AMEA-da yeni laboratoriyalar təsis edildi
Bizi izləyin

Qırmızı.az

AMEA-da yeni laboratoriyalar təsis edildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika, Geologiya və Geofizika İnstitutlarında beynəlxalq laboratoriyalar təsis edilib.

Bu barədə qərar AMEA rəyasət heyətinin növbəti iclasında qəbul olunub.

İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, Azərbaycanda təhlükəli geoloji proseslərin yeni fundamental statistik metodlarla tədqiq edilməsi dünya elminə inteqrasiya olunmaq nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Bu tədqiqatların daxili su anbarları və intensiv neft-qaz hasilatı aparılan rayonlarda yerinə yetirilməsi təhlükələrin öyrənilməsi baxımından xüsusilə əhəmiyyətlidir. AMEA-nın rəyasət heyəti bunları nəzərə alaraq, İtaliyanın Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutu ilə Geologiya və Geofizika İnstitutu arasında birgə kompleks tədqiqatlar aparılmasını elmi və praktik cəhətdən vacib hesab edir. Bu məqsədlə “Zəlzələnin məkan-zaman təhlili və təhlükə” laboratoriyası yaradılıb.

Bundan əlavə, AMEA-nın Botanika İnstitutu ilə ABŞ-ın Elm və Texnologiya üzrə Ayova Dövlət Universiteti arasında “Meşə mikologiyası və patologiyası” adlı birgə əməkdaşlıq laboratoriyası yaradılıb. Laboratoriya müştərək şəkildə göbələklər aləminin öyrənilməsinə, onların tədqiqinin ən müasir elmi səviyyədə aparılmasına, meşə ekosistemlərinin mühafizəsi və bərpasına xidmət edəcək.

İclasda AMEA-nın Botanika İnstitutu və Nəbatat Bağı ilə Almaniyanın Frankfurt Universiteti arasında “Biomüxtəliflik və iqlim dəyişkənliyi” adlı laboratoriyanın yaradılması da qərara alınıb. Burada iqlimin təsiri altında bitki müxtəlifliyində baş verən dəyişkənliklərin öyrənilməsi, Azərbaycanın zəngin yabanı bitki aləminin qorunması, növlərinin təbiətdə saxlanılması və səmərəli istifadəsi həyata keçiriləcək. Bununla yanaşı, əməkdaşlıq yüksək metodoloji biliklərə malik gənc və ixtisaslı mütəxəssislərin formalaşmasına da imkan verəcək.

Laboratoriyaların yaradılması AMEA-da intellektual potensialın səmərəli fəaliyyət göstərməsi, yüksəkixtisaslı kadrların hazırlanmasına, həmçinin tədqiqatların müasir üsul və texnologiyalarla aparılmasına, beynəlxalq elm və təhsil əlaqələrinin möhkəmlənməsi və tələbələrin elmi tədqiqat işlərinə cəlb olunmasına şərait yaradacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm