Arvadının başını kəsdi, ruhi əsəb xəstəxanasına düşdü - REPORTAJ
Bizi izləyin

Qırmızı.az

Arvadının başını kəsdi, ruhi əsəb xəstəxanasına düşdü - REPORTAJ

- Maştağaya gedirsiz?

- Hə gedirik. Amma sizə dəqiq hara lazımdır?

-1 saylı psixiatriya xəstəxanası.

- Hara?

- Ruhi əsəb xəstələr olan yerə

- Hə gedirik.

Minirik və yollanırıq 1 saylı psixiatriya xəstəxanasına.

Səssizlik, təmiz hava, ağaclar. Bu sözləri hansısa istirahət mərkəzi, park haqqında işlətmək olar. Amma yox, ağ xalatlı qadınlar, səssiz, mənasız baxışlarla gəzən insanları görən kimi fikrimiz dəyişir. Xəstəxanadayıq, amma ənənəvilərdən fərqli olaraq, dərman və iynə qoxusu yoxdur, heç ağlayan, zarıyan da. Qəribə bir səssizlik var. Hətta fotoqrafımız Elçin növbəti məzuniyyəti keçirmək üçün əla yer olduğunu deyir.

Amma buradan bir neçə dəfə xəstələrin qaçması, insanların bu xəstəxana ilə bağlı fikirləri yadımıza düşəndə isə tərəddüd edirik. Yaxşı yer olsa, insanlar niyə qaçsın?

Bu tərəddüdlə baş həkim Ağahəsən Rəsulovun otağına yaxınlaşırıq. Həkimlə ilkin söhbət zamanı, deyəsən, bu narahatlığımızı hiss edir. Ona görə də xəstəxananı gəzməyi təklif edir.

40 hektarlıq ərazini əhatə edən mərkəzdə 16 korpus var. Qadınlar, kişilər, uşaqlar, cinayət törətmişlər - hər biri ayrıca binada qalır.

Həyətdə yaradılmış səliqə-sahman diqqətimizdən qaçmır. A.Rəsulov təvazökarlıq etmədən bu şəraitin o, baş həkim olandan sonra yaradıldığını deyir. 8 ildir bu vəzifədə çalışan həkim, xəstəxana barədə formalaşmış pis fikirləri aradan qaldırdıqlarını, artıq insanların bu mərkəzə etibar etdiklərini bildirir.

Bir neçə binaya daxil olub, xəstələrin yemək, istirahət, yataq, reabilitasiya yerləri ilə tanış oluruq.

Daha sonra yenidən otağa qayıdıb, bizi narahat edən suallara cavab axtarırıq.

Həkimin sözlərinə görə, 2012-ci ildə müalicə olunan xəstələrin sayı 7856, 2013-cü ildə isə 7297 nəfər olub, bu il rəqəmin bir az da artacaq. Bunlar arasında təkrar müraciət edənlər də var. Hazırda xəstəxanada 2 minə yaxın xəstə müalicə alır. Onların 13-ü yeniyetmə, 17-si uşaqdır. Burada qalan uşaqlar əsasən valideynlərini itirmiş, ya da imtina olunmuşlardır. Valideyni olanları da aparmaq istəmirlər. Xəstələr müxtəlif yaş qruplarını əhatə edir. Ötən il xəstəxananın 79 yaşlı sakini rəhmətə getdi.

Xəstələrin sayının bu qədər olması normaldır?

Baş həkim deyir ki, SSRİ statistikasına görə, əhalinin 0.5%-i ruhi xəstə olmalıdır. Bu hesaba görə, Azərbaycanda 6 min adam qeydiyyatda olmalıdır. Amma belə deyil, təkcə Bakıda 45 mindən artıq psixi xəstə qeydiyyatdadır.

“Xəstələrin sayının bu qədər çox olması əhalinin sayının artması ilə əlaqədardır. Bu da iş, yaşayış imkanlarını çətinləşdirir. Nəticədə gərginlik artır, əvvəl nevrozla başlayır, sonra psixi problemə çevrilir. Bundan başqa, ailələr əvvəl problemli insanları evdə saxlayırdılar. İndi isə ailə üzvlərinin hamısı işləməyə məcburdur. Buna görə də, xəstə yaxınına da baxa bilmir. Artım proses bütün dünyada müşahidə edilir”.

Baş həkimin sözlərinə görə, ruhi xəstələrin sayı daha çoxdur, sadəcə, onlar qeydiyyatda deyil. Çünki bizdə bu xəstəliklə bağlı düşüncə fərqlidir. Ailələr övladlarının bu xəstəxanada qalmasını, kiminsə bu barədə bilməsini istəmirlər.

Reabilitasiyaya nələr daxildir?

Baş həkim deyir ki, xəstələrin müalicəsi yalnız dərman və terapiyadan ibarət deyil.

“Xəstəxananın 40 hektarlıq ərazisini təmizləmək üçün 12 bağban işləsə də, xəstələr də onlara kömək edir. 20 min ağac əkilib, xəstələr onlara qulluq edir, kolları təmizləyirlər. Bununla həm reabilitasiya olurlar, həm də əmək qabiliyyətlərini itirmirlər. Qadınlar da tikiş, toxumaq, rəssamlıq və s işlərlə məşğul olurlar. Uşaqlar üçün onlara məxsus reabilitasiya kursu keçirlər”.

Xəstələr üçün yaradılmış süni göldə hər şənbə gülüş terapiyası təşkil edilir. Burada onlar balıq tutur, bu da terapiyanın bir üsuludur. Bu üsullarla xəstələr yenidən gülməyi öyrənirlər.

Xəstələrin əmək qabliyyətlərindən istifadə edib, ailələrinə maddi yardım da göstərirlər. Öyrənirik ki, xəstələrdən biri rəssamdır əsərlərini satıb, pulunu ailəsinə göndərir. Çünki yoldaşı işləmir, uşaqları ali məktəbdə oxuyur, onların təhsil xərclərini, digər ehtiyaclarını qarşılayır. İki xəstə kompüter mütəxəssisidir. Lazım olanda bacarıqlarından istifadə edilir.

Xəstələr neçə gün qalır?

Baş həkimin sözlərinə görə, xəstələr burada nə qədər az qalsalar, cəmiyyətə daha tez adaptasiya olarlar.

“Tibbi qaydalara uyğun olaraq xəstələr maksimum 300 gün qalırlar, mən bura gələndə min günə qədər qalırdırlar. Bu isə düzgün deyil, çünki burada nə qədər çox qalsalar, o qədər də çox öyrənirlər. Gedənlərin 50%-i geri qayıdır. Əvvəlki illərdə il ərzində 600 xəstə gəlib-gedirdisə, indi bu rəqəm 8 mindən çox olur.

Bir xəstəmiz var idi ki, 8 ildir burada qalırdı. Bir gün gəldi ki, anamı görmək istəyirəm. Buraxdıq, 3 gündən sonra dediyimiz saatda geri qayıtdı. Sabahı günü qardaşı gəldi ki, aparmaq istəyirəm. Rayonda bizi biabır etmişdi, insanların içinə çıxa bilmirdik. İndi düzəlib, 3 gün kənddə qaldı, qonşuların işinə kömək elədi, pul da qazandı. Demək, sağalıb, apara bilərik”.

Müalicə alanlar arasında kişilər daha çoxdur

Psixoloqa müraciət edənlər daha çox qadınlar olur. Bəs psixiatra müraciətlərdə necədir? Baş həkim deyir ki, hazırda müalicə alan 2 min xəstənin 500-ü qadındır. Amma psixi problem 50% nisbətindədir.

“Sadəcə, qadınları evdə saxlamaq daha asandır. Bundan başqa, qadının psixiatriya mərkəzinə gəlməsinə münasibət birmənalı deyil. Çox zaman psixioloq yanına aparırlar. Onlar da bəzən yanlış müalicə edirlər, xəstənin vəziyyəti bir az da pisləşir. Son məqamda isə bizə müraciət edilir. Müxtəlif sahələr üzrə həkimlərin psixiatriya ilə məşğul olması adət halını alıb”.

Cinayət törədənlər

Xəstəxanada cinayət törətmiş xəstələr də müalicə alır. Ekspertiza onların ruhi xəstə olduqlarını müəyyən etdiklərinə görə, məhkəmə onları cəzadan azad edib. Lakin bu insanların reabilitasiya aldıqdan sonra yenidən cinayət törətmələri də dəfələrlə müşahidə edilib. A.Rəsulovun sözlərinə görə, ruhi xəstələrin 1%-i təkrar cinayət törədirsə, normal adamların 27%-i yenidən cinayət törədib həbsxanaya qayıdır.

“Cinayət törətmiş şəxslər ayrıca binada ciddi rejimdə saxlanılır. Onları polis mühafizə edir. Onlar arasında xuliqanlıqdan tutmuş adamöldürməyə qədər cinayət törədənlər var. Bir nəfər xəstə həyat yoldaşını öldürüb başını kəsmişdi. Səbəbini soruşanda demişdi ki, qonşu işığı yandırıb söndürürdü, arvadı da həyətə çıxırmış. Qonşunun arvadına işarə vermək üçün işıq yandırdığını düşünüb, başını kəsib. Kəsilmiş başı uşaqların qarşısına qoyub. Bunu da uşaqları analarının yolu ilə getməsin deyə edib. Halbuki qadın qonşu ilə görüşməyə yox, ayaq yoluna gedirmiş. Normal insan bunu etməz, demək onun psixi problemi var. Amma onun yaxınları ya bunu hiss etməyib, ya da xəstəxanaya gətirmək istəməyiblər”.

Həkim deyir ki, cinayət törədənlər reabilitasiya kursu keçdikdən sonra yaşadıqları ərazi üzrə psixiatrın nəzarətində olmalı, dərmanlarını mütəmadi qəbul etməlidirlər. Hər hansı problem yaşadıqları halda, təkrar bura qayıda bilərlər. Son üç il ərzində 2 xəstəni yenidən bura qaytarıblar.

Ailələr yaxınlarını aparmaq istəmir

Baş həkim deyir ki, bəzi ailələr yaxınlarını bura atıb, deyirlər istədiyinizi edin. Əsas problemlərimiz də ailələrin övladlarını, yaxınlarını aparmaq istəməmələri ilə bağlıdır.

“Elə xəstələr var ki, illərdir ailə gəlib baş çəkmir. Ailə imtina edirsə, icra hakimiyyəti, polisə müraciət edirik. Onların köməyi ilə ailəyə veririk. Lakin bəzən ailələr polisi, xəstəni də qovur. Doğmalarını xəstəxanaya qaytarmaq üçün müxtəlif yola əl atanlar da olub. Bir dəfə evinə qaytarılmış xəstələrdən birinin arvadı kişini içizdirib ki, guya onun psixioloji vəziyyəti pisdir, yanlış olaraq evə yazılıb. Qadın özünü də döyüb ki, kişinin psixi problemi olduğu təsdiqləsin. Indi bu hallar azalır”.

Həkim deyir ki, evə buraxılan xəstədə yenidən psixiatrik əlamətlərin müşahidə edilməsi mümkündür.

“Bəzən bizi yanlış diaqnoz qoymaqda günahlandırırlar. Lakin sağalmış xəstəni burada saxlaya bilmərik. Ruhi xəstənin sağalması müvəqqəti olur. Xəstədə psixi krizin növbəti dəfə nə zaman təkrarlanacağını heç kim deyə bilməz. Bu halda xəstəni illərlə xəstəxanada saxlaya bilmərik”.

Hazırda xəstəxanada müalicə alan 246 nəfər kimsəsiz var. Onlar ASAN Xidmətin köməyi ilə şəxsiyyət vəsiqəsi verilib. 8 ildir burada qalan kimsəsiz bir uşağın bu yaxınlarda “Səni axtarıram” verilişi vasitəsilə ailəsi tapıldı. Ailə öldüyünü bilib, televiziyada görəndə gözlərinə inanmayıblar.

Xəstələr qaçır

Bəs bu imkanlar yaradılırsa, xəstələr niyə buradan qaçır? Baş həkim xəstələrin qaçmasını normal hesab edir. Onun sözlərinə görə, indi bu hal ildə bir neçə dəfə olsa da, əvvəl daha çox idi:

“Səhiyyə Nazirliyindən mühafizə işi üçün xüsusi vəsait ayrılıb. İki nəfər polis gün ərzində ərazini gəzirlər, ekspertiza şöbəsində 8 nəfər polis var, məcburi müalicə alanların korpusunu 9 nəfər polis qoruyur. Amma elə xəstələr olur ki, burada qalmaq istəmir. Xəstəxananın ətrafında hasarlar olsa da, onu aşmaq çətin deyil. Bura həbsxana deyil ki. Amma onlar yenidən tapılıb bura qaytarılır. Biz də həmin xəstələrlə söhbət edirik. Kimdəsə qaçmaq istəyi görəndə, həkimlər onların istəklərini öyrənir, kömək edirik.

Əvvəl xəstələrə qarşı münasibət normal deyildi. Dəfələrlə tibb işçilərinin əlində çubuq almışam, özünü də qovmuşam işdən. Indi bütün işçilər bilir ki, xəstəyə qarşı səs tonunu qaldırmaq olmaz. Biz nə qədər normal davransaq, bura inam da artacaq, insanlar yaxınlarını bura etibar edəcəklər”.

Həkimlər burada işləmək istəmir

A.Rəsulov həkimlərin bu tibb müəssisəsində işləməkdə maraqlarının olmadığını deyir.

“Rezidentlər bura gəlib öyrənirlər. Ancaq əksəriyyəti də imtahanlarda topladığı qiymət balının bu sahədə işləməyə imkan verdiyinə görə gəlirlər. Özlərinə də demişik ki, psixiatr olmaq istəmirlərsə, bura gəlmələrinin heç bir mənası yoxdur. Psixiatr olmaq içdən gəlməlidir. Bura nə qədər həkim gəlib, amma işləyə bilməyib gediblər. Çünki psixiatriya çox çətin sahədir. Əvvəl ailələr qızlarının burada işləməsini istəmirdilər. Amma indi vəziyyət dəyişib, hətta burada gənc qızlar da işləyirlər İşçilərimiz üçün istirahət, rayonlara getmək imkanı yaradırıq. Biz xəstələrlə nə qədər yaxşı qulluq etsək, psixiatriyanın vəziyyəti daha da yaxşılaşacaq”.

Gülxar

Fotolar Elçinindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm