• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bu gün Azərbaycan və Türkiyə görünməmiş hərbi təlimlərə başlayır

Bu gün Azərbaycan və Türkiyə görünməmiş hərbi təlimlərə başlayır

“Turan ordusu” gerçəyə çevrilir: meydana 30 min canlı qüvvə çıxarılır!; Bir həftə davam edəcək təlimlərdə 250-dən artıq zirehli texnika, raket və artilleriya qoşunlarının 150-dən çox qurğusu, 20-dək təyyarə, 15 helikopterdən istifadə olunacaq; Ermənistan təlaşda...

Türkiyə və Azərbaycanın strateji müttəfiqliyini sübut edən, düşmənə qarşı eyni cəbhədə dayandığını təsdiqləyən növbəti razılaşma əldə olunub. İki qardaş dövlətin yüksək səviyyədə verdiyi qərara əsasən, sentyabrın 12-dən etibarən Türkiyə və Azərbaycan genişmiqyaslı hərbi təlimlərə start verəcəklər.

Sentyabrın 20-dək davam edəcək hərbi təlimlərlə bağlı Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plan haqqında Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, sentyabrın 13-dən 20-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, o cümlədən Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin cəlb olunması ilə mərhələli surətdə irimiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Birinci mərhələdə kəşfiyyatın bütün növlərinin, Xüsusi Təyinatlı Qüvvələrin, Hərbi Hava Qüvvələri, o cümlədən Hava Hücumundan Müdafiə Qoşunlarının qarşılıqlı fəaliyyəti və uzlaşma məsələlərinin öyrənilməsi nəzərdə tutulub.

İkinci mərhələdə Quru Qoşunlarının birləşmə və hissələri müxtəlif şəraitlərdə, o cümlədən dağlıq ərazidə hücum əməliyyatının təşkili və aparılması, taktiki hava desantının, reyd və ön dəstələrin tətbiqi, əməliyyatların hərtərəfli təminatı üzrə tapşırıqları yerinə yetirəcəklər.

Müdafiə Nazirliyi bəyan edir ki, Ali Baş Komandanın şəxsi göstərişinə əsasən, təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 10.000 nəfərədək hərbi vəzifəli təlim toplanışına cəlb ediləcək. Döyüş hazırlığı çərçivəsində onlarla silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə tədbirlər keçiriləcəkdir.

Üçüncü mərhələdə təlim mərkəzləri və poliqonlarda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunacaq, praktiki raket buraxılışları və bombalama həyata keçiriləcəkdir.

Təlimlərə 30.000 nəfərədək şəxsi heyət, 250-dən artıq zirehli texnika, raket və artilleriya qoşunlarının 150-dən çox qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək təyyarəsi və 15 helikopteri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb ediləcək. İki ölkə arasında son illərdə birgə komanda qərargah təlimləri intensivləşib. Bu ilin iyununda isə Azərbaycan və Türkiyənin silahlı qüvvələrinin irimiqyaslı hərbi təlimlərinin keçiriləcəyi barədə anons verilsə də, konkret zaman açıqlanmamışdı. Yeri gəlmişkən, bu ilin yanvarında Türkiyədə iki ölkənin Silahlı Qüvvələrinin iştirakı ilə “Qış-2014" adlı hərbi təlim keçirilmişdi.

Avqustun 19-da Naxçıvan şəhərində yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli görüşdə də mühüm razılaşmalar əldə olunmuşdu. Görünən budur ki, işğalçı Ermənistan iri layihələrdən kənarda qaldığı kimi, əməlləri sayəsində bu kimi razılaşmaları da kənardan seyr edir.

Qeyd edək ki, sentyabrın 3-7-ci tarixlərində Ermənistandakı Alagöz təlim-məşq kompleksində Rusiya hərbi bazası və Ermənistan Müdafiə Nazirliyi hərbçilərinin iştirakı ilə batalyon-taktik təlimlər keçirilmişdi. Ancaq sözügedən hərbi təlimlər çox kiçik kontingenti əhatə etmişdi. Bildirilirdi ki, 1500 hərbçinin, 300 zirehli tank, avtomobil və xüsusi hərbi texnikanın cəlb olunduğu təlimlər Birləşmiş Silahlı Qoşunların və Qüvvələrin komandanı general-leytenant Mixail Qriqoryanın başçılığı ilə keçirilib. Hesab olunur ki, Azərbaycan və Türkiyənin silahlı qüvvələrinin irimiqyaslı təlimləri həm də bölgəni təhdid edən işğal faktoruna, həmçinin təcavüzkar Ermənistanı dəstəkləyən qüvvələrə cavab xarakterlidir. Azərbaycanla Türkiyənin birgə addımlarının Ermənistanda nə qədər narahatlıqla izlənməsinin əvvəllər də şahidi olmuşuq.

Hələ bu ilin iyununda Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin birgə görüşündə ildə iki dəfə olmaqla belə görüşlərin davam etdirilməsi, hərbi təlimlər və sairlə bağlı əldə olunan razılaşmalar da düşmən ölkədə narahatlıq doğurmuşdu. Hətta türk dövlətlərinin Böyük Turan Ordusu yaradılması istiqamətində səyləri türk düşmənlərinin rahatlığını pozub. Ancaq görünən budur ki, Bakı ilə Ankara digər sahələrdə olduğu kimi hərbi sahələrdə də xeyli irəli gedib. Xatırladaq ki, bir müddət öncə qəzetimiz mühüm bir məsələdən bəhs etmişdi. O zaman da gözlənilirdi ki, qarşıda Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri var. Bu hərbi təlimlər həm də Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın yaratdığı, şərti adı “Turan ordusu” olan hərbi birliyin təlimləri olacaq.

Düşmən ölkədən isə artıq ilk reaksiyalar gəlməkdədir. Azvision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan İqtisad Universitetində çıxışı zamanı bildirib ki, Azərbaycan Dağlıq Qarabağ üzrə danışıqlar prosesinə təsir etmək məqsədilə sərhəddə təxribatlar törətməyə cəhd edir. Ohanyan iddia edib ki, Ermənistan tərəfi problemin sülh yolu ilə həll olunmasını istəyir: “Danışıqlar prosesində əsas məsələ Dağlıq Qarabağa öz müqəddəratını təyin etmə hüququnun verilməsidir”. Ohanyanın sözlərinə görə, Ermənistan qarşılıqlı güzəştlərə getməyə hazırdır. Lakin danışıqlar prosesində Ermənistanın birtərəfli güzəştlərə getməsi yolverilməzdir. Ermənilərin xüsusilə Rusiyanın sanksiyalarla sıxışdırılması şəraitində nə dərəcədə çətin duruma düşdüyü göz önündədir. Bu mənada düşmənin mələk donunda görünməyə çalışması sadəcə vəziyyətdən çıxmağa xidmət edir.

NATO-dakı uğursuzluğun ardınca Ermənistan rəhbərliyi Türkiyə-Azərbaycan hərbi alyansı ilə üz-üzə qalmalı olub.

Hərbi ekspert Azad İsazadə də təsdiqləyir ki, Türkiyə və Azərbaycan arasındakı hərbi təlimləri zəruri edən amillər kifayət qədərdir: “Yaxın Şərq qaynayır, İŞİD qruplaşması Azərbaycan və Türkiyəni xəritədə öz ərazisi kimi göstərir. Üstəlik, Ukrayna alov içindədir və görünən budur ki, MDB məkanında da təhlükəsizlik sistemi işləmir. Deməli, iki böyük alovun arasında qalan balaca bir ərazi - Türkiyə, Gürcüstan və Azərbaycan - təhlükələri önləməlidir. Özü də fakt budur ki, bu ərazi də hərdən alovlanır. Bu mənada belə təlimlərin keçirilməsində bir neçə məqsəd var. İlk növbədə Azərbaycanın əsgər və zabitləri yeni təcrübə qazanır”. A.İsazadə hesab edir ki, Türkiyə-Azərbaycan hərbi təlimləri həm də Rusiya-Ermənistan hərbi təlimlərinə cavabdır: “İkincisi, sözsüz ki, söhbət enerji layihələrindən gedir və o layihələrlə bağlı təhlükəsizlik dəhlizinin yaradılması üçün Azərbaycan, Gürcüstan, Türkiyə birgə addımlar atmalıdır. Yaxın Şərqdə baş verənləri nəzərə alsaq, görərik ki, doğrudan da təhlükə gələ bilər və o risklərə istər Azərbaycan, istərsə də Türkiyə hazırlaşmalıdır. Bu hazırlıq baxımından da hərbi təlimlərin keçirilməsi normaldır və Azərbaycanla Türkiyənin birgə hərbi əməkdaşlığı zəruridir”.

A.İsazadə deyir ki, Qarabağ danışıqlarının intensivləşməsi şəraitində hərbi təlimlərin keçirilməsinin üstün cəhətləri də az deyil: “Danışıqlarda siyasi yol axtarışını yüngülləşdirən amillərdən biri hərbi təlimlərdir. Hərbi gücü nümayiş etdirməklə danışıqlarda müəyyən üstünlük qazanmaq mümkündür”. Bununla belə, hərbi ekspert güman etmir ki, Qarabağ müharibəsi başlayacağı təqdirdə İrəvan-Moskva koalisiyasına qarşı Bakı-Ankara koalisiyası üz-üzə dayanacaq: “Müharibə olsa, açıq formada nə Rusiya, nə də Türkiyə münaqişəyə qoşulmayacaq və bir-birini savaşa cəlb etməyəcəklər. Amma sözsüz ki, hər bir dövlət imkan daxilində yardım edəcək”.

Politoloq Zəfər Quliyev isə hazırda bütün regionda genişmiqyaslı hərbi təlimlərin getməsinə diqqət çəkdi: “Bu gün Rusiya sanki Üçüncü Dünya müharibəsinə hazırlaşır. Rusiya özü etiraf edir ki, bu cür genişmiqyaslı təlimlər keçirməyiblər. Eyni zamanda Qara dənizdə NATO ilə Ukraynanın birgə təlimləri keçirilir. Sentyabrın sonlarında da Qərbi Ukraynada NATO-nun hərbi təlimlərinin keçirilməsi nəzərdə tutulub. Yəni sanki bütün region ölkələri nəyəsə hazırlaşır. Reallıq budur ki, ümumi təhlükələr azalmır, artır. Bu, tək Rusiya-Ukrayna qarşıdurması ilə bağlı deyil, eyni zamanda Yaxın Şərqdə gedən proseslər, Amerikanın İŞİD-ə qarşı artıq müharibə elan etməsi şəraitində Türkiyə və Azərbaycan bu təhlükələr qarşısında öz hərbi qüvvələrini sınaqdan keçirməlidirlər”. Politoloqa görə, bu ölkələrin bir yerdə hərbi təlim keçirməsi onun da göstəricisidir ki, bu dövlətlər təhlükələr yaranan zaman bir yerdə hərəkət etmək niyyətindədirlər: “Əslində Türkiyə ilə Azərbaycanın strateji müttəfiqliyi ilə bağlı imzalanmış sazişlər də buna imkan yaradır. Türkiyə-Azərbaycan genişmiqyaslı hərbi təlimləri əslində bu təhlükələrlə bağlıdır. Azərbaycanın onsuz da Qarabağ problemi kimi ciddi problemi var, eyni zamanda yeni problemlər də yaradılır. Azərbaycanın da yeganə etibarlı müttəfiqi Türkiyədir. Türkiyə və Azərbaycan tək təlimlərlə kifayətlənməməli və ümumiyyətlə, əməkdaşlığı genişləndirməlidir. Ola bilər ki, hətta iki ölkənin hərbi sahədə əməkdaşlığına Gürcüstan da daha fəal formada qoşulsun”. Z.Quliyev şübhə etmir ki, işğal altındakı torpaqlarımızın azad olunmasında da Türkiyə faktoru əsas olacaq: “Ərazilərimizin işğaldan azad olunması hər an gündəmə gələ bilər. Ona görə ki, çox dinamik proseslər gedir. Eyni zamanda Rusiyanın özündən də bizə qarşı təhlükələr yarana bilər. Üstəlik də Ermənistan-Türkiyə münasibətlərində də uydurma ”soyqırım"ın 100 illiyi ilə bağlı gərginlik get-gedə arta bilər. Belə bir kontekstdə Azərbaycan və Türkiyə hərbi əməkdaşlığı sürətlə inkişaf etməlidir. Bakı bu məsələlərdə məhz Ankaraya güvənə bilər".

Bu arada diqqətçəkən başqa məsələ də var.

Belə ki, Moskva Ermənistanda narahatlıq doğuran prosesi, Azərbaycana silah satışını davam etdirir. Məlumata görə, Rusiya 100 ədəd “T-90S” tankının Azərbaycana göndərilməsini 2015-ci ilin əvvəlində başa çatdıracaq.

Bu barədə Azərbaycanda keçirilən "ADEX-2014" sərgisində “Rosoboroneksport”un baş direktorunun məsləhətçisi, nümayəndə heyətinin rəhbəri Esen Topoyev deyib. (Virtualaz.org) Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmət rəhbərinin müavini Konstantin Birulin bundan əvvəl 100 tankın göndərilməsinin bu ilin aprelində başa çatacağını demiş, əlavə etmişdi ki, daha 100 belə tankın satışı mümkündür. “Biz 2010-cu ildə bir sıra hərbi məhsullara dair böyük bir müqavilə imzalamışıq. Onların göndərilməsinin müddətləri müxtəlifdir. Bir hissəsini artıq bu il göndərmişik. Qalanlarının tədarükünü 2015-ci ildə başa çatdıracağıq. Ümumiyyətlə, tankların Azərbaycana göndərilməsi prosesini 2017-ci ilə kimi başa çatdırmağı nəzərdə tutmuşuq” - deyə E.Topoyev bildirib.

A.İsazadə Rusiyanın Ermənistanla bərabər Azərbaycanı da silahlandırmasını aşağıdakı kimi şərh etdi: “Hər iki tərəfə silah satmaq hər iki tərəfi özündən asılı etmək, digər tərəfdən də regionda hansısa tərəfin güclənməsinə və Moskvasız, təkbaşına çalışmasına imkan verməmək məqsədi daşıyır. Eyni zamanda bu, əks tərəfə siqnaldır ki, mənim təsir çərçivəmdən çıxsan, silah verməni azaldacağam, digər tərəfə isə çoxaldacağam”.

Rəsmi İrəvan hələlik susur və narahatlıqla prosesləri izləyir. Görünən budur ki, prezidentlərin Paris görüşü ərəfəsində Ermənistan çıxılmazla üzbəüz qalıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR