Doğum günün mübarək, əziz Sərxan!
Bizi izləyin

Qırmızı.az

Doğum günün mübarək, əziz Sərxan!

Qənirə Paşayeva yazır...

Ankrada xəstəxanada Sərxanın doğum gününü qeyd etdik. Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən yaralanan qardaşlarımızda olan Sərxanı ilk dəfə Bakıda Hərbi qospitalda ziyarət etmək istəyəndə xəstəxananın rəhbərliyi və həkimlər vəziyyəti sizə çox pis təsir edə bilər demişdilər. Reanimasiyada yatağına yaxınlaşdım.

Onun vəziyyətini görəndə elə vəziyyətə düşdüm ki, heç bir şey danışa bilmirdim. Bir-birimizin gözlərimizə baxdıq və gözyaşları süzülməyə başladı. Bir az sonra özümü birtəhər toparlayıb əlindən tutdum və görəcəksən hər şey yaxşı olacaq sən indi hər zamankından daha güclü olmalısan və olacaqsan,sənin üçün hamımız dua edəcəyik dedim.

Sağ olsunlar dövlətimizin və qardaş Türkiyənin rəsmiləri yaralı əsgər və hərbiçilərimizdən bir neçəsinin Ankarada müalicələrini davam etdirmələri üçün böyük dəstək göstərdilər və hər zaman yanlarında oldular. Bir neçə gün əvvəl Sərxanın ad günü idi və bir az gec də olsa onu təbrik üçün xəstəxanaya getdik. Dostlarla Anar bəy, Səidə xanımla kiçik və sürpriz bir doğum günü təbriki hazırladıq. Sərxan bizi əlimizdə tort, şamlarla görəndə mənim üçün sürpriz oldu dedi. Bərabər doğum günü tortunu kəsdik və hamımız “Nə yaxşı ki, doğuldun Sərxan” deyə oxumağa başladıq. Xəstəxanada dostlar da bizi qoşuldular və gözəl bir doğum günü qeyd etdik. Sərxanla geniş söhbət etdik və onun getdikcə daha da yaxşılaşan görmək, özəlliklə psixoloji olaraq daha güclü görməkdən məmun oldum. Sağ olsun həkimlər artıq ayağının birinə protez qoyulmasına başlanılıb. İnşallah inanırıq ki, hər şey yaxşı olacaq. Razılaşdıq ki, elçiliyinə mən də getməli olacam və nəinki elçiliyə gedəcəyimi hətta Sərxana nigah şahidi olacağıma da söz verdim.

Xeyli gülüşdük. Dualarınızı Sərxan üçün əksik etməyin.İnanıram ki, inşallah bu cür gənc balalarımıza bu yaşda böyük ağrılar yaşadan Ermənistan layiq olduğu cəzanı mütləq alacaq. Mütləq!Sərxan isə sağalacaq və mutlu olacaq. Çünki dövlətimiz də,xalqımız da, hamımız yanındayıq və yanında olacağıq. Nə yaxşı ki, doğuldun əziz Sərxan! Səni çox istəyirik və dualarımız hər zaman sənin üçün olacaq. İnşallah qısa zamanda sağalasan və toyunda sənin arzuladığın kimi iştirak edə bilməyi Allah bizə nəsib etsin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm