• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

İlham Əliyev: "Bu gün Qəbələdə tikilən otellər ən yüksək səviyyədədir"

İlham Əliyev: "Bu gün Qəbələdə tikilən otellər ən yüksək səviyyədədir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Qəbələdə “Qafqaz Yengicə Termal Hotel və SPA” kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.

Yeni turizm obyekti ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, Qəbələnin Yengicə kəndi ərazisində yerləşən otel kompleksi 9 hektar sahədə inşa edilib. Müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi altımərtəbəli otel kompleksi gözəl memarlıq üslubunda tikilib. Oteldəki 61 nömrədə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.

Diqqətə çatdırıldı ki, oteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçib və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Otel kompleksində müxtəlif toplantı və konfransların keçirilməsi üçün geniş imkanları olan zal, müasir restoranlar şəbəkəsi də fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq.

Dövlətimizin başçısı oteldəki nömrələrdə yaradılan şəraitlə maraqlandı.
Məlumat verildi ki, müxtəlif kateqoriyalı bu nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. Bütün bunlar sübut edir ki, paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin nəticəsidir. Bu çərçivədə “Qafqaz Yengicə Termal Hotel və SPA”-da yaradılan gözəl şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını bir daha təsdiqləyir.

Oteldə uşaqların da istirahətinin təşkili üçün lazımi şərait yaradılıb. Oteldə qonaqların vaxtlarını səmərəli keçirmələri üçün xüsusi idman zalları da var. Burada qonaqlara təqdim olunan xidmətlər çoxçeşidliliyi ilə fərqlənir.

Müxtəlif trenajorlar, müasir idman avadanlığı və hovuzlar qonaqların istirahət imkanlarını daha da artırır. “Qafqaz Yengicə Termal Hotel və SPA” kompleksində 100 nəfər üçün daimi iş yeri nəzərdə tutulur. Mükəmməl infrastruktura malik kompleksin avadanlıqla təchizatı ən müasir standartlara uyğundur.

Kompleksin ərazisi tam abadlaşdırılıb, yaşıllıq sahəsi salınıb. Beləliklə, qonaqların istirahətinin yüksək səviyyədə təmin olunduğu bu oteldə yaradılan şərait bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün ölkə üzrə turizm marşrutlarının müəyyənləşdirilməsi və bölgələrdə bununla bağlı genişmiqyaslı tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Qeyd olundu ki, otelin əhəmiyyətini artıran mühüm cəhət burada müalicəvi su mənbəyinin olmasıdır. Tarixi araşdırmalar, kimyəvi və tibbi yoxlamalar bu mineral suyun yüksək dərəcədə müalicəvi və bərpaedici təsirini sübut edib. Oteldə Naftalan nefti ilə müalicə proseduru da həyata keçiriləcək.

Daha sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Qəbələ rayonunda yeni otel istifadəyə verilir. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. İndi tanış oldum, çox gözəl şərait var, ən yüksək səviyyədə xidmət göstəriləcəkdir. Qəbələnin turizm potensialının inkişafı üçün bu otelin də çox böyük əhəmiyyəti olacaqdır. İndi Bakıdan sonra otellərin sayına görə Qəbələ ikinci yerdədir. Bu, məni çox sevindirir. Çünki bu bölgənin çox gözəl turizm imkanları var. Şadam ki, son illərdə biz bu imkanlardan maksimum dərəcədə istifadə edirik.

Qəbələdə beşulduzlu, dördulduzlu, üçulduzlu otellər tikilir. Bu otelin də xüsusiyyəti ondan ibarətdir ki, burada insanlar müalicəvi sulardan istifadə edəcəklər və əlbəttə ki, turistlərin axını daha da güclü olacaqdır. Qəbələ Beynəlxalq Aeroportunun tikintisindən sonra indi buraya xarici qonaqlar da gəlirlər, onların da sayı artır. Azərbaycan vətəndaşları burada istirahət edirlər. Çox gözəl, əlamətdar hadisələrdir. Çünki bunlar həm bölgənin, həm Qəbələ rayonunun, eyni zamanda, ölkəmizin inkişafına xidmət göstərir.

Bu gün Qəbələdə tikilən otellər ən yüksək səviyyədədir. Yəni, bunların hamısı müasir standartlara cavab verir və istirahət etmək üçün çox gözəl imkanlar var. Qəbələ, eyni zamanda, mədəniyyət mərkəzinə çevrilir.

Ənənəvi musiqi festivalları keçirilir və qonaqların sayı artır. Xarici qonaqlar Qəbələ ilə tanış olarkən vətənə döndükdə əlbəttə ki, öz təəssüratlarını bölüşürlər. Beləliklə, bu bölgəyə, bu şəhərə maraq daha da artır. Əlbəttə, bu, insanlar üçün də yeni imkanlardır. Bax, bu ərazidə bir neçə kənd yerləşir. O kəndlərin sakinləri də bundan istifadə edəcəklər, iş yerləri açılır.

Minlərlə iş yerləri açılıbdır. Turizm obyektlərində işləyənlərin sayı artır. Həm təcrübə toplayırlar, eyni zamanda, yaxşı maaş alırlar. Beləliklə, ölkəmizin turizm sektoru sürətlə inkişaf edir.

Əlbəttə ki, turizmin inkişafı baxımından Bakı - bizim paytaxtımız birinci yerdədir. Bakıda indi dünyanın bütün əsas otel şəbəkələri fəaliyyət göstərir.

Son 2-3 il ərzində şəhərimizdə beşulduzlu altı otel tikilmişdir. Bütün bu otellər ən yüksək səviyyədə xidmət göstərir. Baxın, cəmi iki il ərzində Bakıda “Marriott”, “Hilton”, “Kempinski”, “Jumeirah”, “Fairmont”, “Four Seasons”- dünya miqyasında ən birinci sırada olan altı otel fəaliyyət göstərir. Ondan sonra “Sheraton”, “Hyatt”, “Radisson”. Bu, ölkəmizin inkişafını göstərir və investorların Azərbaycanın gələcəyinə inamını əks etdirir.

İndi bölgələrdə də bu proses gedir. Şadam ki, digər rayonlarda da gözəl otellər açılır və mən də bütün o açılışlarda şəxsən iştirak edirəm. Misal üçün, bu yaxınlarda Şamaxıda gözəl otel açılmışdır - “Rixos”. Qubada böyük qolf meydançası ilə bərabər müasir otel açılmışdır. Burada naftalan vannaları da vardır. O da çox düzgün addımdır. Çünki indiyədək insanlar naftalandan ancaq Naftalan şəhərində istifadə edə bilirdilər. İndi Naftalan şəhərində beşulduzlu iki otel fəaliyyət göstərir. Üçüncüsü də təxminən yaxın zamanlarda açılacaqdır. Yəni, bütün bölgələrdə bu proses gedir. İndi şəhərlər arasında turizmin inkişafı ilə bağlı gedən rəqabət məni çox sevindirir. Çünki bu, sağlam rəqabətdir. Bizim çox gözəl ölkəmiz, çox gözəl təbiətimiz, müxtəlif iqlimimiz, müxtəlif təbii zonalarımız, dağlarımız, çaylarımız, meşələrimiz var. Əlbəttə, biz bundan maksimum dərəcədə istifadə etməliyik ki, həm vətəndaşlar, həm də dövlət fayda götürsün.

Bizim güclü iqtisadiyyatımız var. Təbii ki, neft-qaz sektorumuz inkişaf edir. Bu yaxınlarda tarixi hadisə baş vermişdir. Bundan sonra onilliklər, bəlkə də 100 ildən artıq bir müddətdə Azərbaycan öz enerji resurslarını dünya bazarlarına çıxaracaq və bundan biz gəlir əldə edirik. Ancaq biz çalışmalıyıq ki, xidmət, qeyri-neft, sənaye sektorları və turizm inkişaf etsin. Turizm daimi gəlir mənbəyidir. Sadəcə, infrastruktur olmalıdır. Yollar, aeroport, əlbəttə ki, bütün digər infrastruktur layihələri - su, kanalizasiya, qazlaşdırma, elektrik enerjisi, otellər və yüksək xidmət.

Qəbələdə artıq fəaliyyət göstərən otellərdə xidmət yaxşı səviyyədədir. Əminəm ki, burada da belə olacaq, insanlar üçün yeni iş yerləri açılacaq.

Sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm və uğurlar arzulayıram.

X X X

Rayon ictimaiyyəti adından çıxış edən Ağsaqqallar Şurasının üzvü Qüdrət SƏMƏDOV Prezident İlham Əliyevə Qəbələnin inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür edərək dedi:

- Möhtərəm cənab Prezident, bütün Qəbələ camaatı adından Sizi salamlayır, Sizə Qəbələmizə “Xoş gəlmisiniz” deyirəm. Bu gün biz möhtəşəm bir otelin açılışına toplaşmışıq. Mənim yaxşı yadımdadır.

Əvvəllər bura kol-kosdan, bataqlıqdan ibarət bir ərazi idi. Buradan çıxan müalicəvi mineral sulardan qətiyyən istifadə olunmurdu. Ancaq dörd il əvvəl Sizin tapşırığınızla burada möhtəşəm otel-sağlamlıq kompleksinin tikintisinə başlanılıb və bu gün o kompleksi bizim istifadəmizə verirsiniz. Burada şəfa tapan minlərlə insanın xeyir-duası daim Sizin üzərinizdə olacaqdır, möhtərəm Prezidentimiz.

İnkişaf edən Azərbaycanımızın ərazisində doğma Qəbələmiz də özünə layiqli bir yer tutur. Qəbələ də Sizin diqqət və qayğınız sayəsində öz tarixiliyini və keçmişini saxlamaqla bərabər, mötəbər beynəlxalq tədbirlərin keçirildiyi müasir bir məkana çevrilib. Qəbələmizdə çoxsaylı turizm kompleksləri, bu cür otellər, müalicə müəssisələri, iri sənaye müəssisələri, iri istehsal obyektləri tikilir, təhsil, səhiyyə ocaqları istifadəyə verilir.

Qəbələdə yüz kilometrlərlə asfalt yollar çəkilir, yeni yaraşıqlı evlər, yaşayış binaları inşa olunur. Qəbələmizə gələn qonaqlar öz heyranlıqlarını heç cür gizlədə bilmirlər.

Artıq neçə illərdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələmizdə ənənə halı almış beynəlxalq musiqi festivalları keçirilir. Fürsətdən istifadə edərək, milli musiqi mədəniyyətimizin hamisi, eyni zamanda, Qəbələ musiqi festivallarının təşkilatçısı və bu tədbirlərin həyata keçirilməsində çox böyük əmək sərf etmiş Mehriban xanım Əliyevaya da qəbələlilərin minnətdarlığını çatdırmaq istəyirəm.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR