• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rav Şmuel Simantov: “Knessetdə tezliklə Xocalı soyqırımını tanıya bilər”

Rav Şmuel Simantov: “Knessetdə tezliklə Xocalı soyqırımını tanıya   bilər”

Xəbər verildiyi kimi, Diaspor Jurnalistləri Birliyi “Azərbaycanın xaricdəki əcnəbi dostları" layihəsini həyata keçirir. Məqsəd əcnəbi dövlət və ictimai xadimlərlə münasibətlərin yaradılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Əsas hədəflərdən biri də xaricdə Azərbaycana diqqətin daha da artırılmasıdır. Layihə çərçivəsində DJB tərəfindən Azərbaycana rəğbəti olan siyasətçi, jurnalist, yazıçı və s. nüfuzlu şəxslərdən müsahibələr hazırlanır. Layihə çərçivəsində növbəti müsahib “Vaad `Hatzolas Nidchei Yisroel” USA-Azerbaijan Beynəlxalq Humanitar Təşkilatının sədri və İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (AZİZ) İdarə Heyətinin üzvü Rav Şmuel Simantovdur. O, eyni zamanda İsraildə fəaliyyət göstərən Qayıdışın Üfüqi (“Keren Shel Tixiya”) təşkilatının sədridir.

- Cənab Şmuel, mümkünsə, özünüz haqda oxuculara məlumat verin...

- Mən Azərbaycanın Oğuz rayonunda doğulmuşam. Hazırda İsrail vətəndaşıyam. İsraildə Azərbaycandan gələn Dağ yəhudilərinin birliyini yaratmışam. Həmçinin onların ravinniyəm. 7 il bundan əvvəl isə “Vaad `Hatzolas Nidchei Yisroel” USA-Azerbaijan Beynəlxalq Humanitar Təşkilatının Azərbaycan bölməsinin rəhbəri vəzifəsinə təyin olunmuşam. Mərkəzi Nyu-Yorkda yerləşən bu təşkilatın Azərbaycanda ilk qurucularından olmuşam. Bu il təşkilatın 20 illiyi olacaq. Təşkilat olaraq nəinki Azərbaycanda humanitar işlərlə məşğul olmuşuq, həmçinin son 7 ildə Azərbaycanın səsini hər yerdə çatdırmağa çalışırıq. Təşkilatın ən böyük uğurlarından biri 907-ci düzəlişə prezident Buş tərəfindən veto qoyulmasında böyük rol oynamasıdır. Bundan əlavə də müxtəlif tədbirlərdə çalışırıq ki, Azərbaycanın adını daha da ucaldaq. Mən yeni bir təkliflərlə çıxış etmişəm. Belə ki, ABŞ-ın aparıcı media orqanlarında Azərbaycan həqiqətlərini yaymağa çalışacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik.

- İsraildə azərbaycanlılara qarşı münasibət necədir?

- Əvvəlki illərlə müqayisə də İsraildə Azərbaycanı çox yaxşı tanıyırlar. Azərbaycan haqqında danışanda, ilk olaraq cənab Prezident İlham Əliyev haqda çox gözəl sözlər eşidirik. Azərbaycan-İsrail münasibətləri yüksələn xətlə inkişaf edir. Dövlətlərarası sazişlər imzalanır, layihələr keçirilir. Bunun nəticəsidir ki, İsraildə Azərbaycanın nüfuzu çox yüksəkdir. Bu nüfuzu daha da yüksəltmək üçün nəinki dövlətlər arasında, eyni zamanda xalqlar arasında da təbliğat iş aparmaq lazımdır. Bunun üçün Azərbaycandan gedən və müxtəlif ölkələrdə yaşayan vətənpərvər qardaşlarımız birlik yaratmalıdır. Onlar əcnəbi dostlarına Azərbaycanı tanıtmalıdırlar. Mən böyük fəxrlə deyə bilərəm ki, Azərbaycandan olan yəhudilər harada yaşamalarından asılı olmayaraq özlərini Azərbaycandan kənar saymırlar. Azərbaycanın hər bir nailiyyətinə biz hamımız sevinirik. Azərbaycanın kədərinə də üzülürük.

- Ermənilərin sizə münasibəti necədir?

-Yəhudilərin Purin bayramı var. Purin bayramı yəhudiləri məhv etmək istəyən Amana qarşı müharibədə qələbə şərəfinə keçirilir. Tarixçilərin fikrincə, ermənilər elə həmin Amanın nəslindəndir. İsraildə erməni diasporu çox azlıq təşkil edir. Bir neçə il bundan qabaq ermənilər qondarma “soyqırımı” ilə bağlı Knessetdə qanun qəbul etdirmək istəyirdilər. Həmin zaman mən özüm 500 nəfər adam toplayıb etiraz təşkil etdik. Bundan başqa AZİZ-in o zamanki sədri İosif Şaqal Knessetdə kəskin şəkildə etirazını bildirdi. Orda bir neçə deputat da öz etiraz səsini qaldırdı. Bundan sonra həmin sənədi nəinki səsverməyə, heç müzakirəyə də çıxartmadılar.

- Knessetdə Xocalı soyqırımının tanınması üçün hansı addımlar atılır?

- Bu məsələ AZİZ tərəfindən İsrail parlamentində gündəmə gətirilib. Dəfələrlə Təl-Əviv şəhərində Xocalı soyqırımı ilə bağlı sərgi və iclaslar olub. Bu tədbirlərdə yüksək səlahiyyətli İsrail rəsmiləri də iştirak ediblər. Onlar özlərinin münasibətini bildiriblər. Bu istiqamətdə işlər sürətlə davam etdirilir. Fikrimcə, bu məsələ tezliklə öz müsbət həllini tapacaq.

- Azərbaycanda yəhudilərə olan münasibətdən razısınızmı?

- Azərbaycanda 17 minə yaxın Dağ yəhudisi yaşayır. Əgər onlara pis münasibət olsaydı bu qədər sayda yəhudi Azərbaycanda yaşamazdı. Hətta bu gün bir çox iş adamları Azərbaycana gəlib iş qururlar. Həmçinin sadə yəhudilər də Azərbaycana gəlirlər. Mən özüm tez-tez Azərbaycan gəlirəm. İsraildən Azərbaycana həftədə iki dəfə təyyarə reysi var. Təyyarədə oturmağa yer tapılmır. Görürəm ki, nə qədər bura gəlmək istəyən, can atan yəhudi qardaşlarımız var. Bu onu göstərir ki, İsraildən Azərbaycana çox adam gəlir. Bura gələn hər bir kəs Azərbaycandakı inkişafı görüb geri qayıtmaq istəmir. Qayıdanlar da xoş təəssüratla qayıdırlar. Bu böyük işdir. Fikrimcə, Azərbaycanda turizmi daha da inkişaf etdirmək lazımdır. Turizmin özü də bir taktikadır. Bununla Azərbaycanın tanınması üçün böyük nailiyyətlər əldə etmək olar. Azərbaycanda turizmin inkişafı üçün dünyanın heç yerindən olmayan şərait var. Biz yəhudi icması olaraq hər zaman Azərbaycan xalqının və Azərbaycan dövlətinin yanındayıq. Azərbaycanda yəhudilərə qarşı hər zaman xoş münasibət olub. Tolerantlıq Azərbaycan xalqının qanında və canında var. Azərbaycan tolerantlıq mərkəzi kimi dünyaya nümunədir. Bu gözəl nailiyyətlər ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti nəticəsində qazanılıb. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnanıram ki, bu siyasət yüz illərlə də davam edəcək.

- İsrail mediasında Azərbaycanla bağlı yetərincə məlumatlar verilirmi?

- Azərbaycan haqqında İsrail mediasında həmişə müsbət məlumatlar yer alır. Amma bu istiqamətdə işi daha da gücləndirməliyik.

- İsraildə müsəlmanlara münasibət necədir?

- İsraildə müsəlmanlar haqqında mənfi fikir olmayıb. İsraildə bir milyona yaxın müsəlman ərəb yaşayır. Heç kim onlara təzyiq göstərmir.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR