Müsəlman qəbri itsin, ya itməsin? - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Müsəlman qəbri itsin, ya itməsin? - FOTOLAR

Yas və toy mərasimlərindəki israfçılıq, təmtəraq son günlərin əsas müzakirə mövzusudur.

Məsələ ilə bağlı rayon, şəhər icra hakimiyyətləri tərəfindən tapşırıq veriləndən sonra yas mərasimlərindəki mövcud vəziyyət müsbətə doğru dəyişməyə başlayıb. Əlbəttə, qaydalara əməl etməyib, ölüsünə istədiyi kimi ehsan verənlər də az deyil.

Bu müzakirələrin tərkib hissəsi olaraq qəbir abidələri və onlardakı dəbdəbə məsələsi gündəmə gəlib. Göstərişi sevən xalq olaraq rəhmətə gedən yaxınımızı dəfn etmək üçün böyük ərazi almaq, qəbirlər üzərində abidə qaldırmaq, qəbirləri hasarlamaq və s. bu kimi tədbirləri qabartmaq adi hala çevrilib.

Dəbdəbəli qəbirlərlə bağlı bir müddət əvvəl, hələ məsələ gündəmə gəlmədən öncə araşdırma aparmışdır. Din xadimləri bu məsələ ilə bağlı ölü sahiblərinə tövsiyə verməkdən başqa əllərindən bir iş gəlmədiklərini bildirmişdi.

Bəzi icra hakimiyyətlərinin qəbir daşları hazırlayan sahibkarlara dəbdəbəli başdaşları ilə bağlı sifariş qəbul etməmələri barədə tapşırıq verdikləri qeyd edilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da qəbiristanlıqla, qəbir yerləri ilə bağlı qanunvericilikdə yeniliyə ehtiyac olduğunu deyib.

Qafqaz Müsəlmanları İdarəsindən də Publika.az-a bu məsələdə yeni qanunvericiliyə və ictimai müzakirəyə ehtiyac olduğu bildirilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı hazırda qəbir daşları ilə bağlı standartın olmadığını deyib:

“Maraqlı tərəflər bununla bağlı Komitəyə müraciət edərsə, bu məsələyə baxıla bilər. Lakin hələ ki, komitə tərəfindən belə bir standart layihəsi haqqında düşünülmür”.

Millət vəkili Musa Quliyev bildirib ki, “Dəfn işi və qəbiristanlıqlar haqqında” layihə Milli Məclisin payız sessiyasında müzakirə olunacaq.

“Azərbaycanda bir çox hallarda qəbiristanlıqları muzeyə çevirmək istəyənlərin yarışmasının şahidi oluruq. Əslində, İslam adət-ənənəsi ilə müsəlmanın qəbri müəyyən vaxtdan sonra itib getməlidir. Amma orada kimin dəfn olunmasına hörmət əlaməti olaraq müəyyən standartlar işlənib hazırlanmalıdır. Məsələn, Türkiyədə qəbiristanlıqda olan bütün qəbirlər eyni ölçüdədir, hətta yazıları da eyni olur. Bu, bizdə də olsa, daha yaxşı olar. Xüsusən dünyadan köçmüş insanların bir-birindən fərqləndirilməməsi üçün kasıbın da, varlının da məzarı eyni olmalıdır. Ona görə də imkanlı adam gedib ölüsünün məzarı üzərində bir sərdabə düzəldəndə, mərmərdən heykəl qoyanda onun yanında dəfn olunan imkansız bir adamın yaxını özünü necə hiss edəcək? Əgər hamımız Allah qarşısında bərabəriksə, ruhumuz bərabərdirsə, cismimiz niyə bərabər olmasın? Bu mənada həm də belə bir qanunun qəbul olunması bir görkdür. Bu qanunda həm də dini mərasimlərin keçirilməsinin tənzimlənmə elementlərini də qoymaq olar”.

Bəs yas mərasimlərinə görə tövsiyə verən icra hakimiyyətləri bu barədə nə düşünür?

Sumqayıt Şəhər İcra hakimiyyətindən bildirdilər ki, vətəndaşlara yalnız yas mərasimləri ilə bağlı tövsiyə xarakterli müraciət edilib. Qəbir daşları ilə bağlı hələ ki, İcra Hakimiyyəti tərəfindən hər hansı təklif irəli sürülməyib. Bu məsələ qanun layihəsi şəklində hazırlansa, onun tətbiqi üçün işlər aparıla bilər.

Gəncə Şəhər İcra Hakimiyyətindən bildirdilər ki, bu məsələ ilə bağlı əhaliyə tövsiyə verilib.

“Yas mərasimləri ilə bağlı məsləhətlər verilərkən, bu məqam da ora daxil edilib. Çünki müsəlmanın qəbri itməlidir. Bu tövsiyələrin hazırlanmasında din xadimləri, ağsaqqallar, rayon ictimaiyyəti iştirak edib. Qəbir daşlarının necə olması ilə bağlı konkret qərar olmasa da, bu məsələnin araşdırılması üçün komissiya yaradılıb. Həmin komissiyalara bu məsələlərin araşdırılması tövsiyə edilib”.

Hacı Şahin Həsənli isə bildirib ki, başdaşları ilə bağlı da qanunvericilik bazası hazırlanmalıdır.

“Baş daşlarının qadağan olunması ilə bağlı yaxın vaxtlar qanun layihəsi hazırlana bilər. Bununla bağlı Mübariz Qurbanlı da təkliflə çıxış edib. Hətta, yaxın gələcəkdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən bununla bağlı təkliflər Milli Məclisə təqdim edilə bilər. Çünki bu məsələlərin hər biri dinimizə tam ziddir. Yəni, qəbirüstü abidələrə böyük pul xərclənməsi israfçılıqdan başqa bir şey deyil. Ona görə də bütün bu məsələlər kompleks şəkildə həll edilməlidir. Bunun üçün də dini təfəkkürümüzdə islahat aparılmalıdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm