Vətəndaş nikahı rəsmiləşdirilərsə...
Bizi izləyin

Qırmızı.az

Vətəndaş nikahı rəsmiləşdirilərsə...

1962-ci ildən həyat yoldaşımla birlikdə yaşayırdıq. Rəsmi nikahımız olmayıb, bunu etmək ağlımıza da gəlməyib. İki il əvvəl yoldaşım ağır xəstələndi. Aylarla xəstəxanada, sonra evdə ona baxdım. Amma o öləndən sonra küçədə qaldım. Birlikdə tikdiyimiz, əşyalar aldığımız evi, yoldaşımın anası satdı övladımız olmadığına görə evdə haqqımın olmadığını əsas gətirib məni küçəyə atdı.

Firuzə xanımın yaşının bu çağında küçələrdə qalmasının, sığınacaq yeri axtarmasının səbəbi rəsmi nikahının olmamasıdır. İndi Azərbaycanda rəsmi nikahı olmadan ailə quran, övlad dünyaya gətirən qadınların sayı kifayət qədərdir.

Rəsmi qeydiyyata alınmayan bu nikahlardan doğulan uşaqlar və qadınlar bir çox hüquqlardan məhrum qalır. Vətəndaş nikahı adlanan bu münasibətdən doğulan uşaqların hüquqlarını qorumaq üçün məhkəmələr tərəfindən atalığın təsdiqlənməsi mütləqdir. Atalıq bioloji və DNT yolu ilə təsdiqlənir. Bəzi məqamlarda bu hüquqdan xəbərsiz olan qadınlar atalıq hüququndan imtina etmiş kişinin arxasınca illərlə sürünür. Bu da gələcəkdə uşağın vərəsəlik, qeydiyyat və s. hüquqlarının pozulması ilə nəticələnir.

Övladlarının hüquqlarını qoruya bilməyən qadının öz hüquqlarının müdafiəsi üçün mübarizə aparmasından danışmaq isə yersiz görünür. Heç qanunvericilik də onların hüquqlarını qorumur.

Bəs ölkənin reallığı olan bu nikahda yaşayanlarla bağlı qanunda dəyişikliyə ehtiyac varmı?

Sualımıza Publika.az-ın “Qırmızı xətt” layihəsində ekspertlərlə birlikdə cavab axtaracağıq.

Rəqəmlər

Ölkədə vətəndaş nikahından doğulan uşaqların statistikasını araşdırdıq. Mənzərə heç də ürəkaçan deyil. Rəqəmlər göstərir ki, 2011-ci ildə rəsmi nikahdan kənar doğulan uşaqların ümumi sayı 30 983 olub. Bu doğuşların 5177-i Bakıda, 608-i isə Sumqayıtda qeydə alınıb.

Son 10 il ərzində Azərbaycanda rəsmi qeydə alınmış nikahdan kənar doğulan uşaqların sayı təxminən 4 dəfə artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2000-ci ildə rəsmi qeydə alınmış nikahdan kənar doğulan uşaqların sayı 6 282 nəfər idisə, 2010-cu ilin sonuna bu göstərici 25 385 nəfərə çatıb. Onlardan 11 517 nəfəri şəhər, 13 868 nəfəri isə kənd yerlərində dünyaya gəlib.

2012-ci ildə isə 27 min uşaq qeyri-rəsmi nikahdan doğulub. Bu faktları bölgələr üzrə nisbətinə gəldikdə, Cəlilabadda rəsmi nikahda olmayan qadınlar tərəfindən doğulan uşaqlar həmin rayonda doğulan bütün uşaqların 49,2 faizini, Ağstafada 29,8 faizini, Masallıda 29,6 faizini, Goranboyda 27,2 faizini, Qazaxda 25,4 faizini, Gəncədə 15,2 faizini təşkil edib.

2013-cü ilin statistikasına görə, nikahdankənar doğulan uşaqların sayı 26 mindən çoxdur.

Niyə vətəndaş nikahı?

Bu nikahda yaşayanların kiçik bir qismi el arasında “yaşı keçmiş” kimi qəbul edilən qızlardır. Onlar “qarımış” adından xilas olmaq üçün bu cür yaşamaq və övlad sahibi olmaq yolunu seçirlər. Avropada vətəndaş nikahında yaşayan qadından fərqli olaraq, azərbaycanlı qadın kişidən ayrılandan sonra məhkəmələrdə sürünməli olur.

Problemin qarşısını almaq üçün təklif bir neçə gün əvvəl Milli Məclisin Komitə iclasında millət vəkili Fəzail Ağamalı tərəfindən səsləndirildi. O, vətəndaş nikahları ilə bağlı Ailə Məcəlləsinə dəyişikliyin edilməsini təklif etdi.

Azərbaycan dünyadan təcrid edilməyib

F.Ağamalı Publika.az-a vətəndaş nikahlarının rəsmiləşdirilməsi ilə bağlı təklifini belə əsaslandırıb:

“Azərbaycan qanunvericiliyində vətəndaş nikahı, bu nikahdan dünyaya gələn uşaqlar qarşısında valideyn məsuliyyətini tənzimləyən heç bir müddəa yoxdur. Azərbaycanda vətəndaş nikahı ilə yaşayan insanların olması sirr deyil. Nikah pozulandan sonra bu ailələrdə dünyaya gələn uşaqlar və qadınlar kişinin imkanlarından yararlana bilmirlər. Özünün və uşağının haqqını tələb etmək üçün məhkəməyə müraciət edən qadının heç bir hüququ olmur”.

Lakin məsələ birmənalı qarşılanmır. Qərarın çoxarvadlılıq kimi problemə səbəb olacağını düşünənlərin sayı kifayət qədərdir. Millət vəkili isə bu düşüncənin yanlış olduğunu bildirib.

“Bizim təklifimiz gənclərin vətəndaş nikahı ilə yaşaması və onların ailə münasibətlərinin tənzimlənməsidir. Dünyada bu cür yaşam geniş yayılıb, Azərbaycan da dünyadan təcrid edilməyib. Bir çox sahələrdə olduğu kimi, bu məsələdə də dünyaya inteqrasiya oluruq, bu proseslər bizdə də müşahidə edilir.

Vətəndaş nikahlarının artmasını, bu nikahların tərəflər qarşısında hər hansı məsuliyyət yaratmadığını nəzərə alaraq bu təklifi irəli sürmüşəm. Bununla bağlı Ailə Məcəlləsində və bir sıra qanunlarda dəyişiklik edilməlidir. Lakin əvvəlcə Sosial Siyasət Komitəsi tərəfindən layihə hazırlanmalıdır”.

Kişilər soyadlarını vermək istəmir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, bir müddət birlikdə yaşamış, sonradan hər hansı problemlə bağlı ayrılan qadınlar tərəfindən Komitəyə kifayət qədər müraciətlər daxil olur:

“Münasibətlərini dövlət qeydiyyatından keçirməyən ailələrin sayı kifayət qədərdir. Bu cür ailələrdə dünyaya gələn uşaqlara sənəd verilməsində və aliment alınmasında problemlər yaranır. Bu baxımdan uşaqların hüquqlarının pozulmaması, aliment almaları üçün qanunda sadələşdirici addımların atılmasının tərəfdarıyıq. Lakin bugünkü qanunvericiliyə görə, rəsmi nikahdan doğulan uşaqlarla vətəndaş nikahından doğulan uşaqlarınstatusu eynidir. BMT-nin “Nikahdan kənar doğulan uşaqlar haqqında” Konvensiyası var. Azərbaycan bu Konvensiyaya qoşulub. Ailə Məcəlləsində də nikahdan kənar doğulan uşaqların hüquqlarının nikahdan doğulan uşaqlarla eyni olduğu qeyd edilib.

İrəli sürülən təklifdə vətəndaş nikahının rəsmi nikah kimi qeyd edilməsi və hansı formada qeydiyyata alınması qeyri-müəyyəndir. Bunun mexanizmi müəyyən edilməlidir. Vətəndaş nikahına hansı status veriləcəyi, qanunvericiliyə necə uyğunlaşdırılacağı aydınlaşdırılmalıdır”.

T.İbrahimova bu nikahdan doğulan uşaqların hüquqlarına da toxundu:

“Hazırda ölkədə ailə münasibətlərini tənzimləyən qanunvericilik bazası və dövlət orqanında qeydiyyatdan keçmiş nikahın hüquqi statusu var.

Vətəndaş nikahından doğulan uşaqların yeganə problemi atalıq soyadı və alimentlə bağlıdır. Çox zaman kişilər qeyri-rəsmi yaşadıqları qadından dünyaya gələn uşaqlarına soyadlarını vermək istəmirlər. Bunun üçün də məhkəməyə müraciət edilir. Məhkəmə yolu ilə bu fakt təsdiqlənir”.

Komitə rəsmisi dünya praktikasında vətəndaş nikahında yaşayanların qeydiyyatının aparılması ənənəsindən də danışdı:

“Vətəndaş nikahı qeydiyyata alına bilər. Lakin bu, sadəcə tərəflərin birlikdə yaşadığını təsdiqləyən bir prosedur olmalıdır. Həmin şəxslər ərazi üzrə müvafiq dövlət qurumuna vətəndaş nikahında yaşamaları ilə bağlı məlumat verməlidirlər. Amma bu, nikahın rəsmmi qeydiyyatı kimi qəbul edilmir.

Bu, vətəndaş nikahında yaşayan qadınların zorakılığa məruz qalmaması üçün atılan addımdır. Dövlət tərəfindən bu cür faktlara qarşı təcili tədbirlər görmək üçün qeydiyyat aparılır. Bəzi xristian ölkələrində dini nikahlar da rəsmi nikahlar kimi hüquqi status daşıyır. Yəni, cütlüyün kilsədə nikah bağlaması tərəflər qarşısında məsuliyyət müəyyən edir. Bizdə isə kəbinlərin sayı kifayət qədər olsa da, lakin bunun heç bir hüquqi dəyəri olmur”.

Kişilər ikiarvadlılıqdan çəkinəcək

Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu qadınların hüquqlarının qorunması üçün qanunvericilikdə bu cür dəyişikliyin edilməsini vacib hesab edir.

“Bizim təşkilata vətəndaş nikahının yaratdığı problemlərlə üzləşən yüzlərlə qadın müraciət edir. Uzun müddət birlikdə vətəndaş nikahında yaşayan tərəflərin münasibəti pozulur, birlikdə alınmış ev və digər mülkdən qadına heç bir pay düşmür. Bu problemi yaşayan qadınların sayı yüzlərlədir. Bu baxımdan, məsələnin gündəmə gəlməsi və həmin qadınların hüquqlarının pozulmasının qarşısının alınmasına ehtiyac var”.

Qanunda vətəndaş nikahları ilə bağlı ediləcək dəyişikliyin gələcəkdə çoxarvadlılığa səbəb olacağı ilə bağlı fikirə gəlincə, N.Cəfəroğlu bununla razılaşmadığını bildirib:

“İndi də çox arvad saxlayanların sayı yetərincədir. Qanunda bu dəyişiklik çoxarvadlılığa səbəb olmayacaq, əksinə qarşısını alacaq. Çünki indi bir neçə qadın saxlayan kişilərin sayı yetərincədir. Qadın və övladları qarşısında məsuliyyətlərinin olmaması onların işini asanlaşdırır. Bu nikahdan doğulan uşaqlar küçədə qalır. Qanunda dəyişiklik edilsə, kişilər mülklərini paylaşmaqdan qorxaraq, ikiarvadlılıqdan çəkinəcəklər”.

Bu nikahda yaşayan qız əvvəldən qərar verməlidir

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, hazırda bu məsələnin Azərbaycan qanunvericiliyinə salınmasına ehtiyac yoxdur:

“Tərəflər vətəndaş nikahında yaşasalar belə, dünyaya gələn uşaq barədə valideynlik hüququ müəyyən edilə bilir. Qarşı tərəfi məhkəməyə verərək, atalığı təsdiq etmək mümkündür. İndiki dövrdə Azərbaycan qanunvericiliyinə bu məsələnin salınmasının tərəfdarı deyiləm. Çünki bunu qanuna salmaq vətəndaş nikahının qanuniləşdirilməsi kimi başa düşülür. Milli dəyərlər baxımdan da bu, qəbul edilmir. Üstəlik, Sovet dövründə bu məsələ cinayət tərkibli idi. Bu əmələ görə cinayət məsuliyyətinin götürülməsi irəliyə doğru bir addım hesab edilə bilər. Lakin milli-mənəvi dəyərlər baxımdan, ailənin müqəddəsliyi nəzərə alınaraq bu məsələnin qəbul edilməsini düzgün hesab etmirəm. İki-üç yerdə ailə saxlanmasının tərəfdarı deyiləm”.

Millət vəkili onu da əlavə etdi ki, vətəndaş nikahı qarşılıqlı razılaşma əsasında olur. Bu məsələdə kimisə cəzalandırmaq mümkün deyil.

“Tərəflər qarşılıqlı anlaşma ilə birlikdə yaşayır. Bu cür yaşamağa qərar verən qız da hüquqlarının olmadığını əvvəldən fikirləşməlidir. Sadəcə bu cür nikahlarda qadının mülkiyyət hüququ pozulur”.

Bu, eybəcər hallara səbəb ola bilər

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, Azərbaycan ailəsi heç vaxt bugünkü kimi gərgin olmayıb. Bu məqamda belə bir yeniliyin edilməsinə ehtiyac yoxdur:

“Azərbaycanda ailə institutunun ciddi ənənəsi olub. Bütün ciddi sosioloq və filosoflara görə, ailə institutu təkmil olan cəmiyyətlər daha çox inkişaf edir. Bu institutu aşınmaya məruz qoyan amilləri aradan qaldırmaq lazımdır. Təklif edilən məsələ də, bu institutun formalaşmış dəyərlərinə zərər vura bilər.

Biz ailələrin daha ciddi və vacib problemlərini unudub, onun əlamətləri ilə mübarizə aparmağa çalışırıq. Məsələ ilə köklü şəkildə məşğul olmaq lazımdır. Vətəndaş nikahını qanuniləşdirmək və ya icazə verməklə bütün dünyaya örnək olan ailə institutumuzu cəmiyyətin ixtiyarına buraxırıq.

Onun fikrincə, vətəndaş nikahına icazə verilməsi eybəcər hallara gətirib çıxara bilər.

Cəmiyyətin gerçəkliyi olan vətəndaş nikahını rəsmiləşdirməkdənsə, onun yanlış bir hal olduğunu əsaslandırmaq lazımdır”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm