• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Toy gecəsi uğursuzluğunu sağaldıram – İlham Mirzəyevin İTTİHAM AKTI

Toy gecəsi uğursuzluğunu sağaldıram – İlham Mirzəyevin İTTİHAM AKTI

“Fotoşəkilləri və 3000 avro pulu İsrail dövlətinə göndərəcəkdi ki, sevdiyi oğlanla onu qovuşdursun...”

Xəbər verildiyi kimi, Nərimanov rayon Məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyi ilə teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə məhkəməsi davam etdirilir. İ.Mirzəyevin hüquqlarını vəkillər Xanlar Bayramzadə və İkram Abdullayev müdafiə edir. Qeyd etdiyimiz kimi, “Təzadlar” İlham Mirzəyevin törətdiyi cinayət əməlini əks etdirən İttiham Aktını əldə edib. Aşağıda həmin sənədin 4-cü hissəsini təqdim edirik:

İTTİHAM AKTI

“Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru Əliyev İsmayıl İsrayıl oğlu Mirzəyev İlham Əlikram oğlunun Azərbaycan Respublıkası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 1419000153 nömrəli cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edərək Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsini rəhbər tutub, hazırkı ittiham aktını tərtib etdim. Həmin cinayət işi 10 aprel 2014-cü il tarixdə tərəfimdən faktla görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış və icraatıma qəbul edilərək ibtidai istintaqı aparılmısdır”.

Əvvəli bu linklərdə:

http://publika.az/p/41707

http://publika.az/p/42157

http://publika.az/p/42596

“...Cinayət işi üzrə şahid qismində dindirilmiş K. (ad şərtidir - red.) ifadəsində göstərmişdir ki, 10 aprel 2014-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları keçiriləcək əməliyyat tədbirində hal şahidi qismində iştirak etməyi ona təklif etmişlər. Polis əməkdaşları tanımadığı daha bir nəfər şəxsi şahid qismində iştirak etməkdən ötrü dəvət etmiş, hər ikisinə hüquq və vəzifələri izah olunmuşdur. Həmin vaxt orada polislər deyərkən məlum olmuşdur ki, sonradan adını bildiyi X. “İlhaMed” tibb mərkəzinin direktoru və orada psixoloq işləyən İlham Mirzəyevə müraciət etmiş, İlham Mirzəyev ona söz vermişdir ki, 3000 avro pul versə, onu sevdiyi şəxslə qovuşduracaqdır. X. İlham Mirzəyevə inandığı üçün ona 1600 avro pul vemiş, qalan 1400 avro pulu da İlham Mirzəyev həmin gün gətirib ona çatdırmasını söyləmişdir. X. adlı qadın isə sonradan aldadıldığını başa düşdüyü üçün polisə şikayət etmişdir. Polislər onaların iştirakı ilə protokol tərtib edərək X.-nın şəxsi vəsaitindən olan 14 ədəd 100-lük avro pul əsginazlarının seriya və nömrələrini yazmış, pulların kserosurətləri çıxarılmış və həmin pulları X.-ya vermişlər ki, İlham Mirzəyevlə görüşərkən pulları ona təqdim etsin. Həmin gün, saat 15:30-da polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 ünvanında yerləşən “İlhaMed” tibb mərkəzinin qarşısına gəlmişlər. Şikayətçi X. onlardan ayrılıb “İlhaMed” tibb mərkəzinin direktoru İlham Mirzəyevin otağına daxil olmuş, təxminən 10 dəqiqədən sonra X. çölə çıxıb polislərə şərti işarə ilə xəbər vermişdir. Bundan sonra polis əməkdaşları, o və hal şahidi qismində dəvət olunmuş digər şəxslə birlikdə “İlhaMed” tibb mərkəzinə daxil olmuşlar. Polis əməkdaşları tibb mərkəzində girişlə üzbəüz yerləşən direktor otağının qapısını açıb içəri daxil olduqda həmin otaqda əvvəllər televiziya kanallarından teleaparıcı və psixoloq kimi qiyabi tanıdığı İlham Mirzəyev olmuşdur. Polis əməkdaşları xidməti vəsiqələrini İlham Mirzəyevə təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını söyləmiş, onu əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış etmiş və bildirmişlər ki, X. onun barəsində şikayət etmişdir. Şikayətçi X. özü orada bildirmişdir ki, İlham Mirzəyev ona deyib ki, fotoşəkilləri və 3000 avro pulu İsrail dövlətinə göndərəcəkdir ki, sevdiyi oğlanla onu qovuşdursun. İlham Mirzəyev özü polislərə etiraf etmişdir ki, həqiqətən də əvvəllər bir neçə dəfə X. onun qəbulunda olmuş, hər dəfə o, X.-ya psixoloji yardım göstərmiş, hər dəfə bu xanım göstərdiyi psixoloji yardıma görə direktoru olduğu tibb mərkəzinə 50 manat pul ödəmiş, həmin gün də bir qədər əvvəl X. onun qəbuluna gəlmiş və iş otağında ona 1400 avro pul vermişdir. Polislər təklif etmişlər ki, həmin pulları təqdim etsin. Polislərin təklifindən sonra İlham Mirzəyev iş otağında əyləşdiyi stolun sağ tərəfindəki dörd gözlü siyirtmə şkafın yuxarıdan ikinci gözündn 14 ədəd 100-lük avro pul əsginazlarından ibarət cəmi 1400 avro məbləğində pulları götürüb təqdim etmiş və bildirmişdir ki, həmin pulları X. psixoloji yardım göstərməsi üçün bir qədər əvvəl otağında ona vermişdir. Polislər İlham Mirzəyevin təqdim etdiyi 14 ədəd 100-lük avro pul əsginazlarının seriya və nömrələri polis əməkdaşlarının bir müddət əvvəl onların iştirakı ilə protokol tərtib edərək X.-ya verdikləri pulların seriya və nömrələri ilə eynidir. Polislər həmin 14 ədəd 100-lük avro pul əsginazlarını kağız zərfdə qablaşdırıb möhürləyərək götürmüş və fotoçəkilişi aparmışlar. Sonda bununla bağlı protokol tərtib olunmuşdur. Protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir şikayət və təklif olmamış, hamısı protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Polis əməkdaşalrı İlham Mirzəyevi izahat verməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O və hal şahidi qismində dəvət olunmuş digər şəxs polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qayıtmışlar. Orada İlham Mirzəyev izahat verdikdən sonra onun və digər hal şahidinin iştirakı ilə 2 ədəd 500-lük, 4 ədəd 100-lük və 4 ədəd 50-lik avro pul əsginazlarından ibarət cəmi 1600 avro pulları, şikayətçi X.-nın və bir nəfər kişi cinsinə mənsub şəxsin iki ədəd rəngli fotoşəkillərini polislərə təqdim etmişdir. İlham Mirzəyev özü polislərə etiraf etmişdir ki, təqdim etdiyi 1600 avro pulu və iki ədəd rəngi fotoşəkilləri bir gün əvvəl, yəni 09 aprel 2014-cü il tarixdə şikayətçi X. ona vermişdir ki, onu sevdiyi oğlana qovuşdursun, elə etsin ki, gələcəkdə oğlan onunla evlənsin. Polislər onların iştirakı ilə İlham Mirzəyevin təqdim etdiyi 1600 avro pulu və iki ədəd rəngli fotoşəkilləri ayrı-ayrı kağız zərflərdə qablaşdırmış və zərflərin üstünü möhürləyərək götürmüşlər. Sonra polis əməkdaşları bu barədə protokol tərtib etmiş, protokol ucadan oxunmuş, heç bir şikayət, təklif olmamış, hamısı protokolun doğruluğunu imzalarla təsdiq etmişlər.

Cinayət işi üzrə şahid qismində dindirilmiş Q. şahid K.-la eyni məzmunlu ifadə vermişdir.

Cinayət işi üzrə şahid və zərərçəkmiş şəxs qismində dindirilmiş L. ifadəsində göstərmişdir ki, 17 oktyabr 2009-cu ildə oğlu Ş. həmkəndlisi R. ilə ailə həyatı qurmuş, ailə qurduqları zamandan etibarən oğlu Ş. həyat yoldaşı ilə cinsi həyat yaşaya bilməmişdir. Oğlu Ş.-nı və gəlini R.-nı müxtəlif tibb müəssisələrinə aparmış, çoxsaylı həkimlərə müraciət etmişlər. Hətta, iki dəfə oğlu Ş. tibbi müayinə və müalicə üçün İran İslam Respublikasına və iki dəfə Rusiya Federasiyasına gedərək həkimə müraciət etmişlər. Beləcə, bu illər ərzində çoxsaylı həkimlərə müraciət etmələrinə və oğlu Ş. müxtəlif həkimlər tərəfindən təyin olunmuş müalicə kursları keçməsinə, çoxsaylı dərmanlar qəbul etməsinə baxmayaraq, onda heç bir müsbət dəyişiklik olmamışdır. 2014-cü ilin fevral ayının əvvəllərində qardaşı O. televizorda görmüşdü ki, “İlhaMed” tibb mərkəzində işləyən İlham Mirzəyev toy gecəsi yaşanan uğursuzluqla bağlı problemləri həll edə bilir. Bu cür xəstələri sağaldır. Qardaşı Ə. reklamdan tibb mərkəzinin nömrəsini götürüb zəng vurmuş və maraqlandıqda ona bildirmişlər ki, həqiqətən də həmin tibb mərkəzində oğlu Ş.-nın düçar olduğu dərdin çarəsi vardır. Qardaşı Ə. sevincək bu xəbəri onlara vermiş və beləcə, qərara gəlmişlər ki, həmin tibb mərkəzinə müraciət etsinlər. Hələ bu hadisəyə qədər hamı kimi o və ailə üzvləri də İlham Mirzəyevi televizorda “Tale yolları”, “Etiraf” verilişlərinin aparıcısı kimi görmüş, tanımışlar. Onun televizorda apardığı verilişlərdən belə bilmişlər ki, bu insan psixoloqdur, öncəgörəndir, insanlara psixoloji yardım göstərir, insanların gələcəyindən xəbər verir. 2014-cü il fevral ayının ortalarında o, oğlu Ş., gəlini R., gəlininin anası M. və qardaşı Ə. Bakı şəhəri, Nərnimanov rayonu ərazisində Ayna Sultanova heykəlinin yaxınlığındakı “Cıdır” atçılıq meydanının arxa tərəfində çoxmərtəbəli binanın ikinci mərtəbəsində fəaliyyət göstərən “İlhaMed” tibb klinikasına gəlmişlər və qəbulda oturan xanıma yaxınlaşıb toy gecəsi uğursuzluğu ilə bağlı gəldiklərini söyləmişlər. Həmin xanım onları İlham Mirzəyevin qəbuluna yazmış və bundan sonra 20 fevral 2014-cü il tarixdə, saat 16:00-da o, oğlu Ş., gəlini R., gəlinin anası M. və qardaşı Ə. “İlhaMed” tibb klinikasına gəlmiş, İlham Mirzəyevin qəbuluna düşmək üçün 50 manat pul ödəmiş və tibb mərkəzinin direktoru İlham Mirzəyevin qəbuluna düşüb ona dərdlərini danışmışlar. Hətta, İlham Mİrzəyevə bildirmişlər ki, bu illər ərzində oğlu Ş. müxtəlif həkimlərə müraciət etmiş, hətta iki dəfə müalicə üçün İrana və iki dəfə Rusiyaya getmiş, orada da müayinə olunmuş, bütün müraciət etdikləri həkimlər oğlunun tamamilə sağlam olduğunu, yəni bir kişi kimi cinsi həyat yaşamaq qabiliyyətinə malik olduğunu, sadəcə öz həyat oldaşı ilə cinsi həyat yaşaya bilmədiyini söyləmişlər. İlham Mirzəyev əvvəlcə onları tibb mərkəzindəki G. adlı həkimin yanına göndərmişdir ki, gəlini R.-nı uzi müayinəsindən keçirsin. Uzi müayinəsi üçün əlavə 100 manat pul ödəmişlər. Uzi müayinəsinin nəticələrinə görə, gəlini R. tamamilə sağlam olduğu məlum olmuşdur. Bundan sonra İlham Mirzəyev bildirmişdir ki, “narahat olmayın, mən bu problemi həll edəcəyəm, 16 seansa mən sizin uşaqları sağaldıb özünüzə verəcəyəm. 16 seansdan sonra oğlunuz və gəlininizdə heç bir problem qalmayacaq, onlar normal cinsi həyat yaşayacaqlar”. Qəbul zamanı İlham Mirzəyev bu problemi həll edəcəyinə tam şəkildə onları əmin etmiş, bildirmişdir ki, bu işlə psixoloqlar məşğul olacaqlar. O özü bütün prosesə nəzarət edəcəkdir, müalicə kursuna özü rəhbərlik edəcəkdir. Sonra İlham Mirzəyev qəbulda oturan qadını çağırmış, nə isə hesabladıdan sonra bildirmişdir ki, 16 seanslıq müalicə kursunun hər dəfəsində oğlu Ş. və gəlini R. ayrı-ayrılıqda psixoloqun qəbulunda olacaqlar. Hər biri ayrı-ayrılıqda hər dəfə fizioterapiya müalicəsindən keçəcəklər...”

“İlham Mirzəyev onları tam əmin etmişdir ki, “sizin problem mənlikdir, mən bu işi həll edəcəyəm, bizim klinika bu cür məsələləri həll edir””

“...İlham Mirzəyev bildirmişdir ki, oğlu Ş.-nın və gəlini R.-nın hər dəfə psixoloqun qəbulunda olması üçün hər birinə ayrı-ayrılıqda 30 manat, oğlu Ş.-nın və gəlini R.-nın hər dəfə fizioterapiya müalicəsindən keçməsi üçün hər birinə ayrı-ayrılıqda 12 manat pul ödəməlidirlər. Yəni ikisinə birlikdə 1 günlük seans üçün 84 manat, 16 günlük müalicə üçün 1344 manat pul ödəməlidirlər. İlham Mirzəyev onları tam əmin etmişdir ki, “sizin problem mənlikdir, mən bu işi həll edəcəyəm, bizim klinika bu cür məsələləri həll edir”. O və yanındakı ailə üzvləri İlham Mirzəyevin verdiyi vədlərə tam şəkildə inanmış və həmin tibb mərkəzində İlham Mirzəyevin təyin etdiyi 16 günlük seansdan keçməyə qərar vermişlər. Bundan sonra, oğlu Ş. və gəlini R. “İlhaMed” tibb klinikasında müalicə seanslarına getməyə başlamış və həftədə 3 dəfə həmin tibb mərkəzində seanslarda olmuşlar. Hər dəfə onları G. adlı psixoloq ayrı-ayrılıqda qəbul edib ayrı-ayrılıqda 30-40 dəqiqə söhbət etmiş, bir də gündəlik fizioterapiya müalicəsi keçmişlər. İlham Mirzəyev özü bu işə rəhbərlik etmiş, hər dəfə İlham özü həkimin yanına gəlmiş, onlara da demişdir ki, “narahat olmayın, özünün nəzarəti altındadır, hər şey yaxşı olacaqdır, seansdan sonra özünüzdə dəyişikliyi görəcəksiniz”. Hətta müalicə dövründə o özü iki-üç dəfə İlham Mirzəyevlə görüşüb xahiş etmişdir ki, uşaqları özü də müalicə etsin. İlham Mirzəyev isə demişdir ki, o özü nəzarət edir, axır seanslarda şəxsən özü oğlunu və gəlinini qəbul edəcək, özü məşğul olacaqdır.

İlham Mirzəyev ona demişdir ki, “oğlanla qızın üstünə getməyin, onlardan heç nə soruşmayın ki, nə oldu, necə oldu, müalicə ilə bağlı onlardan heç nə soruşub maraqlanmayın, səbirli olun, hər şey yaxşı olacaqdır”.

Beləcə, gəlini R. 16 günlük seansları tam şəkildə bitirmiş, oğlu Ş. isə 15 günlük seansdan keçib 1 seansı qalmışdır. Oğlu Ş. sonuncu dəfə “İlhaMed” tibb mərkəzində 02 aprel 2014-cü il tarixdə olmuş və özü axırıncı seansa getməmişdir ki, o İlham Mirzəyevin bu müalicəsinə inanmır, heç bir nəticəsi də yoxdur. Bir həftə əvvəl onların seansı başa çatmış, lakin oğlu Ş. və gəlini R.-nın cinsi həyat yaşamaqla bağlı uğursuzluğu aradan qalxmamış, İlham Mirzəyevin təyin etdiyi müalicənin heç bir nəticəsi olmamışdır. Halbuki o, uşaqların müalicəsi üçün pulu olmadığından rayonda qohum-əqrəbadan borca pul götürmüş, həmin borcu ödəmək üçün isə dövlət tərəfindən verilmiş 2 hektar pay torpağını 6 illik icarəyə verib, borcunun bir hissəsini, yəni 1000 manatını ödəmişdir. Oğlunun toy gecəsi uğursuzluq problemi həll olunmadığı üçün istəmişdir ki, “İlhaMed” tibb mərkəzinə gedib İlham Mirzəyevdən pulunu geri tələb etsin. Çünki İlham Mirzəyev onları birinci dəfə qəbul etdikdə 16 seansdan sonra problemi tam şəkildə həll edəcəyinə, heç bir poblemin qalmayacağına əmin etmişdir. Bir neçə gün əvvəl televizora baxdıqda görmüşdür ki, “İlhaMed” tibb mərkəzinin direktoru İlham Mirzəyev insanları aldatdığına görə, fırıldaqçılıqla məşğul olduğuna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunmuşdur. Buna görə o da həmin idarəyə gələrək şikayət ərizəsi ilə müraiət etmişdir. Bildirmək istəyir ki, o, İlham Mirzəyevin yalan vədlərinə inandığı üçün onun tibb mərkəzinə 50 manat qəbul üçün, 100 manat uzi müayinəsi üçün, gəlini R.-nın 16 günlük seansı üçün 672 manat, oğlu Ş.-nın 15 günlük seansı üçün 630 manat olmaqla, cəmi 1452 manat pul ödəmişdir.

Cinayət işi üzrə şahid qismində dindirilmiş Ş. zərərçəkmiş şəxs L. ilə eyni məzmunlu ifadə vermişdir.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Mirzəyev İlham Əlikram oğlu ifadəsində göstərmişdir ki, adını sonradan bildiyi L. “İlhaMed” mərkəzinə gəlmiş və onun qəbulunda olmuşdur. L. qəbulunda olarkən oğlu və gəlininin toy gecəsi uğursuzluğu probleminin olduğundan danışmış və ondan xahiş etmişdir ki, bu problemin aradan qaldırılmasında onlara köməklik göstərsin. O, L.-ya heç nəyə söz verməmiş, sadəcə, demişdir ki, bu işdə onlara əlindən dələn köməkliyi edəcəkdir. O, psixoloq kimi öz iş otağında L.-nın oğlunu və gəlinini qəbul edib hər ikisini dinləmişdir. Sonrakı müddətdə L.-nın oğlu və gəlini bu problemlə bağlı direktoru olduğu “İlhaMed” tibb mərkəzində 16 günlük psixoloji müalicə kursu keçmişlər. L. şikayətində göstərdiyi kimi, 1452 manat pulu şəxsən ona verməmiş, bu pulu tibb mərkəzində oğluna və gəlininə göstərilən psixoloji yardıma görə ödəmişdir. O, bu qadının pulunu ələ keçirməmişdir.

İbtidai istintaq zamanı zərərçəkmiş şəxs L. və təqsirləndirilən şəxs Mirzəyev İlham Əlikram oğlu arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı L. əvvəlki ifadəsində göstərdiklərini İlham Mirzəyevin üzünə qarşı bir daha səsləndirmiş, sonuncu isə öz növbəsində zərərçəkmiş şəxs L.-nın üzləşdirmə zamanı hadisənin baş vermə şəraiti və mexanizmi ilə bağlı ifadəsini qismən təsdiq etmişdir...”.

Davamı var...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR