Ülvi Bünyadzadə anıldı
Bizi izləyin

Qırmızı.az

Ülvi Bünyadzadə anıldı

Azərbaycan Dillər Universitetində 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 45-ci ildönümü münasibətilə anım mərasimi keçirildi.

Mərasimdən öncə universitetin müəllim-tələbə heyəti Şəhidlər Xiyabanını ziyarət edərək şəhidin məzarı önünə qərənfillər düzdülər.

Tədbir universitetin foyesində yerləşən Ülvi Bünyadzadəyə aid açıq muzeyin qarşısında Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi ilə başladı.

Tədbirdə çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Ülvi Bünyadzadənin universitetin istedadlı və bacarıqlı tələbəsi, eyni zamanda olduqca vətənpərvər, cəsarətli bir gənc olduğunu və 1990-cı ildə Bakıda baş vermiş qanlı 20 yanvar faciəsi zamanı şəhid olduğunu söylədi. O, Ü. Bünyadzadənin universitetin fəxri olduğunu bildirərək şəhidimizin “xalqımız yaşasın, parçalanmış torpağımız birləşsin” amalına xidmət etdiyini dedi. Ü. Bünyadzadənin fəal gənclərdən olduğunu deyən prorektor şəhidin ADU-nun yaratdığı vətənpərvərlik mühitində yetişdiyini vurğuladı. İstedadlı tələbənin bir sıra şeir kitablarının müəllifi olduğunu xatırladan Ə. Əliyev Ü. Bünyadzadəni itirməklə ikinci Mikayıl Müşfiqimizin itirildiyini dedi. Ələddin Əliyev Dillər Universiteti yaşadıqca Ülvi Bünyadzadənin də unudulmayacağını söylədi.

Pedaqoji fakültənin III kurs tələbəsi Nərgiz Məmmədova Ü. Bünyadzadənin həyatının qəhrəmanlıq, şərəfi özündə ehtiva edən məktəb olduğunu deyərək mərhumun ömür yolundan bəhs etdi.

Tədbirdə çıxış edən şəhidin bacısı Könül Bünyadzadə qardaşı ilə bağlı xatirələrini danışaraq onu özünə ideal seçdiyini dedi. Müəllifi olduğu “Gəncliyin fəlsəfəsi” kitabını da Ü. Bünyadzadənin istedadına, məğrurluğuna olan vurğunluğundan ilhamlanaraq yazdığını deyən K. Bünyadzadə kitabda gənc nəslin öz istedadları ilə xalqın uğurlu gələcəyinə, vətənin azadlığına təsir edə biləcəyi haqda fikirlərini qeyd edib. O, ADU-da rəhbərliyin gənclərin əsl şəxsiyyət kimi yetişməsini təmin edən mühit yaratdığını bildirdi. Sonda Könül Bünyadzadə ADU-nun rektou, Milli Məclisin deputatı, professor Səməd Seyidov başda olmaqla, universitet rəhbərliyinə Ü. Bünyadzadənin əziz xatirəsini həmişə uca tutduqlarına və daim xatırladıqlarına görə təşəkkürlərini bildirdi.

Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu çıxışında şəhidliyin ən yüksək zirvə olduğunu dedi və dərin vətənpərvərlik hissini yansıdan nitqi ilə Ü. Bünyadzadə timsalında digər şəhidlərimizin şücaət və qəhrəmanlıqlarından bəhs etdi. O, Ülvi haqqında xatirələrdən söhbət açdı və şəhidin ADU-da təhsil alan hər bir tələbənin cəsarət nümunəsinə çevrildiyindən danışdı.

Tədbirdə Xətai rayonu 56 saylı orta məktəbin şagirdlərinin ifasında Ü. Bünyadzadənin yazdığı şeirlər və şəhidin dilindən hekayələr dinlənildi, Ülvi Bünyadzadənin atası mərhum Yusif Bünyadzadənin oğlu ilə bağlı söylədiyi fikirlər səsləndirildi.

Qeyd edək ki, Ülvi Yusif oğlu Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini (1986) isə Daşkəsən şəhərində almışdır. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olmuşdur. Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi. Universitetin III kursunda təhsil alan Ülvi Bünyadzadə 19 yanvar 1990-cı ildə həlak olmuş 20 yanvar şəhididir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm