Millət vəkili yol qəzalarından danışdı: “Trafik canavarı olmayın!”
Bizi izləyin

Qırmızı.az

Millət vəkili yol qəzalarından danışdı: “Trafik canavarı olmayın!”

Millət vəkili Adil Əliyev yollarda sürücülərin qayda-qanuna əməl etməmələri, yol qəzalarının acınacaqlı statistikasının artmasına münasibət bildirib. Publika.az xəbər verir ki, o, bu barədə öz “facebook” səhifəsində yazıb.

Millət vəkili qayda-qanuna riayət etməyən sürücülər üçün ölçü götürülməli olduğunu da qeyd edib:

“Məktəblərdə dərs başladı və yollarda yenə aləm dəydi bir-birinə. Kim hardan gəldi sürür, qarşı tərəfə keçir, yanındakı avtomobilə və yolu keçən piyadaya hörmətsizlik edir, nəticədə tıxac yaranır, nə özü düz-əməlli irəliyə bilir, nə də nizamla hərəkət edən avtomobillərə şərait yaradır. Bir qisim avtobus və taksi sürücüsündən isə danışmağa dəyməz, sanki onlar üçün heç bir qayda mövcud deyil, tətbiq olunan cəzalar onları heç qorxutmur da, 1 və ya 5 il əvvəl necə qaydasız sürürdülərsə, sükanı bu gün də eyni kobudluqla idarə edirlər. Yollarda ayrıcı xətlərdə daş plitələr ona görə inşa edildi ki, avtomobillərin qarşılıqlı toqquşma halları baş verməsin. Ancaq bu gün internetdən də izləyirik ki, plitəni aşaraq qarşı yola çıxan avtobuslar var və sanki bu elə belə də olmalıdır...

Bütün bunları müşahidə etdikdə, təəssüf ki, “nədən yollarda bu qədər vətəndaşımızı itiririk” sualı təəccüblü səslənmir. Hər gün ağır yol nəqliyyat hadisəsi haqqında xəbər eşitməkdən yorulmuşuq, bunlar artıq cəbhə xəbərlərinə bənzəyir, sanki ölkədə müharibə gedir, hər il yollarda yüzlərlə vətəndaşımızı itiririk. Ağır yol nəqliyyat hadisəsi törədən sürücülərin böyük əksəriyyətinin verdiyi ilk ifadə standart olur: “Tələsirdim”. Bu, sadəcə bəhanədir, hamı tələsir, ancaq bu heç kimə əsas vermir ki, yol qaydalarını pozsun. Sənin “tələskənliyin” mənim və ya başqa birisinin nəqliyyat vasitəsinin qəzaya uğramasına, insan itkisinə yol açacaqsa, bunun hesabı qanun qarşısında ağır olmalıdır. Görünür, bu kimi sürücülərə qarşı qanunların sərtləşdirilməsinə ehtiyac var. Əslində onlar tələsmirlər, sadəcə qanunla maşını idarə etməyə hövsələləri çatmır. Hövsələsi çatmırsa, demək, beləsi elə şəkildə cəzalandırılmalıdır ki, gələn dəfə “hövsələsizliyini” və “tələskənliyini” içində boğa bilsin. Türkiyədə olduğu kimi Azərbaycanda da yolların kənarında “trafik canavarı olmayın!” reklam lövhələri vurulmalıdır ki, qayda-qanuna riayət etməyənlər həmin lövhəni görəndə özləri ilə “canavar” arasında fərq qoysunlar. Sürücülük vəsiqələrin verilməsi prosesi də ciddi nəzarət altına alınmalı, imtahanlar şəffaflaşmalıdır ki, hər “tələskən” və “hövsələsiz” asanlıqla sürücülük vəsiqəsi əldə edə bilməsin.

Sərt qanunlarla yanaşı profilaktik tədbirlərə də ehtiyac var. Bu sırada sürücələrə gün ərzində dəfələrlə yol qaydaları təkrarən izah edilməli və diqqətlərinə çatdırılmalıdır. Sürücülərin böyük əksəriyyəti yol boyu radiodakı proqramları dinləyir. Ona görə də təklif edirəm ki, radiolarda eyni vaxtda ən primitiv yol qaydaları istisnasız olaraq bütün sürücülərin diqqətinə çatdırılsın:

1. Qarşı yola keçməyin, çünki bununla ağır nəqliyyat hadisəsinin riski artır, tələsməyin, hövsələli olun! Bir neçə dəqidəyə görə təhlükə yaratmaqla, ən “yaxşı” halda ciddi xərcə düşmək, ən “pis” halda isə həyatının sonuna qədər iztirab çıkməyə dəyərmi?

2. Vətəndaş ayağını piyada keçidinə qoyan kimi avtobilinizi saxlayın və piyadaya yol verin. Bunu həm yol qaydası diqtə edir, bu həm də vətəndaşa verdyiniz hörmətin əlamətidir. Necə ki, avtobus və metroda qadına, uşağa və yaşlı insana yerimizi veririk, eləcə də piyada keçidində bu mədəniyyətimizi göstərməliyik;

3. Lazım olmayan hallarda siqnaldan istifadə etməyin. Siqnallardan istifadə, sənin sağındakı, solundakı, qarşındakı avtomobili idarə edən sürücülərin, sərnişinlərin, yol keçən piyadaların, evində istirahət edən sakinlərin rahatlığını pozur. Bu qədər insana qarşı hörmətsiz davranmağa son qoyaq və siqnal xəstəliyindən qurtulaq!

4. Avtomobilinin şüşələrini qaldırıb yüksək səslə musiqiyə qulaq asmaqla başqalarını narahat edirsən. Əgər o musiqi sənə və avtomobilində əyləşən insanları feyziyab etmək üçündürsə, deməli, onun səsini sizə lazım olacaq səviyyədə nizamlanmalıdır!

5. Qaydanı pozan sürücü qarşınızdadırsa, avtomobilin nömrəsini yazıb yol polisinin "Qaynar xətt - 902" nömrəsinə zəng etməyi unutmayın! Bu əsla “satqınlıq” deyil, həqiqi vətəndaşlıq borcumuzdur, qaydalara riayət etməyən sürücünün cəzalandırlması mexanizmidir. Bəlkə də, bu zənglə siz hansısa vətəndaşı gələcəkdə ağır yol nəqliyyat hadisəsindən qorumuş olursunuz.”

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm