İnzibati həbsdə olanlara şad xəbər
Bizi izləyin

Qırmızı.az

İnzibati həbsdə olanlara şad xəbər

Bakı şəhər Baş Polis İdarəsinin səlahiyyətləri azaldılıb. Ombudsman Aparatının işgəncələrin qarşısının alınması şöbəsinin müdiri və Milli Preventiv Mexanizm Qrupunun rəhbəri Vüqar Məhərrəmov Publika.az-a bildirib ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin İnzibati qaydada həbs olunanların saxlama məntəqəsi sözügedən qurumun tabeçiliyindən çıxarılaraq, birbaşa Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin tabeçiliyinə verilib.

V.Məhərrəmov bildirib ki, Ombudsman Aparatı inzibati həbs olunanların hüquqlarının müdafiəsi ilə bağlı qanunun qəbul olunması təklifi ilə çıxış edib. Lakin həmin qanun qəbul edilənədək həmin şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı bu sahədəki münasibətləri müvəqqəti tənzimləyəcək hüquqi aktlara ehtiyac var idi. Bu səbəbdə də nazir Ramil Usubovun 11.06.2014-cu il tarixli əmri ilə təsdiq etdiyi 7 bəndlik “Polis orqanlarının inzibati həbs olunanların saxlanılma məntəqələri haqqında müvəqqəti əsasnamə” və 14 bəndlik “İnzibati həbs olunanların saxlama məntəqələrinin müvəqqəti daxili intizam qaydaları qəbul edildi. Həmin sənədlər bu il sentyabrın 5-dən qüvvəyə minib.

Onun sözlərinə görə, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Apartının həmin müəssisələrdə həyata keçirdiyi başçəkmələrdən sonra saxlama məntəqələrində şəraitin yaxşılaşdırılması, oradakı nöqsanların aradan qaldırılması məqsədilə Ombudsman Aparatı Daxili İşlər Nazirliyinə təkliflər göndərib. Nazirin təsdiqlədiyi müvəqqəti əsasnamədə həmin təkliflər nazirlik tərəfindən nəzərə alınıb.

Saxlama məntəqələrində həyata keçirilən islahatlar da məhz sözügedən hüquqi aktlar əsasında baş tutub. V.Məhərrəmovun sözlərinə görə, yeni qurumun tabeçiliyində fəaliyyət göstərən inzibati qaydada həbs olunanların saxlama məntəqəsində bir sıra islahatlar aparılıb.

Müəssisədə saxlanılanların saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı nazirlik rəhbərliyi tərəfindən bir sıra tədbirlər görülüb.

Ombudsman Aparatının rəsmisi bildirib ki, saxlama məntəqəsində kameralarda televizorlar qurlaşdırılıb. Həmçinin burada saxlanılanlara həftədə bir dəfə telefonla danışmaq və yaxınları ilə görüşmək imkanları yaradılıb.

“Qanunvericiliyə son dəyişiklikdən sonra inzibati həbsin müddəti 15 gündən 90 günədək artırıldı. Qanunvericilik azadlıqdan məhrumetmə yerlərində saxlanılan şəxslərə bir çox imtiyazlar verirdi. İnzibati həbs yerlərində saxlanılanlar isə heç bir cinayət törətmədiyi halda, onlar bu imtiyazlardan məhrum idi. Belə ki, sözügedən normativ hüquqi aktlar qəbul edilənədək inzibati həbs yerlərində saxlanılan şəxslərin qohumları ilə görüşü yalnız müəssisə rəisinin razılığı ilə mümkün idi. Telefon danışığına yalnız şəxs müəssisəyə gətirilən gün ailəsini məlumatlandırmaq məqsədilə icazə verilirdi”.

V.Məhərrəmov bildirib ki, təmsil etdiyi qurum bir neçə gün öncə, Şəki, Zaqatala, Balakəndəki müvəqqəti saxlama yerlərində monitorinq keçirib. Həmin monitorinqlərin nəticələrinə uyğun olaraq Ombudsman Elmira Süleymanovanın imzası ilə nazir Ramil Usubova 8 bəndlik təklif verilib. Həmin təkliflər adıçəkilən rayonlardakı saxlama yerlərində inzibati qaydada saxlananlar üçün Bakıda olduğu kimi eyni şəraitin yaradılması ilə bağlıdır.

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm