“Siz həmişə atı arabadan qabağa qoyacaqsınız...” - Mübariz Qurbanlı
Bizi izləyin

Qırmızı.az

“Siz həmişə atı arabadan qabağa qoyacaqsınız...” - Mübariz Qurbanlı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Qafqazinfo”ya müsahibəsinin 2-ci hissəsini təqdim edirik:

1-ci hissə: http://publika.az/p/42042

- Bizə elə gəlir ki, bu məsələlərin bir müddət gündəmdə qalıb sonra yoxa çıxması xüsusi adamlara xidmət edir. Siz necə düşünürsünüz?

- Bilirsiniz, mən dəqiq deyə bilmərəm ki, bu niyə belə olur. Amma mətbuata bir arzumu bildirmək istəyirəm. İstərdim ki, mətbuat hansısa xırda dini qrupların nümayəndələrinin öz facebook səhifəsində yazdığı mənasız bir ifadəni manşetə çıxartmasın. Çünki manşetə çıxarılmaqla həmin kiçik qrupun nümayəndəsinin mövcudluğunu sən cəmiyyətə göstərmək istəyirsən. Hər şeyi öz adıyla adlandırmaq lazımdır. Kiçik qrupları hansı ki, arxasında heç kim dayanmır, onu manşetə çıxaran mətbuat onun səviyyəsinə enir. Ciddi mətbuat ciddi mövzuları gündəmə çıxarır. Mətbuat məsələn, İŞİD-i xilafət dövləti kimi təqdim edir. Onu İslam Şam Dövləti adı altında mövcud olan terror qruplar kimi təqdim etmək lazımdır. Sən onu xilafət dövləti kimi də tərəzidə yüksəltmiş olursan. Kimsə, hansısa axmaq facebook səhifəsində dövlət idarəsi haqqında fikir yazır. Sən onu manşetə çıxarırsan. Heç bilinmir ki, o adam kimdir. Bu zaman olursan sarı, bulvar mətbuatı. Ciddiliyini itirirsən. İnternet hörümçək torudur. Orada hamı ağlına gələni yaza bilər. Orada sənin haqqında şayə yazsaq, o da ciddi mətbuatda işıqlandırılsa, necə qəbul edərsən? Media milli maraqlara zidd olan fikirlərin, adamların mətbuata çıxmasına imkan verməməlidir. Hərbi sirrlərimizlə bağlı məsələlərdə diqqətli olmalıdır. Dini məsələlərdə də bunu nəzərə almalıdır. Hər başına əmmamə qoyan din xadimi deyil. Din xadimi QMİ-də qeydiyyatdan keçmiş icma rəhbəri və Komitədə təsdiqini almış şəxsdir. QMİ dinlə bağlı açıqlama verə bilər. Amma kimsə xırda dini qrupun başçısı dinlə bağlı fikir söyləyirsə, onun fikri bizim üçün əsas sayıla bilməz.

- Siz də İŞİD-lə bağlı məsələyə toxundunuz. Məlumdur ki, Azərbaycanda hələ də İŞİD-in sıralarına qoşulanlar, Suriyaya cihad adı ilə gedənlər var. Bununla bağlı hazırda vəziyyət necədir?

- Bizim yerli təşkilatlarımız bunlarla bağlı işlər görürlər. Ən böyük silahımız sözdür. Bu yolla insanları tutduğu mövqedən döndərməyə çalışırıq. Buna nail olduğumuz yerlər də var. Ailələr bizə müraciət edir. Onlarla görüşlər keçirilir. Həmin ərazilərdə gedən döyüşlərin cihad olmadığı bildirilir. Cihad insanın özüylə, nəfsiylə döyüşüdür, eyni zamanda din uğrunda aparılan mübarizədir. Cihad təkcə qılınc savaşı deyil, həm də söz savaşıdır. Peyğəmbər s.a.s mübarizəsi yalnız qılınca söykənmirdi, eyni zamanda sözə söykənirdi. Geopolitik cəhətdən toqquşma meydanı olan ölkələrdə gedən müharibənin bizə aidiyyatı yoxdur. Bizim müharibəmiz ərazimizi işğal edən ölkəylə, yəni Ermənistanladır. Bu gün əsgəri xidmətini yerinə yetirən şəxs faktiki olaraq cihadını yerinə yetirmiş olur. Cihad üçün başqa məmləkət axtarmaq lazım deyil. Öz məmləkətində xalqın, dövlətin üçün aparacağın cihad var. Hüquq- mühafizə orqanlarının, milli təhlükəsizlik orqanlarının bu sahədə apardığı əvəzedilməz işlər var.

- Dini Komitə elə bir dövlət qurumudur ki, yarandığı bir neçə il ərzində dörd dəfə rəhbəri dəyişib. Siz artıq 4- cü rəhbərsiniz. Bu prosesi bir tərəfdən də demokratik addım kimi qiymətləndirmək olar. Belə fikirlər var ki, Komitədə rəhbərlərin tez-tez dəyişməsi QMİ sədri ilə münasibətlərə görədir. Siz necə düşünürsünüz?

- Siz indiyə qədər çox gözəl suallar verdiniz. Amma bu sual dedi-qodu xarakterində olduğu üçün icazənizlə cavab verməyim.

- Siz bu vəzifəyə təyinat alanda sevindik, amma eyni zamanda üzüldük də. Çünki partiya adından mediaya daimi açıqlamalar verən bir şəxsi itirdik. Komitəyə rəhbərlik etdiyiniz bu müddət ərzində də mediaya bir qədər qapalı olmusunuz. Səbəbi nədir?

- Komitəyə rəhbər təyin olunanda dərhal “Qafqazinfo”nun rəhbəri müsahibə almaq üçün mənə müraciət etdi. Mən o zaman xahiş elədim ki, bir müddət gözləyək. Mən məsələlərin içərisinə girməliyəm. Və bu gün görürsünüz ki, sizə müsahibə verdim. Mən həmişə jurnalistlər üçün açığam. Eyni zamanda YAP icra katibinin müavini kimi öz vəzifəmi partiyada davam etdirirəm. Partiya ilə bağlı da istənilən mövzuda müraciətlərə cavab verirəm. Lakin Komitəyə gəldiyimdə bu sahə mənə tam yad olmasa da, ancaq bir növ yeni sahə sayıla bilər. Mənim ixtisasca tarixçi olmağım, din sahəsində aldığım bilgilər müəyyən köməkliyini edir. Amma bir də var ki, siz artıq icra strukturunun rəhbərliyindəsiniz. Mətbuatla münasibətlər mütəmadi olacaq. Vaxtaşırı olaraq burada mətbuat nümayəndələri ilə görüşlər keçirəcəyik. Ancaq bunun da bir ölçüsü olmalıdır. Hər gün buradan biz mətbuata açıqlamalar versək, buna böyük zaman sərf edə bilərik. Hər məsələyə də məncə Komitə sədri səviyyəsində açıqlama verməyə ehtiyac yoxdur. Çünki biz qlobal, ümummilli məsələlər ilə mövzulara qurumun saytı vasitəsilə məlumat veririk.

Mən özüm mətbuata çox hörmət edən biriyəm. Bu 20 il ərzində bir dəfə də mən mətbuat işçilərinə yazdığı yazıya görə iradımı bildirməmişəm. Mən bəzən başlıq seçimi zamanı uğursuzluq olarsa, ona münasibətimi bildirmişəm. Bəzən də haqqımda qərəzli yazı yazıldığında həmin qurumu məhkəməyə verməmişəm, medianın rəhbərinə müraciət etmişəm. Mən bütövlükdə hər şeyin dialoq yolu ilə həll edilməsinin tərəfdarıyam. Məni jurnalist dostlarım düz başa düşməlidir. Telefonum dəyişməz olaraq qalır. Ancaq gündəlik mətbuatla təmas qurmaq üçün vaxtımız məhduddur.

- Adətən millət vəkilləri tutduğu postdan icra strukturlarına təyin olunurlar. Siz də millət vəkili idiniz, indi Komitə sədriniz. Ümumiyyətlə, o postdan bu posta təyinat almaq necə bir hissdir? Orada asan idi, yoxsa burada?

- Mən YAP-nın üzvüyəm. Partiyamızın sədri cənab İlham Əliyev bizi hara təyin edirsə, onun etimadını doğrultmağa çalışırıq. Prezidentimiz uzun müddət partiyada bir funksioner kimi fəaliyyətimə etimad göstərib, millət vəkili kimi mənim partiyanın siyahısında namizədliyimə dəstək verib. Bu sahədə də göstərdiyi etimadı doğrultmağa çalışacam. Əlbəttə, Milli Məclisin özünəməxsus yeri var. Oktyabrın əvvəlində Milli Məclisin açılışı olacaq. Hesab edirəm ki, açılışı televiziyadan izləyəndə 19 illik fəaliyyət göstərdiyim məclis üçün qəribsəyəcəm. Çünki 19 il az müddət deyil. Orada çox gözəl ab-hava var. Məclis doğrudanda da böyük məktəbdir. Məclis haqqında bəzən yazılar yazırlar. Bu məni incidir. İndiki rəhbərlik də parlamenti çox demokratik qaydada idarə edir. Orada çoxlu dostlarım var. Millət vəkilliyindən icra strukturuna gəlməyin müəyyın psixoloji təsirləri olur. Çünki biz millət vəkili olaraq məclisdə həmişə icra strukturlarını tənqid etmişik. İndi mən tənqid edən yerdən tənqid olunan yerə keçmişəm. Bir zaman mənim dostlarım bizim fəaliyyətimizə qiymət verərkən onların içərisində mənim fəaliyyətimi də tənqid edənlər yəqin ki, olacaq. Mən onda keçmiş millət vəkili kimi yaşadığım hisslə Komitə sədri kimi yaşadığım hisslər arasında fərqlər ortaya çıxacaq. Amma hər halda biz prezidentimizin qoyduğu tələbləri yerinə yetirməliyik. Vəzifə məsələsi ilə qənaətim odur ki, bu dünyada insan bir məsələni düşünməlidir. İnsan dövlətin, millətin marağını hər şeydən üstün tutmalıdır. Mən həmişə deyirəm ki, dövlət, millət marağı atdır, şəxsi maraq isə arabadır. Siz həmişə atı arabadan qabağa qoyacaqsınız. Əgər yerdəyişmə olsa, media da səni vuracaq, insanlar da pisləyəcək.

- Məktəblərdə dini dərslərin tədris olunması ilə bağlı məsələ tez-tez gündəmə gəlir. Siz bu məsələ ilə bağlı Təhsil Nazirliyi, digər qurumlarla danışıqlar aparmağı planlaşdırırsınızmı? Və ya aparmısınızmı?

- Əvvəla, deyim ki orta məktəblərdə dinlə bağlı biliklər verilir. Bununla bağlı bir sıra müzakirələr aparılıb. Təklif olunur ki, dünya dinləri ilə bağlı ayrıca dərslik hazırlansın. Tarix dərsliklərində, Həyat bilgisi dərsliyində bu məsələlərə toxunulub. Ola bilsin ki, Həyat Bilgisi dərsliyində ayrıca bölmədə yalnız İslam dini haqqında deyil, bütövlükdə mövcud olan səmavi dinlərlə yanaşı, digər lokal dinlər haqqında da məlumat verilsin. Bir statistikanı açıqlayım. Dünyada buddistləri, islam dininə xidmət edənləri, xristianlığa əməl edənləri toplasaq, bu yerdə qalan əhalinin 3 milyard yarımı edə bilər. Yeddi milyarddan çox əhali bəs nəyə sitayiş edir? Elə yerlər var ki, orada ibtidai dinlər hələ qalmaqdadır. Ona görə də bütövlükdə din haqqında yeni böyüyən nəslə ətraflı bilgi vermək lazımdır. İslam bütövlükdə sülh, əxlaq, mənəviyyat dinidir. İslam haqqında ətraflı bilgi verməyəndə kimsə yaranmış boşluqdan sui-istifadə edir. Mən tərəfdarıyam ki, Həyat Bilgisi dərsliyində bu məsələ genişləndirilsin. Yaxud da ayrıca yuxarı siniflərə çatdıqda xüsusi kurslar tədris olunsun. Bizim bu barədə müvafiq qurumlarla bağlı söhbətlərimiz var. Tələsməyək. Vaxt bu sahədə işlərin görülməsini tələb edir. Bu məsələlərdə yavaş tələsmək lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm