Azərbaycanlı uşaqları hansı ölkələr övladlığa götürür?
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı uşaqları hansı ölkələr övladlığa götürür?

Bu il iki uşaq əcnəbilər tərəfindən övladlığa götürülüb. Onların hər ikisi oğlan uşağıdır.

Bu barədə Publika.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Övladlığa verilən uşaqlardan birinin on beş, digərinin iki yaşı olub. Övladlığa götürən ailələr Amerika Birləşmiş Ştatları və Gürcüstan Respublikasının vətəndaşlarıdır.

Bu il ölkələrarası övladlığa götürülən uşaqlar arasında fiziki qüsurlu uşaqlar olmayıb.

AQUPDK-dən bildirilib ki, ölkələrarası övladlığa götürməyi arzu edən səkkiz əcnəbi ailə qeydiyyata götürülüb.

Komitədən onu da bildirdilər ki, artıq övladlığa uşaq götürmə ilə bağlı elektron müraciətlər də daxil olur.

“Ölkələrarası övladlığa götürmə ilə bağlı iki elektron müraciət daxil olub.Daxil olmuş elektron müraciətlərə baxılaraq müraciət müəlliflərinə məlumat verilib”.

Məlumatda bildirilib ki, övladlığa götürülən uşaqların xarici ölkəyə aparıldıqdan sonra insan alveri qurbanı olmaları və ya başqa məqsədlə istifadə edilmələri barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat daxil olmayıb.

“Ölkələrarası övladlığa götürülən uşaqlara nəzarət “Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası” nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 22 iyul 2008-ci il tarixli, 166 saylı Qərarına əsasən həyata keçirilir. Adıçəkilən Qərarda qeyd olunur ki, akkreditə edilmiş orqan tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə hesabatlar təqdim edilməlidir. Hesabatda övladlığa götürülmüş uşağın övladlığa götürən ailədə həyat şəraiti və tərbiyəsi, uşağın sosial psixoliji vəziyyəti, sağlamlıq durumu, davranışı və təhsili haqqında məlumatlar öz əksini tapır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə ölkələrarası övladlığa götürmə ilə bağlı Nazirlər Kabinetinə hesabat təqdim edir. Hesabatda ölkələrarası övladlığa götürən ailə və övladlığa verilən uşaq haqqında, akkreditə olunmuş təşkilatlar haqqında məlumatlar öz əksini tapır”.

Nazirlər Kabineti tərəfindən "Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası" təsdiq edildikdən sonra bu fəaliyyətin yalnız Komitədə qeydiyyatdan keçən təşkilatlar tərəfindən göstərilməsinə icazə verilir. Bu istiqamətdə bir beynəlxalq təşkilat - ABŞ-ın İllien Adoption İnternational təşkilatı akkreditasiyadan keçib. Bu təşkilatın köməkliyi ilə bir uşaq ölkələrarası övladlığa götürülüb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm