• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

ASAN xüsusi missiyaya başladı

ASAN xüsusi missiyaya başladı

“ASAN xidmət” Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar Fərmanın icrasına başlayır. Bu barədə Publika.az-a “ASAN xidmət” mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası prezidentinin 10 sentyabr 2014-cü il tarixli Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar torpaq sahələri və digər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi prosesinin daha səmərəli təşkili ilə bağlı tədbirlər haqqında Fərmanından irəli gələn məsələlərin icrasına başlanılıb.

Azərbaycan təbii qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətinin təmin edilməsi, habelə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin yerinə yetirilməsi zamanı müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair mülkiyyət, istifadə və icarə hüquqlarının əldə edilməsi prosesi ilə bağlı bir sıra xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinin təşkili məqsədi ilə artıq zəruri addımlar atılıb.

Bu məqsədlə “ASAN xidmət”-in müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobusları vasitəsi ilə səyyar formada əhaliyə xidmətlər göstəriləcək.

Bu ilin 20 sentyabr tarixindən Səyyar ASAN xidmət Hacıqabul rayonunda sakinlərə xidmət göstərəcəkdir. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Milli Arxiv İdarəsi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsi, həmçinin yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən həyata keçiriləcək.

Bu xidmətlərə aşağıdakılar daxildir:

- vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

- notariat fəaliyyəti;

- şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

- daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan bütün xidmətlər;

- hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi;

- torpaq sahəsinin plan-ölçüsü, bələdiyyə mülkiyyətinə ayrılan torpaq sahələrinin yerquruluşu planları, torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərlə bağlı arayışların verilməsi və digər torpaq kadastrı xidmətləri;

- müvafiq ərazi üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində olan torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin icarəyə verilməsinə razılıq verilməsi;

- müvafiq ərazi üzrə dövlət mülkiyyətində olan torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin istifadəyə və icarəyə verilməsi;

- müvafiq ərazi üzrə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi ilə əlaqədar sənədlərin qəbulu və təqdim edilməsi.

Xatırladaq ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR