• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Mənzil tikintisində yenilik

Mənzil tikintisində yenilik

Cahangir Qocayev: “Dəyişiklik korrupsiya meyllərinin də qarşısını alacaq”

Azərbaycanda şəhərlərdə mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi zamanı ara məsafəsi ilə bağlı tələb dəyişdirilib. Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir. Onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur və bu yaşayış evlərinin tikintisinə icazə alınması tələb edilmir.

Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli qərarı ilə təsdiqlənmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ında qeyd edilib ki, tikinti ərazisinin sərhədləri daxilində binanın xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Ara məsafəsi binanın xarici divarının hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə ara məsafəsini təşkil edir. Relyefə əsasən, hündürlük dəyişərsə, bu zaman divarın orta hündürlüyü əsas götürülür. Bu Qaydalara əsasən, indiyə qədər ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunurdu. Bu qaydalardan çıxış edən yerli icra qurumlarının Bakı və digər şəhərlərdə sahəsi 3,2 sot və daha az torpaqda fərdi yaşayış evlərinin tikintisi zamanı ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsinin götürülməsini tələb etməsi tikinti zamanı ciddi problemlərə yol açır, faktiki sahəsi az olan torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisini mümkünsüz edirdi.

Nazirlər Kabinetinin “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”da etdiyi dəyişiklik bu problemi aradan qaldıracaq. Dəyişikliyə əsasən, kənd ərazilərində ara məsafəsi olaraq müəyyənləşdirilmiş divar hündürlüyünün 0,4 hissəsinin əsas götürülməsi ilə bağlı tələb də ləğv edilib. Bundan sonra həm şəhər, həm də kənd ərazilərində mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinə münasibətdə ara məsafəsi olaraq divar hündürlüyünün 0,3 hissəsi qəbul olunacaq. Ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi ilə bağlı məqam isə yalnız çoxmərtəbəli binaların tikintisi zamanı tələb olunacaq. Bəs bu dəyişiklikləri necə qiymətləndirmək olar?

Biznes məqsədi

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayevin sözlərinə görə, ara məsafəsi ilə bağlı qaydalara edilən dəyişikliklər müsbət haldır. O, fikrini belə izah edib: “Qanunda edilən dəyişiklikdən əvvəl nəzərdə tutulan ara məsafə divar hündürlüyünün 0.6 hissəsi qədər idi. Bu da təkcə biznes məqsədi ilə tikilən binaların yerləşdirilməsi ilə deyil, hətta, fərdi ev inşa edənlər üçün ciddi problem yaradırdı. Çünki, hündürmərtəbəli evlər tikəndə sahələrdə geniş yer götürmə imkanı olurdu. Məskunlaşan ərazidə isə onların yerləşdirilməsində müəyyən çətinliklər yaranırdı”.

Fərdi evlər

Cahangir Qocayev bildirdi ki, əvvəlki qaydalara əsasən fərdi evlərin tikintisi zamanı torpaqdan səmərəli istifadə bir o qədər də mümükün olmurdu: “Qısaltma yalnız fərdi evlərin məlumatlandırma icrahatı ilə bağlı 80-ci maddədə əldə edildi ki, bu da kənd evlərində fərqli idi və orada ara məsafə götürüldü. Bu da insanların mənzil şəraitini, müəyyən mənada ev tikmək işini asanlaşdırdı”.

Vətəndaşlar incidilirdi

Şöbə müdri qeyd etdi ki, “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar” haqqında qanunun əvvəlki müddəaları qüvvədə olan zaman ara məsafəsinə görə bəzi yerli icra hakimiyyəti orqanlarının nümayəndələri vətəndaşları çox incidirdi: “Artıq bu, mümkün olmayacaq. Belə olan təqdirdə isə insanlar mənzil şəraitini daha asan yolla yaxşılaşdıracaqlar. Digər tərəfdən də, bütün bunların tətbiqi, eyni zamanda peşəkar yanaşma tələb edir”.

C.Qocayev vurğuladı ki, yerli icra hakimiyyətinin nümayəndələri vətəndaşlara kömək etməli, insanların ev tikmək arzusunu reallaşdırılmasında onların yardımçısına çevrilməlidir: “Ara məsafələr 6 metr nəzərdə tutulurdu və icra orqanlarındakı məmurlar bundan faydalanır, şəxsi mənafelərinə görə icazə verirdilər ki, insanlar yaxın məsafə ilə ev tiksinlər. Bu da öz növbəsində korupsiya hallarına səbəb olurdu. Amma qanundakı yeni dəyişiklik korrupsiya meyllərinin də qarşısını alacaq”.

İlhamə Əbülfət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR