Aida İmanquliyevanın xatirəsi anıldı
Bizi izləyin

Qırmızı.az

Aida İmanquliyevanın xatirəsi anıldı

Sentyabrın 19-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri İkinci Fəxri xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini ehtiramla andılar, məzarı önünə əklillər qoydular.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, Aida İmanquliyevanın Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı və ilk azərbaycanlı ərəbşünas qadın olduğunu söylədi və onun özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə, yeni bir yol açdığını qeyd etdi.

Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva çıxış edərək, 22 il öncə dünyasını dəyişmiş böyük alimin keçdiyi həyat yolundan danışdı, Aida xanımın həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadın, ana, həyat yoldaşı kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını qeyd etdi. Aida xanımın elmi fəaliyyətinin hər bir dövrünü xatırladan Gövhər xanım, onun müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığını, yeni bir məktəbin əsasını qoyduğunu söylədi.

Böyük alimin qoyduğu zəngin elmi irslə yanaşı, elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən söz açan G.Baxşəliyeva, onun Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərdiyini vurğuladı. Oktyabr ayının 10-da böyük alimin 75 illiyinin keçiriləcəyini bildirən Gövhər xanım, bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin və Şərqşünaslıq İnstitutunun beynəlxalq elmi konfrans təşkil edəcəyini nəzərə çatdırdı. G.Baxşəliyeva Aida İmanquliyevanın itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm