10 manatlıq sağlamlıq: icbari sığortanın tətbiqinə nə mane olur?
Bizi izləyin

Qırmızı.az

10 manatlıq sağlamlıq: icbari sığortanın tətbiqinə nə mane olur?

Vüqar İmanov banklardan birində kredit mütəxəssisi işləyir. Ayağında ağırlar olduğuna görə həkimə müraciət edən Vüqar bunu iş yerinin tibbi sığortası ilə etməyi qərara alıb. Lakin məlum olub ki, illik 500 manat ödədiyi tibbi sığortaya aşağı ətrafların müayinəsi daxil deyil. Həkimsə təcili əməliyyat olunmasını, əks halda, damarlarda tromblaşmanın infarkta səbəb ola biləcəyini deyib. Naəlac qalan bank işçisi bunu öz vəsaiti hesabına etməli olub. Vüqar İmanovun Publika.az-a bildirdiyinə görə, onun tibbi sığorta olunduğu paketə təkcə aşağı ətraflar deyil, bütün xroniki xəstəliklər , hepatitlər, onkoloji xəstəliklərlə bağlı müayinə və müalicə daxil deyil. Bundan əlavə, həkimin xəstəyə məsləhət gördüyü analizlərin hamısını sığorta etmirlər, məsələn, hormonal analizlər bura aiddir. Həmçinin sığorta paketində stomatoloq xidməti limitlidir və yalnız 200 manata qədər məbləğ sığorta tərəfindən ödənir. Həm də bura diş salmaq aid deyil, yalnız müalicə daxildir. Bank mütəxəssisinin sözlərinə görə, kifayət qədər böyük məbləğdə sığorta ödənişi ödəməsinə baxmayaraq, bütün dərmanlardan da istifadə edə bilmir, çünki dərmanlarda da limit var.

Əslində Vüqar cəmiyyətin bəlkə də, bəxti gətirmiş təbəqəsinə aiddir. Əhalinin böyük bir qrupu isə tibbi sığorta xidmətlərindən, ümumiyyətlə istifadə edə bilmir. Artıq bir neçə ildir ki, icbari tibbi sığorta ilə bağlı məsələ gündəmi zəbt etsə də, hər il bu barədə həm parlamentdə, həm də mətbuatda müzakirələr aparılsa da, hələ də icbari tibbi sığortanın tətbiqi mümkün olmayıb. Tibb sığorta vətəndaşların sosial müdafiəsinin xüsusi bir forması olduğuna görə, tibb sığorta olmayan yerdə səhiyyə islahatından söhbət gedə bilməz. Vətəndaşların sosial müdafiəsinin mühüm bir elementi olan icbari tibb sığorta ilə bağlı bir çox qaranlıq məqamlara bu günlərdə baş nazirin müavini Əli Əhmədov rəsmi mətbuata müsahibəsində aydınlıq gətirib. Azərbaycanda yaxın vaxtlarda tətbiq olunacağı gözlənilən icbari tibbi sığortanın şərtləri təqribən də olsa müəyyənləşib. İlkin şərtlərə görə, əmək qabiliyyətli hər bir vətəndaş icbari tibbi sığorta fonduna ayda orta hesabla 5-10 manat, işə götürənlər isə hər işçiyə görə 10-12 manat ödəyəcəklər. Əhalinin bir hissəsi isə icbari tibbi sığorta haqqı ödəməkdən azad olacaqlar.

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı maliyyələşmə mənbələri də dəqiqləşib. Baş nazirin müavini Əli Əhmədovun açıqlamasına görə, icbari tibbi sığortanın tətbiqi üçün eyni adlı fond yaradılacaq - İcbari Tibbi Sığorta Fondu. Bura vəsaitlər 3 mənbədən daxil olacaq: dövlət büdcəsindən, işəgötürənlərdən və işləyən vətəndaşlardan. Pulun əsas hissəsini dövlət büdcəsi ödəyəcək.

İcbari tibbi sığorta paketinə ən çox rast gəlinən xəstəliklərin müayinə və müalicəsi daxil ediləcək

Ekspertlər hesab edirlər ki, Azərbaycanda icbari tibbi sığorta ilə bağlı bir neçə ildir ki, maliyyə vəsaitləri ayrılır, pilot rayonlar təşkil olunur və artıq bununla bağlı kifayət qədər təcrübə toplanıb.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin bildirdiyinə görə, icbari tibbi sığorta üçün təqdim edilən paketlərə ilkin mərhələdə çox böyük həcmdə tibbi xidmətləri daxil etmək olmaz. Paketlərə yalnız insan orqanizmində həyatı vacib funksiyaların tənzimlənməsi, ən çox rast gəlinən xəstəliklərin müayinə və müalicəsi ilə bağlı xidmətlər daxil edilməlidir. İcbari tibbi sığorta sistemi tətbiqi edildikdən sonra dövlət proqramları əsasında xüsusi büdcə əsasında maliyyələşən xəstəliklərin-şəkərli diabet, vərəm, talassemiya, irsi qan xəstəlikləri, ana və uşağın sağlamlığının mühafizəsi və s. sahəsində görülən tədbirlər büdcədən maliyyələşməlidir: "Çünki onlar sosial, ictimai əhəmiyyətli xəstəliklərdir. Onları paketə daxil etmək olmaz və büdcədən ayrı xətt üzrə maliyyəlışməlidir".

Ekspertlər hesab edirlər ki, icbarı tibbi sığorta paketinə ilkin mərhələdə yalnız zəruri tibbi xidmətlər daxil olmalıdır. Çünki paketin həcmi böyüdükcə xərclər də artacaq ki, həmin xərcləri də ilkin etapda ödəmək dövlət üçün çətin olar.

Sığorta paketin məbləğinin nə qədər olmasını müəyyən etmək üçün monitorinq aparılmalıdır. Bunun üçün xarici ölkələrin təcrübəsindən yararlanmaq olar. Azərbaycanda hər hansı xəstəliyin müayinə və müalicəsinin neçəyə başa gəlməsini öyrənməklə bunu hesablamaq olar.

Millət vəkili M.Quliyev hesab edir ki, çox vacib məsələlərdən biri Azərbaycanda bütün xəstəliklərin müayinə və müalicə protokollarının hazırlanmasıdır:

“Ümumdünya Səhiyyə Təşkilatı insanlar üçün 500-ə yaxın həyati vacib dərman müəyyənləşdirib. Həmin dərmanların siyahısı Səhiyyə Nazirliyi tərəfindən hazırlanmalı və Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir ki, onlar da icbari tibbi sığorta paketinə daxil olunsun. Həmin dərmanlar Azərbaycana ən ucuz qiymətə alınaraq gətiriməlidir. Çünki icbari tibbi sığortanın əsas fəlsəfəsi ondan ibarətdir ki, xəstə ikinci dəfə pul ödəməsin. Icbarı tibb sığorta paketini alan xəstənin həm müayinə, həm müalicə, həm də dərmanlara çəkəcəyi xərclər burada öz əksini tapmalıdır".

İcbari tibbi sığortanın tətbiqinə nə mane olur?

1999-cu ildə Milli Məclis tərəfindən "İcbari tibbi sığorta haqqında" qanun qəbul olunub. 2007-ci ildə isə ona əlavə və dəyişikliklər edilib. Ölkə Prezidentinin sərəncamı ilə Dövlət İcbari Tibbi Sığorta Agentliyi yaradılıb. Bu iş üçün hər il büdcədən maliyyə vəsaiti ayrılır. Bəs ölkədə bu sistemin tətbiq edilməsinə nə mane olur?

Millət vəkili Məlahət İbrahimqızı hesab edir ki, tibbi sığortanı həyata keçirmək üçün İcbari Tibbi Sığorta Agentliyi yaradılsa da, onun hansı dövlət qurumunun nəzdində olacağı, həyata keçirilməsi mexanizmi və sairlə bağlı müəyyən məqamlar var ki, bunlar aydınlşdırılmalıdır. Bu da artıq mərhələ-mərhələ həyata keçirilməlidir: “İcbari tibbi sığortanı həyata keçirmək üçün ilk növbədə güclü infrastruktur olmalıdır. Bizdə isə bu infrastruktur yeni-yeni yaradılır. Həkimləri güclü kvalifikasiyası olmalıdır. Yoxsa dövlət pul ayırır, bu necə gəldi istifadə oluna bilməz axı. Bölgələrdə də səhiyyə sahəsində güclü infrastruktur layihələri həyata keçirilir. Məqsəd odur ki, kənd yerlərində ucqar bölgələrdən camaat tibbi sığorta həyata keçiriləndə axın-axın Bakıya gəlməsin. Dövlət buna pul ayırır, bundan əlavə insanların əmək haqlarından da ayırmalar olacaq. Ən vacib məsələ odur ki, bütün bölgələrdə yüksək səviyyəli müxtəlif ixtisaslar üzrə və eləcə də ümumi olaraq müasir standartlara cavab verən səhiyyə infrastrukturu yaradılmalıdır və həkimlər, tibb işçiləri Türkiyədə təkmilləşdirmə kursları keçməlidir”.

Azərbaycan üzrə 4 sığorta kontingenti ola bilər

İcbari tibb sığortasına keçmək üçün birinci növbədə səhiyyə sistemində mexanizm olmalıdır. Tibb sahəsində ekspert Adil Qeybullanın Publika.az-a verdiyi açıqlamaya görə, bunun üçün ilk növbədə səhiyyə sistemində rayon şöbələri ləğv olunmalıdır və xüsusilə də əhali kontingenti müəyyən olunmalıdır. Ekspert hesab edir ki, Azərbaycan üzrə 4 sığorta kontingenti ola bilər:

1.Gəlirləri olmayan vətəndaşlar (tələbələr, tək yaşayanlar, dövlətdən heç bir gəliri olmayan şəxslər). Bunların icbari tibbi sığortası birbaşa dövlət büdcəsindən maliyyələşməlidir.

2.Əmək pensiyasında qeydiyyatda olan işçilərdir ki, bu da əmək pensiyasının vəsaitlərindən maliyyələşir.

3.Dövlət, özəl, bələdiyyə sektorunda işləyənlərdir. Onlar öz maaşlarından sığortalanırlar.

4.Yüksək gəlirli biznesmenlər və məmurlar, xüsusi qaydada sığortalanırlar.

Hər bir Azərbaycan vətəndaşının cibində sığorta polisi olmalıdır. Bu ona imkan verir ki, təxirəsalınmaz yardımda və digər situasiyalarda sığorta imkanlarından istifadə eləsin. Adil Qeybulla hesab edir ki, tibbi sığorta Azərbaycan reallığında dövlət büdcəsi ilə vətəndaşın bütün səhiyyə problemlərini həll edə bilməz. Bu ilk növbədə doğuş və təxirəsalınmaz yardımı əhatə eləməlidir: “Avtoqəzalar, müxtəlif təxirəsalınmaz cərrahi xəstəliklər, zəhərlənmələr, toksiki vəziyyətlər bura aid ola bilər ki, bəzən vətəndaşın özündən asılı olmayaraq təcili tibbi yardıma ehtiyac yaranır. Doğuş zamanı da təxirəsalınmaz yardıma ehtiyac var. Bu ilk növbədə tibbi sığortanın predmetinə daxil olmalıdır”.

Digər bir məsələ isə tibbi sığortanın fəaliyyət sahəsinin genişləndirilməsidir ki, bu artıq zaman məsələsidir. Ölkə iqtisadiyyatı yüksəldikdə, dövlət büdcəsi genişləndikcə bu məsələ də həll oluna bilər. Müəyyən müalicə-diaqnostika məsələləri, vətəndaşların mütəmadi olaraq dispanserizasiyası və s də tibbi sığortaya daxil ola bilər. Ekspertin sözlərinə görə, bütün bunları keçmək üçün çevik bir mexanizm olmalıdır və Səhiyyə Nazilriyinin adminstrativ, bürokratik pozisiyası daha çox təşkilati və məsləhətverici formaya gətirilməlidir.

İcbari tibbi sığortanın tətbiqi indiyə qədər həkimlə xəstə arasında olan müəyyən neqativ məsələləri aradan qaldırmış olacaq. Tibb eksperti hesab edir ki, bu, həkimlərin maaşlarını normallaşdıra və vətəndaşların tibbi sahədə qayğılarını xeyli azalda biləcək.

Lakin bununla belə tibbi sığortanın tətbiqi zamanı da bir sıra problemlər yarana bilər. Adil Qeybulla hesab edir ki, burada əsas problem az əmək haqqı ilə əlaqədar ola bilər: “ O insanlar ki, maaşla sığortalanacaqlar, Azərbaycanda maaşların nisbətən aşağı olması, tibbi sığortaya qoyulan vəsaitlərin az olmasıyla şərtlənir ki, bu da effektiv tibbi yardım üçün yetərli deyil”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm