Bu il istehsalatda 53 nəfər ölüb
Bizi izləyin

Qırmızı.az

Bu il istehsalatda 53 nəfər ölüb

“Son 8 ayda istehsalatda bədbəxt hadisələr zamanı ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz azalaraq 53 nəfər təşkil edib”. Bunu Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev bildirib. Onun sözlərinə görə, ən çox ölüm halı tikinti və emal sektorunda baş verib.

E. Babayev bildirib ki, azalma dinamikası əməyin mühafizəsi normalarının tətbiqinə dövlət nəzarətinin gücləndirilməsilə bağlıdır:

“Respublikamızın davamlı tərəqqisi çoxsaylı yeni iş yerlərinin açılması, müəssisələrin, iri işçi tutumuna malik istehsal sahələrinin sayının artması ilə müşahidə edilir. Bu pozitiv proseslər fonunda istehsalat qəzalarının və həmin hadisələr zamanı dünyasını dəyişənlərin sayı nəinki artmır, hətta azalmaqda davam edir. Bu azalma dinamikası əməyin mühafizəsi normalarının tətbiqinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində DƏMX tərəfindən son vaxtlarda həyata keçirilən tədbirlərin müsbət nəticəsidir”.

E.Babayev bildirib ki, bununla yanaşı, DƏMX tərəfindən hər bir istehsalat qəzasının baş verməsinə görə günahkar şəxslərlə bağlı qanunvericiliyin tələblərinə uyğun cəza tədbirləri görülüb.

E. Babayev bildirib ki, əldə olunan məlumatlar göstərir ki, heç də bütün iş yerlərində əməyin mühafizəsi qaydaları tələb olunan səviyyədə yerinə yetirilmir. Bunu nəzərə alaraq DƏMX bütün işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına, əməyin mühafizəsi sahəsində mövcud nöqsanların aradan qaldırılmasına nail olmaq, işçilərin həyat və sağlamlığının mühafizəsinə işəgötürənlərin diqqətini artırmaq məqsədilə ötən həftə “Təhlükəsiz iş” həftəsi elan etdi. Həftə çərçivəsində DƏMX-in əməkdaşları aidiyyatı dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iş yerlərində, xüsusən tikinti və istehsalat sahələrində əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunması vəziyyətini yerindəcə araşdırdılar.

Nazirlik rəsmisinin sözlərinə görə, araşdırmalar zamanı işçilərin həyat və sağlamlığı üçün təhlükə törədən əmək şəraitinin mövcud olduğu iş yerlərində, o cümlədən ayrı-ayrı tikinti obyektlərində işlər təhlükəsiz əmək şəraiti yaradılanadək dayandırılıb. Eyni zamanda, müvafiq mövzuda işəgötürənlər və əmək kollektivləri arasında təbliğat-məlumatlandırma işləri də aparılıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm