İctimai nəqliyyatda nöqsanlar nədən və kimdən qaynaqlanır?
Bizi izləyin

Qırmızı.az

İctimai nəqliyyatda nöqsanlar nədən və kimdən qaynaqlanır?

Bu ilin 7 ayında respublikanın avtomobil yollarında 1448 yol nəqliyyat hadisəsi baş verib. Bu qəzalarda 609 nəfər həlak olub, 1483 nəfər yaralanıb. Sürət həddinin aşılması 211 nəfərin həyatına son qoyub. Belə halların baş verməsi ictimai nəqliyyatdan da yan keçmir və xüsusilə paytaxt Bakıda avtobus qəzalarının tez-tez baş verməsi adi hala çevrilib. Elə məqsədimiz də ictimai nəqliyatda baş verən nöqsanlar və xüsusilə avtobus qəzalarının baş vermə səbəblərinin yaranması və bundan çıxış yollarını araşdırıb tapmaqdır.

Avtobus qəzalarında 20-dən artıq insan həyatın itirib

Bu ilin 7 ayı ərzində paytaxt Bakı da daxil olmaqla respublikanın müxtəlif yerlərində avtobus sürücüləri tərəfindən 50-yə yaxın yol nəqliyyat hadisəsi törədilib. Bu qəzalarda 20-dən artıq insan həyatın itirib və 55 nəfər isə yaralanıb. Avtobus qəzalarının baş verdiyi ərazi üzrə ən böyük statistika paytaxt Bakının payına düşür. Heç kəsə sirr deyil ki, hazırkı şəraitdə ölkənin sərnişindaşıma nəqliyyatında kifayət qədər problemlər mövcuddur. Hazırda Azərbaycanda ictimai nəqliyyatın idarə edilməsi özəl sektora həvalə edilib. Avtobus sürücüləri isə gün ərzində ən azı 100 manat məbləğində plan verməlidir.

Belə olduğu təqdirdə, heç bir qayda-qanun, məsuliyyət, keyfiyyətli xidmət barədə düşünməyən sürücülər planı ödəmək üçün kobud qayda pozuntularına yol verir. Sürücülər avtobusları yarış maşınları kimi idarə edir və bu da sonda sərnişinlərin taleyini təhlükə ilə üz-üzə qoyur.

Şəhərdə günün əsas pik vaxtında yaranan tıxaclar zamanı dayanacaqlardan kənar saxlayan, bəzən heç saxlamayan, təyin olunmuş marşrut üzrə deyil, məhəllə yolları ilə gedən sürücülərlə sərnişinlər arasında mübahisələr, münaqişələr yaranır.

Sürücülər belə hallarda bəzən avtobusu dayanacaqlarda saxlamır, saxlayanda isə sərnişinləri “tez min”, yaxud “tez düş” kimi ifadələrlə tələsdirirlər. “Qrafik pozulub, tələsirəm, düşün gedin" və yaxud "istəyirsiz, minməyin” kimi bəhanələr gətirərək hərəkətlərinə alibi qazandırırlar.

Allah eləməsin ki, eyni xətt üzrə hərəkət edən avtobuslar bir-birlərinə rast gəlsin. Toy-bayram da bundan sonra başlayır. Sürücülər arasında bu səbəbdən yaranan mübahisələr sonradan münaqişəyə, dava-dalaşa çevrilir. Təyin olunmuş mənzilə birinci çatmaq üçün sərnişinlərin həyatını təhlükəyə ataraq yarışa girirlər.

Sonda isə ağır nəticələrə səbəb olan qəzalar baş verir.

Şəhərə mindən çox avtobus gətirilib, amma..

Son illər Nəqliyyat Nazirliyi bu sahədə baş verən nöqsanların aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görsə də, problemlər həll olunmur ki, olunmur.

Son 3 ildə Nəqliyyat Nazirliyi tərəfindən Bakıda istifadə üçün 1000-dən çox DAEWOO” markalı iritutumlu avtobuslar gətirilərək müxtəlif marşrut xətləri üzrə istifadəyə verilib. Amma nə xidmətin keyfiyyətində dəyişiklik var, nə də bəzi ərazilər üzrə avtobus qıtlığı aradan qaldırılıb.

Baş Dövlət Yol Polisi İdarəsi avtobus sürücüləri arasında nizam-intizamın yüksəldilməsi və yol nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədi ilə mütəmadi olaraq reydlər keçirir.

İdarənin ictimayyətlə əlaqələr sektorunun rəhbəri Vaqif Əsədov bildirib ki, bu ilin ötən dövrü ərzində 2 minə yaxın yol hərəkət qaydasının pozuntusu qeydə alınıb. Bu pozuntular sırasında avtobusların sərnişinlərlə dolu yanacaq doldurma məntəqəsinə girmə, təyin olunmayan yerlərdə sərnişin düşürdüb-mindirmək, svetaforun qırmızı işığında keçmə, yüksək sürətlə idarəetmə, qapıları açıq vəziyyətdə avtobusu idarəetmə, yolun əks istiqamətində hərəkət etmə və s. geniş yer tutur.

V.Əsədov avtobus dayanacaqlarının taksilər tərəfindən zəbt olunması avtobus sürücüləri üçün ciddi problemlər yaradıb. Bu il ərzində sözügedən pozuntularla bağlı 100-dən artıq taksi sürücüsünə inzibati protokol tərtib edilib.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov sərnişindaşıma sahəsində mövcud problemlərin həlli istiqamətində ciddi tədbirlər görülsə də, mütəmadi reydlər aparılsa da, problemlər hələ də qalmaqdadır.

“Təəssüflər ki, hələ də sürücülər sərnişin dolu avtobusu qapısı açıq sürür, sürücülük vəsiqəsi olmayan şəxslər sürücü kimi işə qəbul edilir. Apardığımız reydlər nəticəsində belə sürücülər aşkar edildikdə, avtobus xətdən kənarlaşdırılır, sürücülər isə inzibati qaydada cəzalandırılırlar.

İctimai nəqliyyat dövlət nəzarətinə keçməlidir

Mövcud nöqsanlardan çıxış yolu kimi, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Çingiz Qənizadə bu sahənin dövlət nəzarətinə keçməsini vacib sayır.

“Hesab edirəm ki, bu sahədəki bütün özəl xidmətlər ləğv edilməlidir. Nəqliyyat Depatamenti yaradılmalı və sovet dövründə olduğu kimi, sürücülər xüsusi qaydada seçilib işə götürülməlidir. Avtobuslarda sərnişin daşıma haqlarında mövcud olan nəğdləşmə aradan qaldırılmalıdır. Sürücülər ötmə və yaxud sürət həddini ona görə pozurlar ki, onlar daha çox pul əldə edə bilsin və sahibkarlar tərəfindən qarşılarına qoyulan haqları ödəyə bilsinlər”.

Ç.Qənizadə vurğulayıb ki, özəl şirkətlər sürücülərə elə bir plan qoyub ki, onlar məcburi şəraitdə yol hərəkət qaydalarını pozmalı olurlar. Onun fikrincə, digər tərəfdən iş rejimi hədsiz ağır olur, həmçinin sürücülük hüququ olmayan şəxslər bu işə cəlb edilir:

“Bütün sadaladığımız nöqsanların həll olunması üçün ictimai nəqliyyat sahəsi Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməli və özəl nəqliyyat daşımaları ləğv edilməlidir”

Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov isə mövcud sadaladığımız nöqsanların çözüm yolunu sahibkarların əlavə haqlardan azad olunmasında görür.

“Sahibkar biznesini itirməməkdən ötrü müəyyən adamlara qorxudan hansısa əlavə məcburi vəsait ödəməli olur. Bu cür nöqsanlar aradan qalxsa, sahibkarlar azad şəkildə fəaliyyət göstərərsə, əlavə yerlərə verilən vəsaitlər sürücülərin əməkhaqqının ödənilməsinə sərf olunar. Amma hazırda ictimai nəqliyyatdakı mövcud sistemlə bu sahədə hər hansı bir irəliləyişin əldə olunması mümkün deyil.”

Ekspert hesab edir ki, sürücülərin sosial vəziyyəti yaxşılaşdırılmalıdır, sahibkarlar tərəfindən onların qarşısına qoyulan plan götürülməli, nağd ödənişlər dayandırmalı, sürücülərə əmək haqqları şəffaf formada verilməlidir.

“Hazırda istənilən avtobus sürücüsü yoxlanılsa, onun psixi durumunda aşınmalar var. Hesab edirəm ki, bu gün avtobus qəzalarının baş verməsində sürücü iştirak etsə də, bunun günahkarları sahibkarlar və bu sahəyə nəzarət edən qurumlardadır. Sürücülər sahibkarlar tərəfindən 12-14 saat istismar edilirlər.”

Amid Əyyuboğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm