Rusiyanın dağıtdığı Azərbaycan ailələri – PROBLEM
Bizi izləyin

Qırmızı.az

Rusiyanın dağıtdığı Azərbaycan ailələri – PROBLEM

Bu ilin əvvəlindən indiyədək Azərbaycanda 44,5 min nikah və 6,9 min boşanma halı qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 8,4-dən 8,1-ə qədər azalıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,3) qalıb.

Vəkil Samir İsayev Teleqraf.com-a açıqlamasında boşanma üçün məhkəməyə müraciət edən qadınların kişilərə nisbətən daha çox olduğunu deyir: “Əslində bunun bir statistikası aparılmır, amma təcrübədə böyük faiz üstünlüyü ilə boşanma ilə bağlı müraciət edənlərin əksəriyyəti məhz qadınlar olur. Müraciət edənlərin bir qismi sırf maddi ehtiyac üzündən boşanırsa, bir qismi də mənəvi-psixoloji cəhətdən narahat olması üzündən bu qərarı verdiyini deyir”.

Vəkil təklif edir ki, tərəflər boşanma qərarı vermədən əvvəl psixoloq və psixiatra müraciət etsinlər: “Hər səbəbdən ötrü də boşanmaq düzgün deyil. Boşanmadan öncə tərəflər psixoloqa müraciət etməli, psixoloji yardım aldıqdan sonra qərar verməlidirlər. Dəfələrlə olub ki, qadınlar müraciət edərək deyirlər ki, həyat yoldaşım Rusiyaya getdiyinə görə, boşanmaq istəyirəm. Düzdür, əslində bu, ciddi səbəbdir, amma boşanmaq üçün əsas deyil. Yəni tərəflər bir araya gətirməklə ailəni xilas etmək olar. Məsələni məhkəmə müstəvisinə çıxarmaq ən son mərhələ olmalıdır. Ailənin möhkəm olması üçün psixoloji təsir ciddi faktordur”.

S.İsayev kütləvi informasiya vasitlərində qadın hüquq və azadlıqlarının qorunması yönündə səsləndirilən çağırışları doğru saymır: “Bu sahədəki problemlərlə məşğul olan dövlət və qeyri-hökumət təşkilatları zəif işləyir. Həmin qurumlar qadınları boşanmağa sövq edən çağırışlardan qaçmalıdırlar. Hazırda qadının sərbəstliyi daha çox təbliğ olunur. Bu isə ailə münasibətlərində dəyişikliyə səbəb olur. Tərəflərin bir-birini tanıması üçün ailədə kritik anlar olmalıdır. Əgər cütlüklər bu sınaqlardan üzüağ çıxarsa, boşanmalar da olmaz. Ailə möhkəmliyi təkcə xoş günlərdə sınanmamalıdır. Boşanmanın əsas səbəblərindən biri tərəflərin hazırlıqsız şəkildə, bir-birlərini tanımadan, xasiyyətlərinə, dünyagörüşlərinə bələd olmadan ailə qurmalarıdır. Məsələn, əvvəllər belə halların qarşısını almaqdan ötrü nişan institutu var idi və bu ondan ötrü idi ki, nikaha girməzdən əvvəl tərəflər bir-birini tanıyaraq düzgün qərar versinlər. Amma nişan da artıq formal bir mərasimə çevirilib”.

Vəkil boşanma hallarının qarşısını almaqdan ötrü aidiyyəti qurumların və qeyri-hökumət təşkilatlarının təbliğatını vacib sayır.

Naibə QURBANOVA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm