Qarabağda bir gün – REPORTAJ, FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Qarabağda bir gün – REPORTAJ, FOTOLAR

İki gündür sevincimin həddi-hüdudu yoxdur. Düz 21 ildən sonra Qarabağı görəcəyəm. Öz rayonumuza – Qubadlıya olmasa belə, Qarabağa, Ağdama gedəcəyəm. Atasını itirmiş biri əmisindən təsəlli alar deyiblər. Təxminən elə o durumdayam. Gecədən yol hazırlıqlarımı görürəm...

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının (AVCİYA) nəzdində fəaliyyət göstərən “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı və online televiziyasının təşkil etdiyi konsert proqramı olacaq. Ağdamdakı N saylı hərbi hissədəki konsert proqramında mən də iştirak etməliyəm...

Səhər saat 9-dur. “Nizami” metrostansiyasının qarşısındayam. Həmkarlarım, sənət adamları, rəqqaslar, musiqiçilər, təşkilatçılar... Hər kəsin üzündə bir gözlənti ifadəsi var. Yola düşəcəyimiz anı gözləyirik...

Budur, yola düşürük. İçimdə qəribə sevinc hissi dolaşır. Amma... “Kaş ki, öz rayonumuzun da 1-2 kəndini görə bilsəydim” deyə düşünürəm.

...Tədricən yol əyləncələri bir-birini əvəzləyir. Lətifələr, “mafiya” oyunu, maraqlı əhvalatlar...

Nəhayət, Ağdama yetişirik. Biz çatana qədər əsgərlər öz yerlərini alıblar. Əməkdar artist Baloğlan Əşrəfov və xalq artisti Flora Kərimova isə hər kəsi qabaqlayıb. Məlum olur ki, Flora xanım dünəndən Ağdamdadır. Əfsanəvi sənətkarın üzündə, bəlkə də, heç vaxt görmədiyim ifadə var. Həm sevinir, həm kədərlənir, həm də duyğulanır...

Tədbirin aparıcısı Ümidə Həsənli bura gəlməyimizin məqsədi barədə məlumat verir. Bildirir ki, “Biz Qarabağlıyıq” adlı konsertin məqsədi döyüş bölgəsində yerləşən hərbi hissələrdə hərbi qulluqçuların döyüş əhval-ruhiyyəsini və mənəvi-psixoloji durumunu yüksəltməkdir. Bu cür tədbirlər yeniyetmə və gənclərin vətənə sadaqət ruhunda böyüməsi, onlarda dövlət və vətən qarşısında vəzifələrinin layiqincə yerinə yetirilməsi sahəsində məsuliyyətini artırır:

“Artıq Azərbaycanın yenilməz və mütəşəkkil ordusu var. Azərbaycan ordusu ümummilli lider, ulu öndər Heydər Əliyevin sayəsində daha da güclənib. Qəhrəmanlığına, sərkərdəlik məharətinə və hərbi bacarığına görə bir çox görkəmli şəxslər kimi onun adı da Azərbaycanın hərb tarixinə düşüb. Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli lider Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı. Heydər Əliyev görkəmli dövlət xadimi, böyük siyasətçi, həm də peşəkar hərbçi idi. Elə buna görə ulu öndərin hakimiyyətə gəlişindən sonra əsası qoyulan ordu quruculuğunun diqqət çəkən əsas tərəfi yüksək peşəkarlıqla həyata keçirilməsi idi. 1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı”.

Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani çıxış edərək bildirir ki, bir ay öncə cəbhə xəttində baş verənlər ordumuzun nəyə qadir olduğunu həm dostlarımıza, həm də düşmənlərə sübut etdi...

Dövlət himnimizin oxunmasıyla “Biz qarabağlıyıq” adlı tədbir açıq elan edilir. Ardınca Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının vitse-prezidenti, “KarabakhİNFO.com”un baş direktoru Vəli Əlibəyov və saytın baş redaktoru, yazar Zaur Qəriboğlu çıxış edərək bu cür tədbirlərin əhəmiyyəti barədə danışırlar. Bildirilir ki, yaxın vaxtlarda başqa hərbi hissələrdə də konsert proqramları təşkil olunacaq.

...Flora Kərimovanın səhnəyə çıxması əsgərlər tərəfindən coşquyla qarşılanır. Amma sənətkar yenə də göz yaşlarına hakim ola bilmir: “Çox kövrəyəm. Sizi gördüm fərəhləndim, qorxunu yırtdım. Allah sizi qorusun. Hər biriniz vətənin dayağısınız. Mən ön cəbhədə vuruşa bilməsəm belə, buna hazıram”.

Ardınca tanınmış müğənnilər Əli Mirəliyev, Yusif Mustafayev, Baloğlan Əşrəfov, gitaraçı Rəmiş, “Kolorit” rəqs qrupu, aktyor-yumorist Fərda Xudaverdiyev, gənc müğənni Könül Şıxəliyeva, muğam müsabiqəsinin laureatı Aytən Məhərrəmova çıxış edirlər.

Sonda hərbi hissə rəhbərliyi və Abdulla Qurbani maraqlı konset proqramı üçün hər kəsə təşəkkürünü bildirir. Mərasim əsgərlərin şərəf dövrəsi vurmasıyla başa çatır.

İntiqam VALEHOĞLU

Bakı-Ağdam-Bakı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm