"Həkim işinə görə maaş alacaq"
Bizi izləyin

Qırmızı.az

"Həkim işinə görə maaş alacaq"

Səhiyyə müəssisəsinin dövlətin ayırdığı vəsait hesabına indiki formada maliyyələşməsi onun fəaliyyətində kreativ yanaşmalara, daha yaxşı xidmət təklif etməyə, vəsaitlərdən səmərəli istifadə etməyə və s. stimul yeri qoymur.

Publika.az-ın məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov “Azərbaycan” qəzetinə İcbari Tibbi Sığorta ilə bağlı müsahibəsində deyib.

Ə.Əhmədov onu da bildirib ki, təqdim olunan xidmətin keyfiyyətindən asılı olmayaraq səhiyyə müəssisəsi ayrılan dövlət vəsaitini alır, həkimlərin və tibb personalının məvacibləri isə vaxtlı vaxtında ödənilir. Nəticədə səhiyyə müəssisəsində bir növ, arxayınçılıq ab-havası yaranır:

“İcbari tibbi sığortaya keçid bu ab-havanı birdəfəlik sındırır, çünki səhiyyə müəssisəsi göstərdiyi xidmətin kəmiyyətinə və keyfiyyətinə müvafiq olaraq maliyyələşəcək. İndi artıq hər manatı qazanmaq lazım gələcək. Deməli, səhiyyə müəssisəsinin idarə olunması prinsip etibarı ilə dəyişəcək. Xəstəxana rəhbəri yalnız büdcədən ayrılan vəsaiti bölüşdürməklə öz işini bitmiş hesab edə bilməyəcək, əksinə, müəssisənin saxlanılması və məvaciblərin verilməsi üçün vəsait qazanmaq qayğısı ilə yaşamalı olacaq. Ənənəvi "baş həkim" rolu "menecer baş həkim" rolu ilə əvəzlənəcək”.

Baş nazirin müavini bildirib ki, icbari tibbi sığorta tətbiq edildikdən sonra rollar da dəyişəcək: indi vətəndaş ödədiyi (və ya dövlətin konkret onun üçün ödədiyi) haqqın müqabilində ona keyfiyyətli xidmət göstərilməsini tələb edə biləcək:

“Bir yandan dövlətin ayırdığı vəsait daha səmərəli istifadə olunacaq, digər yandan isə neqativ hallar aradan qalxacaq. Həkim sadəcə, işlədiyinə, işə gəldiyinə görə deyil, göstərdiyi xidmətə və onun keyfiyyətinə görə maaş alacaq. Səhiyyə müəssisəsinin maliyyələşməsi də eyni prinsip əsasında həyata keçiriləcək. Nəticədə səhiyyə üçün ayrılan dövlət vəsaiti hesabına daha çox sayda pasientə daha keyfiyyətli tibbi xidmət göstərmək mümkün olacaq. Bax bu, ayrıca vurğulamaq istəyirəm, icbari tibbi sığorta sisteminin ikinci mühüm mənası, daha doğrusu, üstünlüyü sayılmalıdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm