• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Dəb xatirinə Azərbaycan dilini unutdurmağa çalışırlar

Dəb xatirinə Azərbaycan dilini unutdurmağa çalışırlar

"Reklam haqqında" yeni qanun layihəsi Milli Məclisin İqtisadi siyasət komitəsinin 2014-cü il payız sessiyası üzrə qanunvericilik işləri planına daxil edilib. Trend xəbər verir ki, bu barədə Komitənin sentyabrın 19-da keçirilən iclasında sədr Ziyad Səmədzadə bildirib.

Onun sözlərinə görə, adıçəkilən qanun layihəsi komitə üzvləri - deputatlar Əli Məsimli və Vahid Əhmədov tərəfindən hazırlanıb və həmin sənədin artıq parlament rəhbərliyi tərəfindən qanunvericilik işləri planına daxil edilməsi məqsədəuyğun sayılıb.

Sözügedən qanun layihəsinin müəlliflərindən olan Vahid Əhmədov "Reklam haqqında" Qanunun qəbulundan təxminən 15 il keçdiyini xatırladıb və artıq bu sahədə yeni sənədin qəbuluna ciddi ehtiyac duyulduğunu deyib: "Həmin vaxtdan bu yana ölkənin iqtisadi-siyasi həyatında, reklam bazarında xeyli dəyişikliklər baş verib. Bizim hazırladığımız yeni qanun layihəsində də xeyli yeniliklər, əlavələr var. Demək olar ki, mövcud qanunun 70 faizi dəyişdirilib. Hesab edirəm ki, dövrün reallıqları və tələbləri baxımından yeni qanunun qəbuluna çox böyük ehtiyac var və çox güman ki, biz onu payız sessiyasında müzakirələrə çıxarıb qəbul edə biləcəyik".

Qanun layihəsinin digər müəllifi Əli Məsimli də adıçəkilən sənədin qanunvericilik işləri planına daxil edilməsindən məmnunluğunu bildirib. O, qeyd edib ki, bu gün Azərbaycanda reklamların vəziyyəti olduqca bərbaddır: "Küçəyə çıxıb 15 dəqiqə gəzib dolaşaraq baxmaq kifayətdir ki, reklamların nə vəziyyətdə olduğunu biləsən. Ona görə hesab edirəm ki, belə bir qanunun qəbulu çox vacibdir".

Komitə sədri Z.Səmədzadə də öz növbəsində Azərbaycanda reklamların vəziyyətindən narazılığını ifadə edib. O, xüsusilə reklamların dilinə diqqət çəkib: "Kimlərsə az qala dəb xatirinə Azərbaycan dilini unutdurmağa çalışırlar. Bu, düzgün deyil. Bu gün telekanallarda Azərbaycan dilində Azərbaycan məhsullarının, xüsusilə, yerli brend məhsulların reklamına da rast gəlmək olmur. Bu baxımdan, mən də hesab edirəm ki, "Reklam haqqında" yeni qanunun qəbulu çox əhəmiyyətlidir".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR