45 yaşlı müşavir: "Hər kəsə minnətdaram"
Bizi izləyin

Qırmızı.az

45 yaşlı müşavir: "Hər kəsə minnətdaram"

Bu gün 45 yaşını qeyd edən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müşaviri Müşfiq Əmirov Publika.az-ın suallarını cavablandırıb.

- Müşfiq müəllim, 45 yaşınız olur, bu yaşda özünüzü necə hiss edirsiniz?

45 yaş çox yaş deyil, əslində, heç az yaş da deyil. Hər şey yaxşıdı. Bugünkü gündə hər bir şeyə görə Allaha şükür edirəm ki, azad, gözəl cəmiyyətdə yaşayırıq, belə gözəl ətrafımız, dostlarımız var. Bütün bunlara görə hər kəsə minnətdaram.

- Siz əvvəl mətbuat katibi idiniz, nazirin müvafiq əmrindən sonra informasiya-təbliğat işi, ictimaiyyətlə əlaqələr, multimedia mərkəzi və internet resurslarına ümumi rəhbərlik sizə tapşırıldı. İşiniz ağır deyil ki?

- Bildiyiniz kimi, yeni nazirlik yaranandan sonra nazirliyin səlahiyyətləri bir qədər də genişləndi. Eyni zamanda, mən rəhbərlik elədiyim mətbuat xidmətinin sahəsi də genişlənib. Nazirin müşaviri təyin olunmaqla bizim sahədə də genişlənmə aparıldı, əlavə səlahiyyətlər verildi. Bizim bu işləri görmək üçün çox gözəl işçi qüvvəmiz var. Bizə göstərilən bu etimadı doğrultmaq üçün işimizi daha da gücləndiririk. Heç bir maneçiliyi yoxdur, əksinə, bizim işlər daha da genişləndikcə, əlavə olunan işləri də yüksək keyfiyyətlə görürük.

- Jurnalistlərlə aranız necədir? Mətbuatımızın bugünkü vəziyyəti sizi qane edirmi?

- Jurnalistlərlə işimizi çox yüksək səviyyədə qurmuşuq. Bizim cənab nazir hələ 10-11 il əvvəl bizə tapşırıb ki, mətbuatla əməkdaşlığı çox sıx surətdə təmin etmək lazımdır. Mətbuata həmişə açıq olmaq lazımdır. Bildiyiniz kimi, cənab nazir özü də mətbuata açıq adamdır. Onu demək istəyirəm ki, mətbuatla nazirlik arasında çox sıx əməkdaşlıq münasibətləri var. Mən bu tribunadan istifadə edib hər bir mətbuat əməkdaşına təşəkkürümü bildirirəm.

- Elə bu barədə soruşmaq istəyirdim, sizin nazirlik bir çox nazirliklərdən fərqli olaraq, mətbuata çox açıqdır bu nə ilə əlaqədardır, nazirliyin heç bir problemi yoxdur, yoxsa?

-Yox, bir daha qeyd edirəm ki, mətbuatla işləmək üçün mən təyin olunmuşam və mənə də tapşırılıb ki, mətbuatı vaxtlı-vaxtında informasiya ilə təmin etmək lazımdır. Hər bir mətbuat nümayəndəsinin elədiyi müraciəti vaxtlı-vaxtında cavablandırmaq lazımdır. Bu gün hər bir mətbuat nümayəndəsi bizim xidmətlərimizdən geniş şəkildə yararlanır – bura tək informasiya alınıb-verilməsi aid deyil. Mobil telefondur, internet xidmətləridir ki, mətbuat bundan daim istifadə edir, mən çalışıram ki, bunları diqqətdə saxlayım. Mətbuatımız bu sahələrədə heç bir problemlə qarşılaşmasın.

- Nazirin müşavirisiniz. Bu işə mətbuat sahəsindən getməyinizin sizə köməyi dəyirmi? Ümumiyyətlə, mətbuatla iş baxımından jurnalist olmağınızın təsiri olubmu?

- Mən mətbuatla uzun müddətdir ki, işləyirəm, əvvəl də işləmişəm. Haradasa 17 il olar. Bu gün də mütəmadi olaraq mətbuatla işləyirəm. Bu yenə də mənə həvalə olunub, bu və digər işlərlə yanaşı, yenə də əvvəlki qaydada mətbuatla işləyirəm. İşimi yüksək səviyyədə qurmağa çalışıram. Mətbuatla işləmək mənimçün çox rahatdır. Çünki informasiya vaxtında veriləndə, vaxtında alınanda mənə elə gəlir ki, heç bir problem olmur.

- Ən çox hansı xəbərləri oxuyursunuz? İnformasiya texnologiyalarıyla bağlı, yoxsa başlıq maraqlı gəlirsə oxuyursunuz?

- Demək olar ki, çalışıram sosial şəbəkədə aktiv olam, sosial şəbəkələrdə, xüsusən də “facebook”da gündəlik xəbərləri oxuyuram. Çünki hər kəs yazdığını, hər kəs oxuduğunu orada paylaşır. Demək olar ki, əsasən bütün xəbərləri oxuyuram, təkcə İKT ilə bağlı olanları yox. Digər önəmli xəbərlərin hər birini də çalışıram oxuyum, məlumatlı olum.

- Sizdən hansısa yazı müqabilində pul istəyən olub, ümumiyyətlə, reket jurnalistlərə rast gəlmisinizmi?

- Əvvəllər, neçə illər öncə belə hallar baş verirdi. Artıq mətbuat da ələnir, şəffaf olur, yararsızlar demək olur ki, yox olurlar. Bu gün Azərbaycan mətbuatı ələkdən keçirilir. Şəffaflığa doğru gedir. Yəqin ki, yaxın vaxtlarda Azərbaycan mətbuatı Azərbaycanın adına layiqli mətbuat olacaq. 4-cü hakimiyyət sayılan mətbuat hakimiyyətini qoruyub saxlayacaq.

- Son vaxtlar Azərbaycanda internetlə bağlı problemlər yaranır. Səbəbi nədir?

- Düzdü, belə hallar olur, mən sizinlə razıyam. Artıq bununla bağlı nazirlikdə iki qaynar xətt təşkil olunub. Biri elə mənim öz otağımdadır. Bizə daxil olan məlumatlarda da bu internetdə olan problemlərlə bağlı şikayətlər olur. Mən sizə bir məlumatı deyim ki, Azərbaycanda internet şəbəkəsinin yaradılmasıyla bağlı böyük bir layihə reallaşmaq üzrədir. Bu iş cənab Prezidentin tapşırığına əsasən Neft Fondu ilə birlikdə həyata keçiriləcək. Başa çatdıqdan sonra artıq hər bir evdə, hər bir kəndə internet yüksək səviyyədə, beynəlxalq standartlar səviyyəsində təşkil olunacaq. Bundan sonra internetlə bağlı heç bir problem olmayacaq. Artıq layihəyə start verilmə ərəfəsindədir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm