Nikahdan qabaq müayinə olunun, yoxsa...
Bizi izləyin

Qırmızı.az

Nikahdan qabaq müayinə olunun, yoxsa...

Azərbaycanda evlənənlərin nikahdan öncə tibbi müayinədən keçməsi məcburi ola bilər. Bu barədə Publika.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, komitə tərəfindən Parlamentin payız sessiyasında Ailə Məcəlləsinə əlavə və dəyişikliklə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq.

“Xeyli vaxt idi gündəmdə olan nikaha girən şəxslərin icbari tibbi müayinəsilə bağlı məsələ artıq reallaşıb. Bəzi cinsi və irsi yolla keçən xəstəliklərin qarşısını almaq üçün bir çox ölkələrdə qanun çərçivəsində müəyyən tədbirlər həyata keçirilsə də, Azərbaycanda indiyə qədər bu təcrübə tətbiq olunmayıb. Nikaha girən şəxsin hüququdur ki bilsin, onun partnyoru, tərəf müqabili hansı bir xəstəliyin daşıyıcısıdır, ya yox. Ona partnyorundan hər hansı xəstəlik keçə bilərmi”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda talassemiya, hemofiliya xəstəliklərinin kifayət qədər geniş yayıldığını nəzərə alsaq, bu qanunun nə qədər əhəmiyyətli olacağını təxmin etmək olar.

Musa Quliyevin sözlərinə görə, dövlətin bu xəstəliklərin müalicəsi və profilaktikası üçün külli miqdarda vəsait ayırmasına baxmayaraq, önəmli bir nəticə əldə edə bilməmişik.

“Bəzən valideynlər ruhi xəstə övladını tez evləndirirlər ki, evlənsə sağalacaq. Lakin bu səhv fikridir. Bu şəxslərin övladları ruhi xəstələr doğulacaq. Və ya talassemiya daşıyıcıları olan qızla oğlan evlənərsə, onların doğulacaq övladları talassemiya xəstəsi olacaq. Belə uşaqlar isə 18-20 yaşına qədər yaşayır”.

Millət vəkili bildirib ki, dünyada ən çox yayılan təhlükəli xəstəliklər QİÇS və hepatit xəstəlikləridir ki, bunlar da bir çox hallarda cinsi yolla keçirlər. Nikaha girən şəxslərin bəziləri bu xəstəliklərin daşıyıcısı olduqlarını bilmirlər, bəziləri bilir, bu xəstəliyin tərəf müqabilinə keçəcəyini bilmirlər, istənilən halda bunun qarşısını almaq üçün qanuna böyük ehtiyac var.

Layihədə nikaha girən şəxslərin müayinəsinin nəticələri sirr kimi saxlanılaması nəzərdə tutulur. Müayinədən keçən şəxslərdən başqa, heç kəs bu nəticələr barədə məlumat almamalıdır. Digər tərəfdən, nəticələrdən asılı olmayaraq, tərəflər evlənib-evlənməyəcəkləri barədə qərarı da özləri verə bilərlər.

Millət vəkilinin sözlərinə görə, nikaha girən şəxslərin müayinəsi ilə bağlı bütün maliyyə xərcləri dövlət hesabına aparılmalıdır. Hansı müayinələrin məcburi olacağına gəlincə, millət vəkili deyib ki, xəstəliklərin siyahısı qanun qəbul olunandan sonra Səhiyyə Nazirliyi tərəfindən müəyyən ediləcək.

Onun fikrincə, bu xəstəliklər sırasına çox güman ki, dəri-zöhrəvi xəstəliklər, QİÇS, hepatitlər, talassemiya, hemofiliya daxil ediləcək.

Müayinələrin dövlət xəstəxanalarında aparılacağını deyən millət vəkili bütün müayinələrin pulsuz olacağını bildirib.

“Nikaha girən şəxslər müayinədən keçərkən onlara bu barədə kağız veriləcək. Onlar həmin kağızı “VVAQ” orqanına verəcəklər və orada müayinənin nəticəsi, diaqnoz göstərilməyəcək, sadəcə, “nikaha görə müayinədən keçib” sözləri yazılacaq”.

Nikahdan öncə tərəflərin xəstəliklərini gizlətməsi isə məsuliyyət yaradacaq.

Belə ki, layihədə nəzərdə tutulub ki, əgər nikaha girən şəxs xəstədirsə və bunu ailə qurmaq istədiyi şəxsdən gizlədirsə və ona xəstəlik yoluxdurursa, bu artıq cinayət məsuliyyəti hesab olunacaq.

Millət vəkili hesab edir ki, qanunun işləmə mexanizmi ilə bağlı gələcəkdə ciddi problem yaşanmayacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm