• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azərbaycanda 6 ayda 7 minədək boşanma: qadın və kişi xəyanəti artıb

Azərbaycanda 6 ayda 7 minədək boşanma: qadın və kişi xəyanəti artıb

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2014-cü ilin yanvar-iyul ayları ərzində rəsmi orqanlar tərəfindən ölkədə 44 min 500 nikah qeydə alınıb. Rəsmi boşananların sayı isə 6 min 900 nəfərdir. Ümumiyyətlə, 6 ayda əhalinin hər min nəfərinə 8,1 nikah, 1,3 boşanma düşüb.

“Boşanmaların sayının artması ölkədə ailə münasibətlərində ciddi böhranın olduğunun göstəricisidir”. Bunu Modern.az-a Azərbaycanda boşanma hallarının artamsına münasibət bildirən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

“Rəsmi statistikadan başqa, qeyri-rəsmi nikahda olanlar, yeni vətəndaş nikahı və dini nikahda olub boşananların sayını biz dədiqləşdirə bilmirik. Eləcə də erkən nikahda olub, amma resmi nikahı olmayanlar da var”.

M.Zeynalova deyir ki, hər bir ailənin öz dramı var. Boşanmaların səbəbləri müxtəlifdir, lakin ümumi tendensiyalarda əsas təsir amilləri var.

“İnsanlar bir-birlərinə inanmırlar, əslində evlənən cütlüklər arasında qarşlılıqlı inam və etibar olmalıdır. Lakin ailə quran şəxslər gələcək həyatını sığortalayacaq hüquqi addımları kifayət qədər nəzərə almırlar və bu yöndə addım atmırlar. Əsasən də nikah müqaviləsinin bağlanması məsələsində”.

Birliyinin sədri hesab edir ki, hazırda ailə münasibətlərinə kənar müdaxilə var.

“Bunlar qohumluq münasibətlərindən tutmuş, sosial şəbəkələrə qədər olan münasibətlərə qaynaqlanır. Əvvələr ailədə böyüklük ailə dəyərələrinin möhkəmlənməsinə yönəlik idisə, indi bu addımlar daha çox dağıdıcı rol oynayır”.

Mehriban Zeynalova qeyd edir ki, bu problemlərə görə valideyinlər uşaqların taleyi ilə maraqlanmırlar.

O bildirib ki, əvvələr ailənin təməlini qoruyan, saxlayan qadınların davranışlarında da ciddi dəyişiklik nəzərə çarpır.

“Hazırda ailənin dağılmaması üçün ən çox kişilərin dözümlülük göstərdiyini müşahidə edirik. Digər bir hal isə hər iki tərəfin xəyanət etməsi və bunu normaya çevirməsidir. Belə ki, hətta bu münasibətlər də ciddi assosial hal alıb. İndi qadınlar arasında xəyanətin artması ciddi siqnaldır və bunun qarşısının alınması qarşılıqlı öhdəlik və məsuliyyətin dərk edilməsi ilə mümkün ola bilər”.

O, bəzən ailəni yalnız nəsil artırmaya görə quranlardan da danışıb.

“Yeri gəlmişkən, öhdəlik və məsuliyyət hissi ilə ailə qurulmasına şüurlu daxil olmayan tərəflər də çoxdur. Bu, sadəcə nəsil artırma missiyasına bənzəyir. Ailələr ya romantika – sevgi, ehtiras əsasında və yaxud da tərəflərin valideynlərin israrı ilə qurulur”.

Ailələrin tərəflərin inellekt səviyyəsinə uyğun qurulmasının da bəzən bu boşluqlardan biri olduğunu deyən M. Zeynalova bizim cəmiyyətdə təbəqələşmə prosesinin dərin kök saldığını və insanların daha çox bu əsarətin altında olduğunu vurğulayıb.

“Onlar düşünür ki, özlərindən aşağı təbəqə ilə ailə qursalar, bu zaman hakimyyət onun əlində olmalıdır. Ailədə hökümranlıq uğrunda mübarizə də ailənin dağılmasına təsir edir. İndi qadınların da bunun üçün mübarizə aparması maraqlı obyektdir. Ailədə birgə qərardan çox, hakimlik hissi özünü göstərir. Ailədə zorakılıq faktoru da boşanmalara təsir edir”.

M.Zeynalova vurğulıayıb ki, boşanmaların sayının çox olması, yalnız psixoloji faktorla ölçülə bilməz, bir ailə çevrəsindən kənarda baş verənlərin aillərə təsirini mütləq nəzərə almalı və sosial psixoloji faktın da ailələrinin dağılmasında rolu qeyd olunmalıdır.

“Cəmiyyətdə aqressiya , qadınlar haqqında xoşa gəlməyən miflərin formalaşması, kişilərin cəzasız qala biləcəyi düşüncələri, qadınlar haqqında əlçatanlıq düşüncəsi, iş yerlərində zorakılıq, psixoloji və ya seksuaıl gərginliklər də ailəyə transfər edilən səbəblərdir”.

Xatırladaq ki, 2013-cü ildə 86852 rəsmi nikah qeydə alınıb. Ötən il baş verən boşanmaların sayı 11730 olub. Qeydə alınan 40528 nikah, 3279 boşanma hadisəsi kənd yerlərində, 46324 nikah, 8451 boşanma hadisəsi isə şəhər yerlərində qeydə alınıb.

Azərbaycanda ötən il nikaha daxil olanların orta yaşı qadınlar arasında 24, kişilərdə 28 yaş olub. Birinci dəfə nikaha daxil olanların orta yaşı kişilərdə isə 27.7, qadınlarda 23.7 yaş olub.

Qadınlar arasında nikaha daxil olanların orta yaşı ən yüksək 1990-cı ildə, kişilər arasında isə 2002-2003-cü illərdə olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR