namussuz adam deyiləm, yoldaşlarım nə deyər! İndi onun namusu qapılardadır. Kafedə işlədim - hər gələn yeyib-içdi, söz atdı. Yaxşı qadın kafedə işləməz dedilər. Yaxşı, bəs kafedə işləməyəydim, harda işləyəydim? İş verirlər adama? Əyinlərinə şalvar geyənlərin hamısını oğraş gördüm, - deyir, sonra səhvini düzəldir, - kimə ki işlə bağlı ağız açdım onları deyirəm.

Ərimin kəndlisi olan müdir məni zorlamaq istədi

- Qənimət xanım, tanış səhnədir. Belə hallar olur. Hər kəs təmiz adam deyil ki.

- Məni ən çox narahat edən o oldu ki, ərimin şəhid olduğu kənddən bir idarə müdiri vardı. Özü də qaçqın düşüb e. Getdim yanına. İşlə bağlı ağız açdım. Cavan idim, baxdı mənə, dedi, dur bir yeri, yerişinə baxım. Yeridim qabağına. Elə yeriyəndə başa düşdüm ki, artıq pis yoldayam, ərimə, onun təmiz, döyüşçü adına xəyanət edirəm. Ərizəmi yazdırdı, referent katibə kimi işə götürdü. Özəl idarə idi. Dəmir qapı-pəncərə düzəldirdilər. İkinci iş günü kabinetindəcə məni zorlamaq istədi. İmkan vermədim, işdən qovdu. Bu şəhid arvadına tamah salsın, mən də oğlumu göndərim elə adam üçün vuruşsun?

- Yox, Qənimət xanım, düz demirsən. Elə insanlar hər yerdə var. Elə bizim ətrafımızda da. Amma uşaq xidmət etsə yaxşıdır...

Qənimət həyatının acı səhifələrini vərəqləyir. Ona etinasız qulaq asmaq olmur. Danışır və məlum olur ki, ərindən sonra onun həyatı məşəqqət içində keçib. Əzab-əziyyətə qatlaşıb, qohum-əqrəbanın köməyi olmadan uşaqlarını böyüdüb. Məni düşündürən bir məsələ də o idi ki, indi eşidəcəyiniz hekayəti gözlərini də qırpmadan danışırdı. Sanki bu həyatla dil tapmışdı, ağrımırdı da. O danışırdı:

Az qalırdılar şəhid arvadını soyunduralar

- Xaçmazda anadan olmuşam. Qubaya gəlin köçdüm. Pis yaşamırdıq. Yoldaşım məni də götürüb Bakıya gətirdi. İşə düzəldi. Sonra müharibə başladı. O, elə meydandan cəbhəyə getdi. İki oğlumuz vardı. Ona deyirdim ki, sən vuruşursan, amma burada kişilər dükan-bazara gedəndə mənə söz atırlar. “Fikir vermə” deyirdi. Onlar ana-bacı qədri bilməyənlərdi. Özü şəhid oldu, canını qurtardı. Onun ölümünə görə uşaqlara pul verirlər. O sənədi də düzəldənə qədər öldüm-dirildim. Qadınlar həssas olur. Hiss edirdim ki, bu nadürüstlər dilləri ilə söz deməsələr də, gözləri ilə az qalırdılar şəhid arvadını soyunduralar. Pis deyildim axı, ərimin ölümü, insanların azğınlığı məni bu günə saldı. Nə isə, o pulla uşaq saxlamaq, evin xərcini çəkmə mümkün deyildi. İşə düzəldim, işlədim, dul olduğumu bilib ürək açdılar, səni belə saxlayaram, belə başına dönərəm. Bir neçə yerdən könüllü uzaqlaşdım. Balalarıma bir qarın çörək qazanmaqdan ötrü kimlərə boyun əymədim ki! Çoxu da nakişi çıxdı. Əvvəl dedilər, şəhid ailəsisən, sənə diqqət etmək, əl tutmaq borcumuzdur, sonra da girişdilər mənə. Mən heç kəsə inanmıram. Elə sənə də inanmıram. Bayaq deyirsən Hindistandan gəlmişəm, kino çəkirəm.

Güldüm. Aramızda səmimi söhbət yaranıb deyə, sən deyərək müraciət edirik:

- Sən də axı çox başılovlu gəldin. Salamsız-kəlamsız xox gəldin adama. Yaxşı, Qənimət xanım, indi harda işləyirsən, necə dolanırsan?

- Əhmədli metrosunun yaxınlığında kafe götürdüm. İndi oranı işlədirəm. Sən bax da kafelər məni abırdan saldı, amma özümü indi başqa yerdə də görə bilmirəm. Kafe işlədirəm.

Ərim gözlərimin içinə tüpürdü

- Ərini yuxuda görürsən?

- Əvvəllər görürdüm. İndi heç yuxuma da gəlmir. Yadıma da az-az düşür. İşim çox olur. Həyatım onun və mənim özümün arzuladığımız həyat olmadı. Yuxuma gəlməsini istəmirəm. Nə deyəcəm ona? Onsuz da bir dəfə yuxuda mənim gözlərimin içinə tüpürdü.

Ani sükuta daldı. Yox, yanılmışam. Bu qadın ağlaya bilir. Onun göz yaşları ürəyinə axır. Dodaqları titrədi. Ucuz, süni dodaq boyası dartıldı, çat verdi. Dodaqlarının təbii rəngi göründü – bom-boz idi. Elə həyatı kimi. Sonra üzümə baxdı, bu dəfə hıçqırtı ilə dilləndi:

- Yuxuma gəldi. Əsgər paltarında idi. Gözəl görünürdü. Silahı da var idi. Üstünə cumdum, qucaqlayıb öpmək istədim. Baxışlarından hiss etdim ki, bunu istəmir. “Telefonunu ver mənə”, - dedi. Verdim. Nömrələrə baxdı, bir nömrə vardı, onu mənə göstərdi. “Bax, - dedi, baxdım, - gözlərini geniş aç, - dedi. Açdım. Gözümün içinə tüpürdü.

Bu dəfə Qəniməti hıçqırıq boğdu. Artıq onun ürəyi göz yaşlarından daşlanmışdı. Yaşlar yanağı boyu axırdı. Kiçik dəsmalı ilə göz yaşlarını qurutdu:

- Yuxudan ayıldım. Gördüm, qan-tərin içindəyəm. Tez telefonu əlimə aldım. Həmin nömrəni sildim. Sabah işə getdim. Onda bir gözəllik salonunda işləyirdim. Yerin sahibi iki ay idi ki, məni administrator vəzifəsinə işə götürmüşdü. Yaxşı da maaş verirdi. Həmin axşam işdən tez çıxıb onun bağına getmişdik, çörək yemişdik, mənə söz vermişdi ki, uşaqlarıma qayğı ilə yanaşacaq. Nə isə, iş yerinə gəlib əşyalarımı yığışdırdım. Bundan sonra heç yuxuma gəlmədi. Telefonuma isə çoxlu sayda nömrələr yazıldı...

Qənimət xanıma həyat hekayəsini danışdırmaq mənim üçün heç də asan olmadı. Bunu göydə Allah, yerdə İsmi və Qənimət xanımın özü təsdiq edə bilər.

Sonda Qənimət xanımın oğlunun oxuması üçün 4 saylı peşə liseyində də olduq. Lakin məktəbin direktoru Emin müəllim iş yerində olsa da, jurnalist olduğumuzu bilib qəbul etmədi. Katibə xanım:

- Qəbulla direktor müavini məşğul olur, o isə yerində yoxdur, - dedi...

Faiq Balabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm