Şeyxin sözçüsü: “Ehsan süfrəsi ilə bağlı qadağa ola bilməz”
Bizi izləyin

Qırmızı.az

Şeyxin sözçüsü: “Ehsan süfrəsi ilə bağlı qadağa ola bilməz”

“Yas mərasimlərində ehsan süfrəsinin hansı formada təşkili ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi yaxın günlərdə tövsiyə xarakterli normativ yayacaq”.

Bu sözləri Axar.az-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova yas mərasimlərində ehsan süfrəsinin təşkili ilə bağlı müəyyən qadağaların tətbiqindən danışarkən dedi. QMİ sözçüsü qeyd etdi ki, ehsan süfrəsinin təşkili ilə bağlı qadağaların tətbiq edilməsi düzgün deyil. Bunun üçün təkliflər vermək lazımdır:

“Dinimizdə məcburi heç bir şey yoxdur. Təkliflər irəli sürülə, maarifləndirmə işləri aparıla, ehsan süfrəsinin hansı formada təşkil edilməsi ilə bağlı tövsiyələr verilə bilər. Ancaq qadağaların tətbiqi yolverilməzdir. Müqəddəs Quran kitabında da ehsan süfrəsi haqqında var. Şəriətdə də ehsan süfrəsində israfçılığa yol verilməsinin, hər növ qidalarla doldurulmasının tərəfdarı deyil. Ancaq bu, hər kəsin özündən asılıdır. Kimsə ehsan süfrəsinə yemək qoymaq istəyirsə, heç kəs bunu qadağan edə bilməz. Əlbəttə, olmaması daha yaxşıdır. Ancaq qadağan etmək düzgün deyil”.

R.Dadaşova əlavə etdi ki, QMİ vaxtilə yas mərasimlərində ehsan süfrəsi ilə bağlı tövsiyələr verib:

“Qafqaz Müsəlmanları İdarəsi yas mərasimlərində israfçılığa yol verilməməsinin tərəfdarıdır. İllər öncə bununla bağlı Şeyx də öz tövsiyələrini vermişdi. Bu tövsiyələrə riayət edənlər də vardı, etməyənlər də. Ancaq Qafqaz Müsəlmanları İdarəsi buna qarşı heç bir qadağa tətbiq etmədi, bundan sonra da etməyəcək”.

R.Dadaşova yaxın günlərdə QMİ-nin yas mərasimləri ilə bağlı KİV vasitəsilə maarifləndirmə xarakterli tövsiyələr yayacağını bildirdi.

Qeyd edək ki, hökumət uzun illər Azərbaycanda ictimai bəlaya çevrilən israfçı mərasimlərdən qurtulmaq üçün məcburi qaydalar tətbiq etməyə başlayıb. Artıq ölkə üzrə yerli icra orqanları yas məclislərinin sadə şəkildə, yemək süfrələri olmadan təşkil olunması ilə bağlı göstəriş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm