Evimizə həkim gəlir…
Bizi izləyin

Qırmızı.az

Evimizə həkim gəlir…

Artıq Azərbaycanda da hər bir ailənin həkimi olacaq. O, xidmət etdiyi ərazidəki bütün ailələrin sağlamlıq durumu ilə bağlı məlumatlı olacaq, onları müayinə və mümkün qədər də müalicə edəcək. Ailə həkimi həm də xəstəni lazımi analizlər və ya müayinələr üçün də yönləndirəcək. Səhiyyə sistemində ciddi dəyişikliklərin əsasını qoyacaq bu məsələ bütün dünyada kifayət qədər aktual olsa da, Azərbaycanda hələ də bununla bağlı qanun qəbul olunmayıb.

Məlumat üçün bildirək ki, Amerikada bu sahə hələ 1970-ci ildə, həm də universitetlərin kafedralarında yaradılmışdı. Bir müddətdən sonra onlar ABŞ, Böyük Britaniya və Kanada səhiyyə sisteminin əsas hissəsinə çevrildilər. Rusiyada isə bu sistem 1992-ci ildən ancaq özəl klinikaların daxilində başlamışdı. 2019-cu ilə kimi Rusiya bu sistemi bütün ölkə boyu genişləndirmək istəyir. Qardaş Türkiyədə hələ 1960-cı illərə aid olan ailə həkimi sistemi tam olaraq 1994-cü ildə Ankarada özünə yer tapır, mərkəzlər açılır. Bəs ailə həkimi kim olacaq? Özümüzü ona etibar edə bilərikmi?

Ailə həkimi kimdir?

Dünya təcrübəsində ailənin vəkili, həkimi, maliyyə məsləhətçisi və s vəzifələrə rast gəlinir. Bu şəxslər əhaliyə düzgün istiqamət verir, xüsusən də ucqar yerlərdə yaşayan əhaliyə çoxprofilli ilkin tibbi xidməti göstərir. Tibb Universitetinin kafedra müdiri Mustafa Salihovun Publika.az-a verdiyi məlumata görə, əslində, bu, yeni bir şey deyil. Azərbaycanda əvvəllər də həkimlər ailə həkimi kimi fəaliyyət göstəriblər. Artıq XX əsrin ortalarından başlayaraq tibb elmi xırda hissələrə bölünüb. Həkim bildirir ki, dar ixtisaslı həkimlərlə yanaşı, ailə həkimi də lazımdır. Mustafa Salihovun sözlərinə görə, hələ 2008-ci il sentyabrın 1-dən Azərbaycanda ailə həkimi ixtisası var və Səhiyyə Nazirliyi ailə həkimi üçün dörd mindən çox ştat ayırıb. Bu ixtisasdan olan həkimlər daha çox kəndlərdəki tibb müəssisələrində çalışırlar.

Ailə həkimi nə iş görür?

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin Publika.az-a verdiyi məlumata görə, ailə həkimi layihəsinin hazırlanmasında məqsəd ucqar kəndlərdə tibbi xidməti yaxşılaşdırmaqdır:

“Hər bir kənddə poliklinika, ambulatoriya yaratmaq mümkün deyil. Ambulatoriyalar heç sovet dövründə işləmədi. Amma bir kəndə bir ailə həkimi təhkim olunandan, ona texniki avadanlıqlar, rabitə vasitələri veriləndən sonra o, xidmət etdiyi ərazidə insanların hamısı ilə kontakt yaradır, hamı onu tanıyır. O həm terapevt xidməti, həm ilkin travmatoloq, həm ginekoloq yardımı göstərən kvalifikasiyalı həkim kimi fəlaiyyət göstərə bilər. Eyni zamanda, bu həkimlərin mərkəzdə yerləşən uyğun klinikaların həkimləri ilə əlaqələri olur və bəzən müayinə nəticələrini, məsələn, kardioqramma, USM nəticələri və s. həmin mərkəzə göndərə bilər və buradan ona növbəti addımlar və ya diaqnoz haqqında məlumat verilə bilər. Ailə həkimi həmin xəstəni əlaqələndirə, yönləndirə bilər, görüş haqqı, ödəniş, sığorta polisinin tətbiq olunması, vətəndaşlarla əlaqələrin yaradılmasıyla bağlı və s işləri həyata keçirər”.

Ən yaxşı ailə həkimi institutunun Kubada olduğunu deyən M. Salihovun sözlərinə görə, Avropa ölkələrinin çoxunda da bu sistem tətbiq olunur. Onun sözlərinə görə, ailə həkimi ailənin etibarlı həkimi olmalıdır, ailənin mikroklimatına baxmalıdır: “Ali tibb təhsili olan bu mütəxəssisin icazəsi olmadan heç bir müalicə aparıla bilməz. O, yaşa, cinsə baxmadan ailəyə ilkin tibbi xidmət göstərən mütəxəssisdir. Biz bəzən bir neçə həkimə gedirik, hərəsi də azı 2-3 dərman yazır. Xəstə də hər həkimin yazdığı dərmanları məcbur olub qəbul edir. Bu da xəstəyə çox ziyandır. Ailə həkimi olarsa, bu problem aradan qalxar, o, xəstəni lazımi müayinə aparatına və ya həkimə düzgün şəkildə yönləndirə bilər”.

Ailə həkimini səhiyyənin gələcəyi hesab edən M. Salehovun sözlərinə görə, layihə ilə bağlı bir sıra təkliflər də irəli sürüb:

“Təklif etmişəm ki, ilk öncə Ailə Təbabəti Mərkəzi yaradılsın. Bu mərkəz 3 nömrəli şəhər xəstəxanasının bazasında da təşkil edilə bilər. Bundan əlavə, ailə həkimi üzrə də baş mütəxəssis təyin edilməlidir”.

Bu sahədə kifayət qədər kadr ehtiyatının olub- olmamasına gəlincə, mütəxəssis hesab edir ki, Həkimləri Təkmilləşdirmə İnstitutunun Ailə təbabəti kafedrasında lazım olan kadrları bir neçə il kurs keçməklə burada hazırlamaq mümkündür. O, həm də ailə həkimlərinin təkcə kəndlərdə deyil, paytaxt və digər şəhərlərdə də yaradılmasını vacib sayır.

Mütəxəssislər hesab edirlər ki, bu, bəlkə də müalicə üçün xaricə gedən insan və kapital axının qarşısını ala biləcək. Layihənin həyata keçməsi ilə ucqar yerlərdə yaşayan insanların sağlamlığına diqqətin daha da artması, eyni zamanda, ailə sağlamlığının inkişafının nəzarətdə saxlanılması mümkün olacaq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ailə həkimi institutunun yaradılması ilə bağlı ötən il öz təkliflərini verib. Qurumun İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun Publika.az-a verdiyi məlumata görə, bu mexanizmin işə düşməsi çox müsbət haldır və komitə tərəfindən dəstəklənir: “Bu layihə qəbul olunarsa, birbaşa bir sıra ağır xəstəliklər, o cümlədən qan xəstəliklərinin qarşısını vaxtında almaq mümkün olacaq. Elə ailələr var ki, onların maddi baxımdan imkanları yoxdur. Ailə həkimi ailələrə kömək etməklə bərabər, həm də onları istiqamətləndirəcək. Bunun üstünlükləri çoxdur. İnkişaf etmiş ölkələrdə artıq bu modeldən istifadə olunur”.

Ailə həkimi nə qədər maaş alacaq?

Ekspertlər hesab edirlər ki, Türkiyədə ailə həkimi ilə bağlı çox yaxşı təcrübə var. Ailə həkiminin əmək haqqı digər həkimlərdən, xüsusən də, şəhər mərkəzində yaşayan həkimlərin əmək haqqından ən azı 30-40%, hətta 50% yüksək olmalıdır. Çünki ailə həkimi dağ şəraitində, çətin şəraitdə işlədiyindən onun həmin yerdə qalıb işləməsi üçün maddi marağı olmalıdır. Bunu Publika.az-a Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, Türkiyə təcrübəsində ailə həkimlərinin əmək haqqının hamısını dövlət vermir, bir hissəsini dövlət verir, digər bir hissəsini isə bələdiyyələrin səhiyyə fondu hesabına ödənir:

“Türkiyədə bələdiyyələrin səhiyyə fondu yaradılıb və bu fonda vətəndaşlar hər ay müəyyən məbləğ, məsələn bir lirə köçürürlər. Bizdə də dövlətin verdiyi maaşdan əlavə hər ailə bir manat köçürərsə, 800-1000 ailəyə xidmət edən ailə həkimi, dövlətin verdiyi əmək haqqından əlavə 1000 manat da qazanacaq. Təbii ki, ayrılıqda götürəndə bu bir manat vətəndaş üçün elə bir pul deyil, amma bunlar toplananda böyük məbləğ alınır. Türkiyədə bu sistem artıq formalaşıb, hər bir vətəndaş bir lirə ödəyir və həkim də əgər 2000 ailəyə xidmət edirsə, əlavə olaraq 2000 lirə vəsait alır”.

İcbari tibbi sığorta işə düşmədən ailə həkiminin reallaşması mümkün deyil

M.Quliyev bildirib ki, səhiyyədə ciddi dəyişikliklərin əsasını qoyacaq və bütövlükdə tibbi xidmətin sistemini dəyişəcək belə bir məsələnin çox geniş bir müzakirəyə ehtiyacı var. Yalnız ətraflı müzakirələrdən sonra ailə həkimi ilə bağlı qərar verilə bilər. Onun sözlərinə görə, ailə həkimi layihəsi gündəlikdədir, çox güman ki, parlamentin payız sessiyasında müzakirəyə çıxarılmayacaq. Hazırda üzərində iş gedən bu layihə birbaşa icbari tibbi sığortanın tətbiqi ilə bağlı məsələdir:

“Bizdə sovet dövründə “Semaşko” sistemi mövcud idi. İcbari tibbi sığorta sistemi işə düşəndən sonra ailə həkimi də aktuallaşacaq. Ailə həkimi heç də ölkənin bütün ərazisində fəaliyyət göstərməyəcək. Böyük şəhərlərdə buna ehtiyac yoxdur, orada ilkin tibbi xidməti göstərəcək poliklinikalar, bir də təcili yardım stansiyaları var. Amma ucqar dağ rayonlarında, kəndlərdə poliklinika, ambulatoriya olmadığına görə, orada ailə həkimi institutu yaradılmalıdır”.

Millət vəkilinin sözlərinə görə, burada ailələr həkimi seçməyəcək, həkim ailələri seçəcək. Yəni əhalinin sıxlığından və kəndlərin arasında məsafədən asılı olaraq hər 500-800 və ya 1000 ailəyə bir ailə həkimi xidmət göstərəcək. Xidmət poliklinikalar və orada xidmət göstərən sahə həkimləri tərəfindən aparılır. Ailə həkimində isə bu strukturu, onun maliyyələşməsi, xidmətin radiusu, personalın kvalifikasiyası da dəyişəcək:

“Bu elə asan bir iş deyil ki, bunu qəbul edək və sabah da işləsin. Bunun üçün çox ciddi müzakirələr aparılmalıdır. Səhiyyə sistemi bunu qəbul etməyə və bütün ölkədə tətbiq etməyə hazırdırmı? Bu, birbaşa icbari tibbi sığorta ilə bağlıdır. Əgər, icbari tibbi sığorta tətbiq olunmayacaqsa, onda ailə həkimi institutunun yaradılması mümkün olmayacaq. Tibbi sığorta fəaliyyətə başladıqdan sonra bu barədə danışmaq olar”.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda da bir neçə regionda Səhiyyə Nazirliyinin dəstəyi ilə ailə həkiminin tətbiqi ilə bağlı pilot layihələr həyata keçirilib və yaxşı nəticələr əldə olunub. Mütəxəssislər bildirilər ki, Azərbaycanda bu metodun tətbiqi ilə bağlı lazımi baza mövcuddur, indi qalır qanunun qəbul olunması.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm